Modern.az

İTBAŞI (6-cı bölüm)

İTBAŞI (6-cı bölüm)

14 İyun 2020, 09:13

Mahir Qabiloğlunun romanı

("İTBAŞI"nın 1-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 2-ci bölümünün LİNKİ)

("İTBAŞI"nın 3-cü bölümünün LİNKİ) 

("İTBAŞI"nın 4-cü bölümünün LİNKİ) 

 ("İTBAŞI"nın 5-ci bölümünün LİNKİ)

Şah otağında təkdir. Aslan gəlir.

– Şahım, əmr etdiyiniz kimi də elədim. Yeni hakim qoyan kimi hökmünü verər inşallah.

– Göyverən valiliyində işlər necə gedir?

– Qaydasında davam edir. Atasız-anasız oğlan uşaqlarını yığıb təhvil verirlər ora. Sonrası isə əsgər qanunları ilə davam edir. Hamısının da soyadı Göyverən, atasının adı da Göyverən. Qara rəngdə paltar geyinirlər. Üzlərində də qara niqab. Növbəti müharibələrin birində onları sınaqdan çıxaracağam. Nişangaha ox atmaq, müqəvvanın başını kəsmək başqa, canlı adam başqa.

– Əla, əla, – deyə şah məmnun halda başını tərpətdi, – Aslan, səni xəbərdar etmişdim. Nəbadə o qalaya zənən xeylağı buraxasan ha. Onlar ümumiyyətlə qadın-qız görməməlidirlər. Görə bilərlər e... Yalnız qalanın mazğallarından. Bir də... adam öldürmək dedin, Abdulla yadıma düşdü. Heç edam etdirmək istəmirəm onu. Niyə axı öldürüm ki? Əleyhimə bir söz deməyib. Üstəlik, İtbaşı demişkən, yolumda adam öldürüb.

– Şahım, düzünü bilmək istəyirsinizsə, Qüdrət ona hədə-qorxu gəlib və tələ qurub. O da sizə olan sədaqətini nümayiş etdirmək üçün Misqinin boynunu vurub.

– Yaxşı, cəllada tapşır ki, gözü üstündə olsun. Heç kimi yanına buraxmasın səndən başqa. Görək zindanda özünü necə aparacaq. Mənə xəbər verərsən mütəmadi.

– Başüstə, şahım.

– Aslan, adam öldürmək belə çətin şeydir?

– Bəli, şahım. Sayını artıq itirmişəm. Adiləşib mənimçün. Sanki toyuq başı kəsirəm. Amma bəzən gecələr yuxuya gedə bilmirəm.

– Anladım. Yəqin günahlarının sayından qorxursan. Cəhənnəm əzablarının indidən xofunu yaşayırsan.

– Əsla, şahım. Heç nədən qorxmuram. Yoxdur o dünya, yoxdur cənnət-cəhənnəm. Bu dünya əzəldən belə qurulub. Biri əzir, o biri əzilir. Sonda əzəni də öldürürlər. Yeni əzənlər, yeni əzilənlər əmələ gəlir. Vaxt gələcək məni də öldürəcəklər, ya da müharibədə həlak olacağam.

– Deməli, Allahdan qorxmursan?

– Xeyr, şahım.

– Niyə?

– Çünki o da öldürür, can alır, mən də... Köməkçisiyəm onun, mələyiyəm onun. Adım da ki, Əzrayıl Aslan.

Aslanın az qala hədəqəsindən çıxan, qan çökən gözləri yaşardı. Şah daha heç nə demədi. Susdu. Handan-hana:

– Yaxşı, işlərinlə məşğul ol. İtbaşını da ziyarət vaxtı çatıb.

– Əmrinizə müntəzirəm, şahım. Bəs Lərzanı nə edək? Hakim də yox.

– Deyəcəyəm vədəsi çatanda! Get, yola hazırlıq gör!

 

***

 

– Şah gəlir! – mazğalda dayanan mühafizin bu əmrindən sonra qalanın darvazaları taybatay açıldı. Şahla Aslan atın belində paytaxtdan karvan yoluna çıxdılar.

– Aslan, səndən bir şey soruşmaq istəyirəm həmişə, – deyə söhbətə şah başladı, – mənə hamı təzim edir, bircə mühafiz və əsgərlərdən başqa.

