Modern.az

Diplom var, iş yoxdur – Ölkədə 99 min gənc işsiz qalıb

Diplom var, iş yoxdur – Ölkədə 99 min gənc işsiz qalıb

İqtisadiyyat

Bu gün, 09:15

2025-ci ildə Azərbaycanda qeydə alınan 99 min işsiz gəncin 62,6 min nəfəri tam orta təhsillidir. Bu göstərici gənclərin məşğulluğu, təhsil sistemi ilə əmək bazarı arasındakı uyğunluq və insan kapitalından səmərəli istifadə məsələlərini yenidən gündəmə gətirir.

Modern.az xəbər verir ki, mövzu ilə bağlı Milli Məclisin deputatı Vüqar İskəndərov danışıb. O bildirib ki, gənclər arasında işsizlik məsələsinə yalnız iqtisadi göstərici kimi yanaşmaq düzgün deyil.

Deputatın sözlərinə görə, bu problem sosial rifah, insan kapitalı və ölkənin gələcək inkişafı ilə birbaşa bağlıdır.

“Azərbaycan dövləti gənclərin təhsilinə, peşə hazırlığına, məşğulluğuna və sahibkarlıq imkanlarının genişləndirilməsinə böyük diqqət ayırır. Lakin həyata keçirilən siyasətin nəticələri əmək bazarında, xüsusilə gənclərin real iş imkanlarında daha aydın hiss olunmalıdır. Çünki gənclərin məşğulluğu təkcə sosial siyasət deyil, həm də dövlətin strateji inkişaf məsələsidir”, – deyə deputat vurğulayıb.

Vüqar İskəndərov 99 min gəncin işsiz olması ilə bağlı rəqəmin diqqətdən kənarda qalmamalı olduğunu qeyd edib. O, əsas problemlərdən birinin təhsil sistemi ilə əmək bazarının tələbləri arasında müəyyən uyğunsuzluqların qalması olduğunu bildirib.

“Bəzən gənc diplom alır, amma onun ixtisasına uyğun iş yerləri məhdud olur. Digər tərəfdən, iqtisadiyyatın bəzi sahələrində ixtisaslı kadrlara ehtiyac olduğu halda, həmin istiqamətlərə maraq yetərli səviyyədə deyil. Deməli, məsələ təkcə yeni iş yerlərinin açılmasında yox, həm də düzgün kadr hazırlığındadır”, – deyə o bildirib.

Deputat regionlarda məşğulluq imkanlarının genişləndirilməsinin də vacibliyini vurğulayıb. Onun fikrincə, gənclərin iş axtarmaq üçün əsasən Bakıya üz tutması düzgün inkişaf modeli deyil. Regionlarda istehsal, aqrar emal, turizm, xidmət və texnologiya sahələrinin inkişafı yeni iş yerlərinin yaradılmasına töhfə verməlidir.

Vüqar İskəndərov özəl sektorun da bu prosesdə məsuliyyət daşıdığını bildirib. Onun sözlərinə görə, işəgötürənlərin gənclərdən ilk gündən yüksək təcrübə tələb etməsi onların əmək bazarına daxil olmasını çətinləşdirir.

“Gəncdən təcrübə tələb etməzdən əvvəl ona təcrübə qazanmaq imkanı yaratmalıyıq. Bunun üçün ödənişli təcrübə proqramları, ilk iş yerinə qəbul zamanı stimullaşdırıcı mexanizmlər və dövlət-özəl sektor əməkdaşlığı genişləndirilməlidir”, – deyə deputat qeyd edib.

O, gənclərin öz üzərində işləməsinin, müasir bilik və bacarıqlara yiyələnməsinin də vacib olduğunu diqqətə çatdırıb. Deputat hesab edir ki, məşğulluğun artırılması dövlətin yaratdığı imkanlarla yanaşı, təhsil sisteminin hazırlığından, işəgötürənlərin yanaşmasından və gənclərin təşəbbüskarlığından da asılıdır.

Vüqar İskəndərov Qarabağ və Şərqi Zəngəzurun bərpası, yeni sənaye müəssisələrinin yaradılması, rəqəmsal iqtisadiyyat, logistika və yaşıl enerji layihələrinin gənclər üçün yeni perspektivlər açdığını bildirib. Onun fikrincə, bu imkanlardan səmərəli istifadə etmək üçün məşğulluq siyasəti daha çevik və nəticəyönümlü qurulmalıdır.

“Bizim məqsədimiz sadəcə işsizlik statistikasını azaltmaq olmamalıdır. Məqsədimiz bilikli, bacarıqlı, öz gələcəyinə inanan və ölkəsinin inkişafında iştirak edən gənclər yetişdirməkdir. Çünki gəncin potensialından istifadə edə bilməyən iqtisadiyyat öz gələcək imkanlarının da bir hissəsini itirə bilər”, – deyə deputat fikrini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili! ABŞ hücuma keçdi - İrana ağır zərbələr