Bakıda təşkil olunan Türkiyə–Azərbaycan Dostluq Konserti iki qardaş ölkənin sənətçilərini eyni səhnədə bir araya gətirib.
Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzinin keçirilən konsert tamaşaçılara xoş anlar yaşadıb.
Modern.az xəbər verir ki, konsertdə türkiyəli fleyta ifaçısı Lelya Bayramoğulları və azərbaycanlı pianoçu Nərmin İsgəndərova çıxış ediblər.
Sənətçilərin birgə ifası iki ölkə arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətlərinin musiqi sənətində təcəssümünə çevrilib.
Tədbirlə bağlı fikirlərini bölüşən Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət Mərkəzinin koordinatoru Gökhan Seyhan Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərin ortaq tarixə və mədəni dəyərlərə söykəndiyini bildirib. O, bu əlaqələrin möhkəmləndirilməsində incəsənətin mühüm rol oynadığını vurğulayıb.
Yunus Əmrə İnstitutunun mədəni diplomatiya fəaliyyəti çərçivəsində təşkil olunan konsert Türkiyə ilə Azərbaycan arasında mədəni əməkdaşlığın inkişafı və iki qardaş xalq arasında mənəvi bağlılığın daha da möhkəmləndirilməsi baxımından əlamətdar tədbir kimi yadda qalıb.

