Çinin texnologiya nəhəngi “Alibaba” videooyunların hazırlanması ilə məşğul olan “Lingxi Games” bölməsinin Honq-Konqda yerləşən “Trustar Capital” investisiya fonduna satılması barədə razılığa gəlib.
Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” və “The Wall Street Journal” (WSJ) fondun daxili sənədlərinə və mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sövdələşmə başa çatdıqdan sonra “Alibaba” ən azı 1,5 milyard dollar əldə edəcək.
WSJ yazır ki, satış şirkətin diqqətini süni intellekt və bulud texnologiyalarına yönəltməsinin göstəricisidir. “Alibaba” son illərdə əsas fəaliyyət istiqamətlərinə aid olmayan aktivlərini ya gəlirli vəziyyətə gətirməyə, ya da satmağa çalışır.
Şirkət 2024-cü ilin sonunda pərakəndə ticarət aktivləri olan “Sun Art” və “Intime”ni 2,4 milyard dollara satıb.
“Lingxi Games” tərəfindən hazırlanmış oyunlar arasında məşhur strategiya oyunu “Three Kingdoms: Strategy Edition” da yer alır.
Analitiklərin hesablamalarına görə, bölmənin ötən ilki gəliri 450-600 milyon dollar arasında olub.
Mənbələrin bildirdiyinə görə, “Alibaba” artıq bir müddətdir “Lingxi Games” üçün alıcı axtarırdı.