– Şahım, onların farağat durması sizə təzim etmələridir. Əgər baş əysələr, sizə yaxınlaşan düşməni necə görə bilərlər?

– Bəs onda sən niyə təzim edirsən?

– Mən yalnız otağınızda təzim edirəm. O da ikimiz olanda. Bu da ki, nəzakət qaydasıdır. Özündən böyüyə təzim etməlisən. Başqa vaxt isə gözümü vəzir-əyanlardan çəkmirəm.

– Aslan, Allahdan qorxursanmı?

– Yox!

– Qorxmursan ki, bu sözünə görə öldürər səni?

– Qorxmuram. Öldürür öldürsün də... Guya ki, qorxanı öldürmür?

– Onda belə çıxır ki, sənin Allahın yoxdur?

– Var.

– Kimdir?

– Şah.

– Yəni ki, mən, – deyə şah özünü dikəltdi.

– Siz yox. Şah. Bizi belə öyrədiblər ki, sənin Allahın şahdır. Sən isə onun sadiq qulusan. Əvvəl mənim Allahım Həqqi Şah idi. Sonra o sizi bizlərə qoyub getdi. Allahım siz oldunuz. Siz də gələcəkdə kimi məsləhət bilsəniz...

– Birdən macal tapmadım vəliəhd elan etməyə.  Ya da ki, əsir götürdülər.

– Şahım, vəliəhd elan etmək üçün hələ cavansınız. O ki qaldı əsir düşməyinizə... Sizi heç vaxt əsir götürməyəcəklər.

– Yaman əminliklə danışırsan. Amma özün gör neçə şahı, baş vəziri əsir almısan.

– Onlar kiçik dövlətlərdir. Biz böyük, tariximiz olan bir məmləkətik. Bizdə bir qanun var ki, o heç kimdə yoxdur.

– Nə qanundur ki, bu?

– Qanun yox. Əslində sirdir və bu sirri iki nəfər bilir. Biri mənəm...

– Mən birinci dəfədir ki, eşidirəm bu barədə. Həqqi Şah mənə heç bir sirr verməyib.

– Rəhmətlik şahımız Həqqi Şah da bu sirri bilmirdi. Sirr sahiblərindən biri mənəm, o biri də baş sərdar Abbas.

– Maraqlıdır. Mən də bilmək istəyirəm o sirri!

– Şahım, o sirr sizin dövlətinizin sirridir. Əgər desəm boynumu vurdurmalısınız.

– Birdən ikinizin də boynunu vurdurdum, onda kimə ötürəcəksiniz o sirri?

– Heç kimə.

– Nə dəyişəcək ki, onda?

– Əsir düşə bilərsiniz.

 Şah fikrə getdi: deməli, əsir düşməməyimçün məni özləri qətlə yetirməlidirlər. Bu ki, gün kimi aydındır. Mən isə saray əyanlarından qorxuram. Cəlladımı bütün günü yanımda gəzdirirmişəm ki...

– Yaxşı,  niyə məni Allahdan üstün tutursan? Bunu açıqla.

– Mən demirəm bunu, şahım. Bütün rəiyyətiniz deyir. Məsələn: mən diz çöküb əlimi göyə qaldırım ki, ay Allah, mənə yüz qızıl yetir. Yetirəcəkmi?

– Yetirə bilər. O Allahdır. Hər şeyə qadirdir.

– Şahım, dünyadakı bütün insanlar varlı olmaq, xoş güzəran keçirmək istəyir. Hamı da əlini göyə varlı-imkanlı olmaq xahişiylə qaldırır. Allah onların hamısını imkanlı etsə, bacasından qızılları ələsə, bəs onda kim işləyər? Ümumiyyətlə, həyatın mənası olarmı?

– Axı, o inanmadığın Allah varlıları da səfil edir. Buna nə deyirsən?

– Mən görməmişəm.

– Necə yəni görməmisən? Dəfələrlə şahidi də olmusan.

– Gördüyüm, şahid olduğum budur ki, insanı varlı edən də şahdır, müflis edib dilənçi gününə salan da şahdır, üstəlik həyatına son qoyan, nəslini kəsdirən də... Hər şey onun bir sözündən asılıdır. İndi, şahım, özünüz deyin – kimdir böyük? Allah, yoxsa şah?

