Azərbaycanda kitabxanaların 80 faizi internetə çıxışı yoxdur.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət nazirinin müavini Fərid Cəfərov təqdim etdiyi slaydda bildirib.
Təqdim olunan məlumatlara görə, ölkə üzrə kitabxana fondu 18 milyon 894 min 915 nüsxə, qeydiyyatdan keçmiş oxucuların sayı isə 954 min 260 nəfərdir.
Slaydda qeyd olunub ki, bəzi kitabxanalar tərəfindən faktiki fond və real oxucu sayının təqdim edilmədiyi hallar aşkarlanıb.
Rəqəmsallaşma göstəricilərinə gəlincə, kitabxanaların təxminən 20 faizində internet təminatı mövcuddur. Eyni zamanda, kitabxanaların 96 faizində avtomatlaşdırılmış kitabxana idarəetmə sistemi tətbiq olunmayıb.
Təqdimatda ən aktiv kitabxana filialları da göstərilib:
Bunlar Nizami rayon MKS-nin 2 nömrəli kitabxana filialı (4270 oxucu, 50 534 nüsxə fond), Sumqayıt şəhər MKS-nin M.Ə. Sabir adına kitabxana filialı (2230 oxucu, 65 304 nüsxə fond), Quba rayonunun Qonaqkənd qəsəbə kitabxana filialı (431 oxucu, 4425 nüsxə fond), Neftçalanın Xıllı qəsəbə kitabxana filialı (1173 oxucu, 18 298 nüsxə fond), Qazaxın Yuxarı Salahlı kənd kitabxana filialı (934 oxucu, 6849 nüsxə fond) və Tovuzun Çərdax kənd kitabxana filialıdır (133 oxucu, 3880 nüsxə fond).