Modern.az

Qarabağda yerli gəlirlər xərcləri qarşılayacaq - Dotasiyasız büdcə modeli

Qarabağda yerli gəlirlər xərcləri qarşılayacaq - Dotasiyasız büdcə modeli

İqtisadiyyat

Bu gün, 11:15

Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri davam etdiyi bir vaxtda yerli büdcələrin gəlirləri hesabına xərclərin qarşılanması məsələsi də diqqət çəkir. 2027-ci ilin dövlət büdcəsi layihəsində 67 şəhər və rayonun yerli xərclərinin öz gəlirləri hesabına maliyyələşdirilməsi nəzərdə tutulur. Bu yanaşma Qarabağ və Şərqi Zəngəzurun ölkə iqtisadiyyatına inteqrasiyası və Böyük Qayıdışın iqtisadi əsaslarının gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Mövzu ilə bağlı deputat Rövşən Muradov Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərinin uzunmüddətli iqtisadi nəticəsi yaradılan infrastrukturun istehsala, məşğulluğa və əhalinin sabit gəlirlərinə təsiri ilə müəyyənləşəcək.

Onun sözlərinə görə, yerli büdcələrin gəlirləri hesabına xərclərin qarşılanması mexanizmi yerli xidmətlərin maliyyələşdirilməsi ilə Böyük Qayıdış çərçivəsində həyata keçirilən dövlət investisiyaları arasındakı əlaqə nəzərə alınmaqla qiymətləndirilməlidir. Büdcə mexanizminə əsasən, şəhər və rayonlar üzrə toplanması proqnozlaşdırılan dövlət vergiləri və digər qanuni daxilolmaların müəyyən hissəsi yerli xərclərə yönəldilir, artıq qalan hissə isə mərkəzləşdirilmiş gəlirlərə aid edilir.

“2027-ci ilin büdcə layihəsində Laçın üzrə 9 milyon 250 min manat gəlirə qarşı 5 milyon 348 min manat yerli xərc nəzərdə tutulur. Xocavənddə isə gəlirlər və yerli xərclər eyni həcmdə – 2 milyon 529 min manat proqnozlaşdırılır.

Hesablama Palatasının 2026-cı ilin dövlət büdcəsi layihəsinə dair rəyində 66 şəhər və rayonun yerli xərclərini dövlət büdcəsindən dotasiya almadan qarşılamasının planlaşdırıldığı göstərilirdi. Bu müqayisə yerli xərclərin gəlirlərlə təminatında baş verən dəyişiklikləri izləməyə imkan verir. Bununla yanaşı, iqtisadi dayanıqlığı qiymətləndirmək üçün daxilolmaların mənbələrini və davamlılığını da nəzərə almaq lazımdır”, – deyə deputat vurğulayıb.

Rövşən Muradov qeyd edib ki, Böyük Qayıdışın maliyyə təminatı yerli büdcələrin imkanları ilə məhdudlaşmır. Azad edilmiş ərazilərin bərpası və yenidən qurulması daha geniş dövlət resursları hesabına həyata keçirilir.

“2020–2026-cı illərdə azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə isə bu məqsədlə 3,4 milyard manatın yönəldilməsi nəzərdə tutulur. Bu maliyyə bölgüsü yerli xərclərin öz gəlirləri hesabına qarşılanmasının bərpa və məskunlaşma tədbirlərinin mərkəzləşdirilmiş maliyyələşdirilməsi ilə paralel həyata keçirildiyini göstərir. Ayrı-ayrı rayonların yerli xərc göstəriciləri həmin ərazilərdə görülən bütün bərpa işlərinin maliyyə miqyasını əhatə etmir”, – deyə o bildirib.

Deputatın fikrincə, əsas vəzifə dövlət investisiyaları nəticəsində yaranan ilkin iqtisadi fəallığı davamlı təsərrüfat əlaqələrinə çevirməkdir. O, Laçında ailə təsərrüfatları, turizm və xidmət sahələri arasında əməkdaşlığın genişləndirilməsini bu baxımdan vacib hesab edir.

“Yerli məhsulların emal edilərək turizm və iaşə müəssisələrinə çatdırılması fermerlərin, emalçıların və xidmət sahəsində çalışan sahibkarların gəlir imkanlarını artıra bilər. Belə təsərrüfat əlaqələri dövlət investisiyaları hesabına yaradılan infrastrukturun iqtisadi səmərəsini yüksəldər və doğma yurdlarına qayıdan sakinlər üçün yeni məşğulluq imkanları yaradar.

Maliyyə planlaşdırılması da məskunlaşmanın faktiki sürətinə uyğun aparılmalıdır. Yeni yaşayış məntəqələrinin istifadəyə verilməsi xidmətlərə tələbatı və onların saxlanılması xərclərini artırır. Buna görə də büdcə proqnozları yaranan ehtiyaclarla uzlaşdırılmalıdır. Layihədə yerli gəlirlərin xərcləri qarşılamadığı hallarda həmin xərclərin 10 faizini aşmayan həcmdə dövlət büdcəsindən vəsait ayrılması mexanizmi də nəzərdə tutulur.

Böyük Qayıdışın iqtisadi baxımdan əsas nəticəsi insanların doğma yurdlarında sabit gəlir əldə etməsi, keyfiyyətli xidmətlərdən yararlanması və uzunmüddətli yaşayışlarını təmin edən təsərrüfat imkanlarına sahib olmasıdır”, – deyə Rövşən Muradov əlavə edib.

Milli Məclisin deputatı Vüqar Bayramov isə açıqlamasında bildirib ki, son illər rayonlara dövlət büdcəsindən ayrılan subsidiyalar mərhələli şəkildə azaldılır.

“2026-cı ildə Xocavənd rayonuna dövlət büdcəsindən subsidiya ayrılırdı. Növbəti ilin büdcə layihəsinə əsasən isə rayonun yerli gəlirləri xərclərinə bərabər olacaq. Buna görə də dövlət büdcəsindən subsidiya ayrılmasına ehtiyac qalmayacaq”, – deyə deputat qeyd edib.

Vüqar Bayramovun sözlərinə görə, yerli gəlirlərin artması regionların inkişafı və dövlət büdcəsindən asılılığın azalması baxımından əhəmiyyətlidir.

“Regionların inkişafı yerli gəlir mənbələrinin yaranmasına gətirib çıxarır. Bu isə dövlət büdcəsindən həmin istiqamətə ayrılan vəsaitə qənaət etməyə və onu digər sahələrə yönəltməyə imkan verir. Məqsəd rayonların gəlirlərində yerli mənbələrin payını artırmaq, dövlət büdcəsindən asılılığı minimuma endirməkdir. Rayonların maliyyələşdirilməsinə ayrılan vəsait azaldıqca sosial sahəyə, hərbi təhlükəsizliyin gücləndirilməsinə və Qarabağın bərpasına daha çox vəsait yönəltmək mümkün olur”, – deyə Vüqar Bayramov bildirib.

Deputat əlavə edib ki, yerli gəlirlərin artması fonunda 2027-ci ildə Xocavəndə subsidiya ayrılmasına ehtiyac qalmaması gözlənilən idi.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyayla Ukrayna RAZILAŞDI - Atəşkəs elan edildi - Xəbəriniz Var?