– Axı, Allah daimidir, şah isə yox.

– Düz deyirsiniz, şahım. Şahlar ölür. Amma yerinə digərləri gəlir. Əgər bütün dünyanı Allah idarə edirsə, onda şah nəyə lazım idi ki?

– Əgər bu məmləkəti şah idarə edirsə, onda valilər nəyə gərəkdir ki? Əgər valilikləri valilər idarə edirsə, onda kəndxudalar nəyə lazımdır ki? Əgər beş-altı ailə yaşayan ən kiçik kəndi kəndxuda idarə edirsə, onda ailə başçısı nəyə gərəkdir ki? Üstəlik böhtan atanlar, evyıxanlar, tutanlar, döyənlər, cəzalandıranlar...

Şah susdu. Uzaqdan itlərin səsi gəlməyə başladı. Tozanaq qopdu, nə qopdu. İtlər şahla Aslana çatıb hürməklərini kəsdilər. Onları tanıyıb quyruqlarını bulamağa başladılar. Beləcə şahla Aslanı komaya qədər müşayiət etdilər. İtbaşı onları komanın qarşısında gözləyirdi.

– Salam, ay şah! – deyə qoca birinci dilləndi.

– Salam, ay İtbaşı. Kefin kökdür bu gün. Üzünün güldüyünü axır ki, gördük.

– Düz tapmısan. Bu yaxında baba olacağam.

– Nə gözəl, nə gözəl. Ayağı yüngül olsun inşallah. Gözəl bala olsun. Yarıyanlardan olsun. “İtbaşı baba” – gözəl səslənir. Uşaqlar harda yaşayır?

– Evin arxasında. İndi iş görürlər. Ona görə pişvazınıza çıxa bilmədilər. Siz də fikir verməmisiniz ki, sizi doqquz yox, yeddi it qarşılayıb, – Şah qızardı. Aslan isə qımışdı. Gətirdiklərini komaya daşımağa başladı, – Özü də ki, ay şah, ikiqat baba olacağam.

– Ay İtbaşı, sən Allah adam dilində danış. Dolama məni.

– Ciddi sözümdür. Cütləşənlər bacı-qardaşdır.

– Heyvandılar da... Ola bilər.

– Ay şah, sən insan olub nə etmisən ki? Mən sənə demişdim ki, insan, ya it. Fərqi yoxdur.

– Ay İtbaşı, day ağ eləmə də. İnsanlarda bacı-qardaş evləndiyini görməmişəm.

– Nə? – deyə İtbaşı şaqqanaq çəkib güldü, – Özün bəs nədən yaranmısan?

– Gic-gic danışma, İtbaşı! Hər şeyin də bir həddi var! Vallahi Aslana bir işarəm bəsdir! – deyə şah qeyzləndi.

– Əsəbləşmə, ay şah, əsəbləşmə. Gəl sənə izah edim. Bax, əvvəlcə Allah Adəmlə Həvvanı yaradıb. Onların da iki oğlu olub – Qabil və Habil. Sonra da Qabil Habili öldürüb. Adəm Qabillə Habilin atası olub. Qabillə Habil isə bizlərin. Bəs bizim anamız kim olub ki, dünyaya gətirib? İndi de – Qabil şəhvətini öldürmək və nəsli davam etdirmək üçün nə edib? – bunu deyib İtbaşı yenidən şaqqanaq çəkib gülməyə başladı.

– Allahu Əkbər. Bu barədə başqa rəvayət də...

– Nə oldu, ay şah, Allahı niyə köməyə çağırdın ki? Allah deyilmi bu xəyanətkarları yaradan? Bütün xəyanətlərin kökünü qoyan? İndi itlərdən nə gözləyək? Adəmlə Həvva yaxşı olsaydı Allah yanında saxlayardı da onları. Daha niyə yerə sürgün edirdi ki?

– İt deyəndə ki, digər heyvanlar elə deyil məgər? Məsəlçün at, pişik...

