Deputat Vüqar Bayramov Azərbaycan ilə Almaniya arasında strateji tərəfdaşlığın iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar formalaşdırdığını bildirib.
Modern.az xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
V.Bayramov qeyd edib ki, 2025-ci ildə Azərbaycan ilə Almaniya arasında ticarət dövriyyəsi 1 milyard 376 milyon dollar təşkil edib. Bu göstərici əvvəlki illə müqayisədə müəyyən azalma olsa da, son beş ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 68 faiz artıb.
Deputat vurğulayıb ki, Almaniyanın üzvü olduğu Avropa İttifaqı uzun illərdir Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Onun sözlərinə görə, 2025-ci ildə Azərbaycanın 43 milyard 830 milyon dollarlıq xarici ticarət dövriyyəsinin 42 faizindən çoxu Avropa İttifaqının payına düşüb. Azərbaycanın 22 milyard 642 milyon dollarlıq ixracının isə 69 faizi ittifaq ölkələrinə yönəlib.

Paylaşımda bildirilib ki, xarici ticarət dövriyyəsinin dörddə biri Avropa İttifaqının üzvü olan İtaliyanın payına düşür. Həmçinin Azərbaycanın illik 25,2 milyard kubmetr təbii qaz ixracının 12,8 milyard kubmetri Avropaya nəql edilir.
V.Bayramov diqqətə çatdırıb ki, Azərbaycanın təbii qaz ixrac etdiyi 10 Avropa İttifaqı ölkəsi ilə əməkdaşlıq ölkənin Avropanın enerji bazarında mühüm tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. O qeyd edib ki, son beş ildə Azərbaycandan Avropaya 60 milyard kubmetrə yaxın təbii qaz ixrac olunub və ölkəmiz Avropa İttifaqına qaz ixrac edən ilk beş ölkə sırasında yer alır.
Deputatın fikrincə, Azərbaycan ilə Almaniya arasında enerji sahəsində əməkdaşlığın genişlənməsi ticarət dövriyyəsinin artırılması və qarşılıqlı investisiyaların təşviqi üçün yeni imkanlar yaradır. O əlavə edib ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki ölkə arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoya bilər.