Modern.az

500 qoyunu olana subsidiya veriləcək - Kəndli yenə kənarda qalacaq

500 qoyunu olana subsidiya veriləcək - Kəndli yenə kənarda qalacaq

İqtisadiyyat

Bu gün, 10:00

Aqrar Subsidiya Şurasının yeni qərarına əsasən, örüş və otlaqlarda yem bazasının yaxşılaşdırılması məqsədilə xırdabuynuzlu heyvandarlığa subsidiya veriləcək.
Belə ki, istifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək.
Bildirilib ki, subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Modern.az xəbər verir ki, yeni qərar iqtisadçı ekspertlər tərəfindən birmənalı qarşılanmayıb və tənqid olunub.

İqtisadçı Natiq Cəfərli deyib ki, Kənd Təsərrüfatı Nazirliyi nəhayət ki, iri və xırdabuynuzlu mal-qaranın sayının azalmasını, bununla da ölkədə ətin kəskin bahalaşmasını görüb. Amma Aqrar Subsidiya Şurasının qərarı suallar doğurub:

“Subsidiya şərtləri elədir ki, yenə kəndli, kiçik-orta sahibkar, fermerlər kənarda qalacaq. Məsələn, istifadəsində azı 100 hektar örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat subsidiya veriləcək. Subsidiyanın verilməsində əsas şərt təsərrüfatlara istifadə üçün verilmiş örüş və otlaqlarda münbitliyin və biomüxtəlifliyin artırılmasıdır.

Yaxşı, ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var?! Bu subsidiyaları kim alacaq? Və ya, 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu hansı dərdə dərman olacaq?! Hələ bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik, biomüxtəliflik artmalıdır – bunun kriteriyaları nədir?! Bu yaxınlarda suvarma üçün suyun qiyməti qalxdı, münbitliyin artırılması üçün Allaha dua edib yağış istəməklə yanaşı, suvarmaq da lazımdır, ildə bir neçə dəfə suvarsalar, elə 2000 manatı su pulu kimi verməli olmayacaqlarmı?! Biomüxtəlifliyi təmin etmək üçün xərc lazımdır, 2000 manat bu xərci qarşılayacaqmı?!

Bu sullara cavab verməl lazımdır, əlaqədar qurumlar, müəyyən addımlar atmaq istəyir, bu yaxşıdır, amma, belə təklifləri necə hazırlayırlar, subsidiyaların effektivliyini necə hesablayırlar?!”

İqtisadçı jurnalist Razi Abasbəyli də Aqrar Subsidiya Şurasının qərarından narazılıq edib:

“Şərtlərə baxanda ciddi sual yaranır.

100 hektar örüşü, 500 baş qoyunu olan təsərrüfat artıq iri təsərrüfat hesab olunur. Belə bir təsərrüfatın təkcə bir aylıq yem, çoban, yanacaq və baytarlıq xərcləri minlərlə manat təşkil edir. Belə təsərrüfat üçün 2.000 manat nəyi dəyişəcək? Hansı problemi həll edəcək?

Ölkədə isə vəziyyət tam fərqlidir. Xırda heyvandarlıq təsərrüfatları ildən-ilə azalır, kəndli sürüsünü satır, yem bahalaşır, nəticədə ətin qiyməti artır. Əsl dəstəyə ehtiyacı olanlar 20, 30, 50 baş heyvan saxlayan kəndlilərdir. Onlar nə 100 hektar torpağa, nə də 500 baş sürüyə malikdirlər.

Dövlət dəstəyinin məqsədi statistik rəqəmləri deyil, kəndlini qorumaq olmalıdır. Əgər sabah bazarda ətin qiymətinin daha da bahalaşmasını istəmiriksə, subsidiya şərtləri iri təsərrüfat sahiblərinə deyil, kiçik və orta fermerlərə uyğunlaşdırılmalıdır.

Əks halda kəndli heyvandarlıqdan uzaqlaşacaq, ölkənin ətə olan tələbatı isə getdikcə daha çox idxaldan asılı vəziyyətə düşəcək”.

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Zəngəzuru vuracağıq! - İrandan SƏRT ULTİMATUM