– Ay şah, atın gözünü bağlayırlar, bacısıyla, anasıyla cütləşdirirlər. Gözünü açandan sonra bunu biləndə ürəyi partlayıb ölür. O ki, qaldı əvvəl dediklərimin rəvayət olmasına... Rəvayət olsaydı ağıllı bir şey fikirləşərdilər. Bu dediyim rəvayət deyil, həqiqətdir. Hamımızın qanında xəyanət var – kimisində az, kimisində çox. İtlər yenə yaxşıdır. Vay onda ki, kişi kişiylə cütləşə.

Bunu deyib İtbaşı gözlərini şaha zillədi. Göyverən sanki dondu. Nə deyəcəyini bilmirdi. Ani fasilədən sonra, – İraq. Hamıdan iraq. Allah heç kimə göstərməsin, – deyə bildi. Ortaya sükut çökdü. İtbaşı gözünü şahdan çəkib, karvan yoluna dikdi.

– Karvanlar yenə az-az keçir burdan?

– Yox, ay şah, son vaxtlar canlanma var, – bu vaxt komanın arxasından bir it çıxaraq gəlib qocanın yanında dayandı. Quyruğunu bulayıb, ləhləməyə başladı, – Nə olub? Arvadın acıb? Bu dəqiqə, – deyib İtbaşı komaya girdi. Çuvallardan birini gətirib iri təknəyə əndərdi. İtlər yemək topasına daraşdılar, nə daraşdılar. Həmin it isə çətinliklə bir tikə qapıb yenidən evin arxasına keçdi. Sonra qayıdıb bir tikə də götürdü, yenidən evin arxasına keçdi. Amma özü heç nə yemədi.

– Ay İtbaşı, bu niyə belə edir? Elə hey daşıyır, amma özü heç nə yemir.

– Yalnız sevən belə edər. Fahişəyə vurulan kişilər kimi hər şeyi daşıyır onun üçün. Öz tikəsini də. İtlər də insanlar kimi yalnız vurulanda başlarını itirirlər. Elə-belədə insan adlanan məxluq, it deyilən heyvan öz payını heç kimə verməz. Xəsis olarlar. Ay şah, heç demədin niyə gəlmisən. Düzdü, haqqında xəbərlər çatır. Amma inanmağım gəlmir.

– Nə deyirlər?

– O gün bir sariban deyirdi ki, bəs Göyverən Şah beldən boşdur. Hərəmxanasına çimməyə gedirmiş yalnız. O da ancaq baş hərəmi olan qoca arvadla. İndi onu da qovub saraydan. O da gedib özüyçün kefxana açıb. Təzədən olub Şahgülü. Hamı da onun başına yığışır ki, şahın hərəmxanadakı qəhrəmanlıqlarından xəbər tutsunlar.

Şah hirsindən qızardı. Çırtma vursaydın qanı çıxardı. Üzünü Aslana çevirib, qan tutmuş gözlərini ona zillədi.

– Bunlar yalandır. Sonra nə deyirlər?

– Deyirlər ki, Lərzanın ölüsündən də, dirisindən də xəbər yoxdur. Misqi adlı bir əyan isə şahın qəzəbinə tuş gəlib. Misqinin qudası baş hakim Abdulla isə ona ölüm cəzası kəsib. Elə boynunu da öz otağında öz qılıncıyla vurub. Oğlu isə Misqinin qızının saçından tutub sürüyərək aparıb qaziyə, boşayıb. Bu özbaşınalıqlarına görə də hər ikisi şahın qəzəbinə tuş gəlib. İndi ata-bala ölüm zindanındadırlar. Bu qədər, ay şah, indi sözün varsa de. Onsuz da mənim dediklərimə əməl etmirsən. Boş-boş danışıram. Bu qulağından alırsan, o biri qulağından buraxırsan.

– Ay İtbaşı, qəribə adamsan e... Qınamırdın məni ki, anam yaşında arvadı baş hərəm eləmişəm? Mən də onu qovdum, getdi də...

