Çap olunan bütün kitabların kitabxanalara verilməsi elektron izlənməlidir.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə deputat Elnarə Akimova bildirib.
Deputat qeyd edib ki, kitabxana fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi hazırda qarşıda duran əsas məsələlərdən biridir.
“Qanunvericiliyə əsasən nəşriyyatlar çap etdikləri kitabların müəyyən sayda nüsxəsini dövlət tərəfindən müəyyənləşdirilən kitabxanalara təqdim etməlidirlər. Lakin uzun illər bu norma sistemli şəkildə icra olunmayıb və nəticədə yeni nəşrlərin əhəmiyyətli hissəsi kitabxana fondlarına daxil olmayıb".

Deputatın fikrincə, kitabxanaların yeni kitablarla təmin olunması ilə yanaşı, oxucuların kitaba marağının artırılması da vacibdir. O vurğulayıb ki, məktəblilərin kitabxanalarla əlaqəsinin gücləndirilməsi və erkən oxu mədəniyyətinin formalaşdırılması istiqamətində daha çox iş görülməlidir.
Elnarə Akimova həmçinin təklif edib ki, ölkədə çap olunan bütün kitabların kitabxanalara təqdim olunması prosesi elektron sistem üzərindən izlənilsin.
Onun sözlərinə görə, bu, həm nəzarəti gücləndirər, həm də məsuliyyəti artırar.
Deputat elmi ədəbiyyat sahəsində çatışmazlıqlara da diqqət çəkib. O bildirib ki, xüsusilə elmi və nəzəri tərcümə kitablarına böyük ehtiyac var və bu istiqamətdə nəşriyyatların təşviq olunması vacibdir.