Bu gün İqtisadi Şuranın iclası keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin təşkili istiqamətində görülmüş işlər, mövcud infrastruktur məsələləri, strateji baxış və inkişaf perspektivləri müzakirə olunub. Həmçinin xidmət sektorunun iqtisadi artımda rolu, bu sahənin inkişaf potensialı və müəyyən edilmiş prioritet istiqamətlər üzrə təkliflər də diqqət mərkəzində olub.
Gündəlikdəki məsələlər üzrə Prezidentin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, iqtisadiyyat naziri Mikayıl Cabbarov tərəfindən təqdimatlar edilib. Təqdimatlarla bağlı İqtisadi Şuranın üzvləri və Ələt Azad İqtisadi Zonasının İdarə Heyətinin sədri Valeh Ələsgərov çıxış ediblər.
İclasın yekununda İqtisadi Şura üzvlərinin rəy və təklifləri nəzərə alınaraq müvafiq qərarlar qəbul edilib, aidiyyəti qurumlara tapşırıqlar verilib.