Modern.az

“Yelo Bank”ın mənfəəti KƏSKİN AZALDI 

“Yelo Bank”ın mənfəəti KƏSKİN AZALDI 

İqtisadiyyat

Bu gün, 17:28

“Yelo Bank” ASC 2026-cı ilin ilk 9 ayını 17,26 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,57 milyon manat və ya 30,5% azdır.

Modern.az Plat.az xəbər verir ki, bu barədə bankın 2026-cı ilin üçüncü rübü üzrə maliyyə hesabatında bildirilir.

Hesabata əsasən, bankın faiz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 17,4% artaraq 153,52 milyon manata çatıb. Bunun 143,78 milyon manatı müştərilərə verilən kreditlərdən əldə olunub.

Bununla yanaşı, bankın faiz xərcləri 28,7% artaraq 61,3 milyon manata yüksəlib. Bankın depozitlər üzrə faiz xərcləri isə 13,37 milyon manat artaraq 57,47 milyon manat təşkil edib.

Nəticədə bankın xalis faiz gəlirləri 8,8% artaraq 87,73 milyon manata çatıb.

Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 41,7% azalaraq 6,98 milyon manata düşüb. Bank ötən ilin eyni dövründə xarici valyuta əməliyyatlarından 2,88 milyon manat gəlir əldə etdiyi halda, bu ilin 9 ayında həmin əməliyyatlardan 765,2 min manat zərər edib.

Bankın qeyri-faiz xərcləri isə 2,9% artaraq 66,62 milyon manat olub.

Mənfəətin azalmasına təsir edən əsas amillərdən biri də mümkün kredit zərərləri üçün ayrılan ehtiyatların artmasıdır. Belə ki, bank bu ilin 9 ayında mümkün zərərlər üçün 6,53 milyon manat ehtiyat xərci qeydə alıb.

Sentyabrın sonuna bankın kreditlər üzrə ehtiyatlarının ümumi həcmi ötən ilin sonu ilə müqayisədə 7,35 milyon manat və ya 28,6% artaraq 33,04 milyon manata çatıb.

Eyni dövrdə bankın kredit portfeli isə 5,6% artaraq 1,15 milyard manat təşkil edib. Beləliklə, kreditlər üzrə ehtiyatlar kredit portfelindən daha sürətlə artıb. Bu, bankın mümkün kredit itkilərinə qarşı daha çox ehtiyat ayırdığını göstərir.  

Nəticədə “Yelo Bank”ın vergidən əvvəlki mənfəəti 24,2% azalaraq 21,56 milyon manat, xalis mənfəəti isə 30,5% azalaraq 17,26 milyon manat olub. Qeyd edək ki, Yelo Bank 1994-cü ildə yaradılıb. Bankın nizamnamə kapitalı 378 milyon manat təşkil edir. Bankın əsas səhmdarı Marina Kulişovadır. Onun bankdakı payı 98,94%, İdarə Heyətinin sədri Anar Həsənovun payı 0,96%, “İSR Holdinq” MMC-nin payı isə 0,1% təşkil edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İş yerləri çox olmalıdır ki, insanlar normal maaş ala bilsinlər