Attestasiyadan keçməyənlərlə bağlı qanunvericiliyə uyğun tədbirlər görüləcək.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirdiyi ictimai dinləmədə mədəniyyət naziri Adil Kərimli bildirib.
Nazir qeyd edib ki, kitabxana sistemində aparılan islahatların əsas məqsədi keyfiyyətli, peşəkar və dayanıqlı xidmətlərin formalaşdırılmasıdır. Onun sözlərinə görə, bu istiqamətdə həm əməkdaşların sosial təminatı, həm də peşə hazırlığının və bacarıqlarının artırılması üzrə işlər görülür.
Adil Kərimli bildirib ki, kadrların qiymətləndirilməsi məqsədilə attestasiya prosesi həyata keçiriləcək. Bu il informasiya texnologiyaları istiqamətində kitabxanalarda çalışan 1000-ə yaxın əməkdaş attestasiyadan keçiriləcək.
Nazirin sözlərinə görə, növbəti mərhələdə kitabxanaçı, fond mühafizəçisi və digər müvafiq vəzifələrdə çalışan əməkdaşların da attestasiyası təşkil olunacaq.
“Attestasiyanın nəticələrinə əsasən vəzifəsinə uyğun və peşəkar hesab olunan şəxslər fəaliyyətini davam etdirəcək və yeni sistemlərə cəlb olunacaqlar”, - deyə nazir vurğulayıb.
Adil Kərimli əlavə edib ki, vəzifəsinə uyğun olmayan və bu sahə üzrə zəruri bilik və ixtisasa malik olmayan şəxslərlə bağlı qanunvericilikdə nəzərdə tutulan sosial təminat mexanizmləri tətbiq ediləcək. Onun sözlərinə görə, həmin şəxslərin digər işlərə yönləndirilməsi və məşğulluq məsələləri aidiyyəti dövlət qurumları ilə birgə həll olunacaq.
Nazir vurğulayıb ki, proses zamanı sosial məsələlərə həssas yanaşılacaq və bütün qərarlar qanunvericiliyin tələblərinə uyğun veriləcək.