Modern.az

“Yapı Kredi Bank Azərbaycan” məhkəməyə verilidi - 15,6 milyonluq mübahisə

“Yapı Kredi Bank Azərbaycan” məhkəməyə verilidi - 15,6 milyonluq mübahisə

İqtisadiyyat

Bu gün, 15:22

“Yapı Kredi Bank Azərbaycan” QSC məhkəməyə verilib.

Modern.az Plat.az-a istinadən xəbər verir ki, bu barədə Ləman Elşən qızı Süleymanova Nəsimi Rayon Məhkəməsinə üz tutub.

İş materiallarına görə, Nəsimi Rayon Məhkəməsi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, o cümlədən ödənilmiş dövlət rüsumunu iddiaçıya qaytarıb, ona aidiyyəti kommersiya məhkəməsinə müraciət etmək hüququnu izah edib.

Birinci instansiya məhkəməsi qərarını əsaslandırarkən Ləman Süleymanovanın vergi uçotunda fərdi sahibkar kimi qeydiyyatda olmasını, cavabdeh bankın isə kommersiya hüquqi şəxsi statusuna malik olmasını nəzərə alıb. Məhkəmənin qənaətinə görə, tərəflərin hər ikisi sahibkarlıq fəaliyyəti subyektidir və mübahisə onların sahibkarlıq fəaliyyəti çərçivəsində yaranmış kredit münasibətlərindən irəli gəlir. 

Məhkəmə həmçinin kreditlərin məbləğinə və onların təminatı kimi ipoteka ilə yüklü edilmiş əmlaklara diqqət çəkib. İş materiallarında “Yapı Kredi Bank Azərbaycan” QSC tərəfindən iddiaçıya 3 milyon 700 min manat və 11 milyon 300 min manat məbləğində iki kreditin verildiyi göstərilib. Həmin öhdəliklərin təminatı olaraq Bakı şəhəri, Qaradağ rayonu, Şubanı qəsəbəsində yerləşən 2,944 hektar torpaq sahəsi və ümumi sahəsi 15 654,6 kvadratmetr olan əmlak kompleksi ipoteka ilə yüklü edilib. 

Birinci instansiya məhkəməsi kreditlərin məbləğini, təminat qismində göstərilən daşınmaz əmlakların xüsusiyyətlərini və iddiaçının fərdi sahibkar statusunu nəzərə alaraq mübahisənin kommersiya məhkəməsində araşdırılmalı olduğu qənaətinə gəlib.

Ləman Süleymanova qərardadla razılaşmayaraq onun ləğv edilməsini, iddia ərizəsinin icraata qəbul olunmasını və işə mülki icraat qaydasında baxılmasını xahiş edib. Əks halda, şikayətin işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini istəyib.

Şikayətində göstərib ki, bank ona iki kredit üzrə borcların vaxtından əvvəl tam ödənilməsi barədə bildirişlər göndərib. Bildirişlərdə kredit öhdəliklərinin lazımi qaydada yerinə yetirilməməsi, eləcə də ipoteka predmetinin bankın yazılı razılığı olmadan icarəyə verilməsi əsas gətirilib. Bank borcların yeddi təqvim günü ərzində tam ödənilməsini tələb edib, əks halda ipoteka predmetinə tutmanın yönəldiləcəyi və əmlakın açıq hərracda satılması üçün tədbirlər görüləcəyi barədə xəbərdarlıq edib.

İddiaçının şikayətində qeyd olunan hesablamalara əsasən, 11,3 milyon manatlıq kredit üzrə 2026-cı il tarixinə ümumi borc 11 milyon 784 min 432,90 manat, 3,7 milyon manatlıq kredit üzrə isə 3 milyon 817 min 314,17 manat təşkil edib. Beləliklə, bankın bildirişlərində göstərilən iki kredit üzrə ümumi borc 15 milyon 601 min 747,07 manata çatıb.

Ləman Süleymanova hesab edir ki, bildirişlərdə tələb olunan məbləğlər, hesablanmış faiz və cərimələr, eləcə də ipoteka predmetinə tutmanın yönəldilməsi məsələləri mübahisəlidir. Onun fikrincə, bu hallar borcun mübahisəsiz hesab edilə bilməyəcəyinə hüquqi qiymət verilməsini zəruri edir. Buna görə də o, “İpoteka haqqında” Qanunun 37.1-ci maddəsinə əsasən bildirişləri məhkəmə qaydasında mübahisələndirmək hüququndan istifadə etdiyini bildirib.

İddiaçı həmçinin mübahisəli daşınmaz əmlak kompleksi ilə bağlı həyat yoldaşına qarşı ayrıca iddia qaldırdığını qeyd edib. Həmin iddiada birgə nikah dövründə əldə edilmiş əmlakda payının yarı hissədə müəyyənləşdirilməsi, əmlakın naturada bölünməsi, bu mümkün olmadıqda isə bazar dəyəri müəyyənləşdirilməklə açıq hərracda satılması və bank borcları çıxıldıqdan sonra qalan vəsaitin tərəflər arasında mütənasib bölüşdürülməsi tələb olunur. Həmin mülki işin Nəsimi Rayon Məhkəməsinin icraatında olduğu bildirilib.

İddiaçının mövqeyinə görə, bankın bildirişləri onun daşınmaz əmlak üzərindəki iddia etdiyi 1/2 pay hüququna birbaşa təsir göstərir. İpoteka predmetinin real bazar dəyərindən aşağı qiymətə satılması isə, ona ciddi maddi zərər vura bilər.

Nəsimi Rayon Məhkəməsi sonrakı qərardadla şikayəti əsassız hesab edərək təmin etməyib və işlə birlikdə Ali Məhkəməyə göndərib.

Ali Məhkəmənin qərarına əsasən, iddiaçının şikayəti təmin edilib. Nəsimi Rayon Məhkəməsinin 2026-cı il tarixli qərardadı ləğv olunub, məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün iş iddia ərizəsinin verildiyi birinci instansiya məhkəməsinə göndərilib.

Beləliklə, mübahisənin hansı məhkəmədə araşdırılmalı olduğu məsələsinə yenidən baxılacaq. Qeyd edək ki, bu qərar kredit borclarının məbləği, bankın bildirişlərinin qanuniliyi və ya ipoteka predmetinə tutmanın yönəldilməsi barədə mübahisənin mahiyyəti üzrə yekun qərar deyil.

Xatırladaq ki, "Yapı Kredi Bank Azərbaycan" 1998-ci ildə (əvvəlki "Koçbank (Azərbaycan)", 2007-ci ildə rebrendinq edilib) yaradılıb. Onun nizamnamə kapitalı 55,381 milyon manatdır. Bankın səhmlərinin 99,8 %-i Türkiyənin "Yapı Kredi Bankı"na, 0,01 %-i "Yapı Kredi Yatırım Menkul Değerler" şirkətinə, 0,01 %-i isə "Yapı Kredi Finansal Kiralama" şirkətinə məxsusdur. Bankın Baş icraçı direktoru Mete Şamil Öztürkdür. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində