Modern.az

Həmin investorlara 7 günlük düşünmə müddəti veriləcək

Həmin investorlara 7 günlük düşünmə müddəti veriləcək

İqtisadiyyat

Bu gün, 14:02

Kraudfandinq investorlarına 7 günlük düşünmə müddəti veriləcək.

Modern.az xəbər verir ki, məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Kraudfandinq haqqında" qanun layihəsində əksini tapıb.

Belə ki, layihəyə əsasən, fərdi investor investisiya təklifini verdikdən sonra 7 təqvim günü ərzində heç bir səbəb göstərmədən və hər hansı cərimə ödəmədən həmin qərarını geri götürə biləcək. Bu müddət ərzində investordan səhm və ya istiqrazların alınması üçün pul vəsaiti qəbul edilməyəcək.

Qanun layihəsinə əsasən, kraudfandinq kampaniyası əsas məlumat vərəqəsinin platformada dərc edildiyi gündən başlayacaq və maksimum 90 gün davam edəcək. Hədəflənən maliyyə məbləği vaxtından əvvəl toplandıqda isə fərdi investorlar üçün nəzərdə tutulan düşünmə müddəti başa çatdıqdan sonra kampaniya vaxtından əvvəl yekunlaşdırılacaq.

Layihədə investorların vəsaitlərinin qorunmasına yönələn bir sıra yeni mexanizmlər də nəzərdə tutulur. Belə ki, hədəflənən məbləğ toplanmadıqda, layihə sahibi layihəni geri çağırdıqda və ya təxirə saldıqda, kampaniya ləğv edildikdə, operatorun fəaliyyəti dayandırıldıqda, habelə qanunla müəyyən edilmiş digər hallarda investorlardan toplanmış vəsaitlər 5 iş günü ərzində tam həcmdə geri qaytarılacaq.

Bundan başqa, operatorlar investorlardan toplanan vəsaitləri öz aktivlərindən ayrı saxlamalı, həmin vəsaitlərdən öz maraqları və ya üçüncü şəxslərin maraqları üçün istifadə etməməli, onlara həbs qoyulmasına və ya hər hansı öhdəlik üzrə tələb yönəldilməsinə yol verməməlidirlər. Qiymətli kağızların yerləşdirilməsi başa çatdıqdan sonra və qanunvericilikdə nəzərdə tutulan prosedurlar tamamlandıqdan sonra vəsaitlər layihə sahibinin hesabına köçürüləcək.

Layihəyə əsasən, operatorlar investorlara bütün risklər barədə əvvəlcədən aydın məlumat verməyə borclu olacaqlar. Platformalarda kraudfandinq layihələrinin heç bir dövlət orqanı tərəfindən təsdiqlənmədiyi, investisiyaların dövlət zəmanəti və ya sığorta ilə qorunmadığı, həmçinin investisiya qoyulan vəsaitin tam və ya qismən itirilməsi riskinin mövcud olduğu barədə xəbərdarlığın yerləşdirilməsi məcburi olacaq. Bundan əlavə, platformalarda layihələrin maliyyələşmə məqsədi, tələb olunan məbləğ, layihə sahibinin maliyyə göstəriciləri, investorun ödəyəcəyi xərclər və digər mühüm məlumatlar açıqlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