– Ay şah, hansı ağıllı kəs saraydan adamı sağ buraxar? Saray elə yerdir ki, orda ya öz əcəlləriylə ölməlidirlər, ya da ki, edam edilməlidirlər. Hər iki halda saray əhlinin meyiti çıxmalıdır ordan. Öz əcəliylə ölənlərin yerinə də onların varisləri qoyulmalıdır. Ki, sarayın içindəkilərdən heç kimin xəbəri olmasın. Sirr nəsildən nəslə ötürülməlidir. Qəhbəbaşının birini özünə baş hərəm edirsən, sonra da başını açıb elə-belə buraxırsan. O da müştəri yığmaq üçün sənin adından istifadə edir, ağzına gələni danışır. Budur mənim sözümə qulaq asmağın? Demişdim ki, Lərzanı edam elə, uşaqlarını da öldür. Elədinmi? Demişdim ki, əyanlarda işin yoxdur. Sən isə aparıb ölüm zindanına salmısan hakimlə oğlunu. Sənə deməmişdimmi ki, özünü yalnız əyanlardan qoru? Nə xətər gəlsə onlardan gələcək? Xalq heç kimdir. Yox, ay şah, sən öz əcəlinlə ölmək istəmirsən. Qaşınmayan yerdən qan çıxarmağa çalışırsan. Belə getsə gecənin bir yarısı yatağındaca öldürüləcəksən.

– İtbaşı, dediyin kimi, hər şeyi baş vəzirə tapşırmışam. O da Misqini tələyə salıb.

– Lazım bilib, salıb. Bəs hakimi də o tutub?

– Yox. Hakim qanunu qorumalı olduğu halda, özü qanunsuzluq edib. Ona görə.

– Sənin yolunda adam öldürüb, baş kəsib. Özü də ki, kimi, kimi – qohumunu. O sənə öz sədaqətini ən yüksək səviyyədə göstərib, sən isə onu atmısan ölüm zindanına. Sənə deməmişdimmi ki, ən sədaqətli adam sənin yolunda adam öldürəndi?

– Demişdin, – söyləyib şah fikrə getdi, – Ay İtbaşı, darıxıram. Mən bu cür şah olmaq istəmirdim. Mən adil hökmdar olmaq istəyirdim. Əyanların qanına susamışdım. İndi də eləyəm. İstəyirəm ki, öləndən sonra bu xalq mənə rəhmət oxusun.

– Ay şah, qədim Romada bir imperator olub. Atası öləndən və taxta çıxandan sonra bütün saray əhlini doldurub gəmiyə ki, bəs gedirik mənim taxt-taca sahib olmağımı dənizin ortasında yemək-içmək məclisiylə qeyd etməyə. Sahildən xeyli aralanırlar. Şahın tapşırığıyla gəminin böyründəki qəza qayığı suya buraxılır. Və imperator öz mühafizləriylə qayığa minib gəminin gövdəsini nizələrlə deşdirir. Gəmi də gedir suyun dibinə. Bütün əyanlar da ailələri qarışıq məhv olurlar. İmperator qayıdır sahilə. Senat yığılır bir yerə ki, gənc imperatorun hərəkətinə qiymət versin. Və onu bu müdrikliyinə görə Böyük imperator adına layiq görürlər.

– Görürsən ki, İtbaşı, belə şahlar olub.

– Olub e... sən sonrasını soruş.

– Soruşuram. Sonra nə olub?

– Böyük imperatorun yenidən yığıb mənsəblərə yerləşdirdiyi saray əyanları özlərindən əvvəlkilərə rəhmət oxutdurublar. Çünki əvvəlkilər əsil-nəcabətli, varlı imişlər. Yenilər isə ac-yalavac sürüsü. Suvaşıblar xalqın canına, – İtbaşı susdu. Gözlərini şahın gözünə dikib, – Heç demirsən saray əyanlarının sənə nə pisliyi keçib ki, bu qədər əllərindən yanıqlısan?

Şah cavab vermədi. Necə deyəydi ki, onu “göyvərən, göyvərən” deyə cırnadan saray əyanlarıyla hələ haqq-hesabı tam çürütməyib.

– Ay İtbaşı, indi deyirsən ki, əyanların ipini boş buraxım, onlar da sorsun bu millətin qanını?

– Niyə ki? Baş vəzirin Qüdrət hər şeyi idarə edir. Hakimi zindandan buraxıb yerinə qaytarsan sənə minnətdar olacaq. Baş vəzirin pisliyini isə heç vaxt unutmayacaq. Valiliklərdəki hakimlər, qazilər başlayacaq baş vəzirin valilərini, fərraşlarını daim nəzarətdə saxlamağa. Onların hər addımını güdəcəklər. Bütün xəbərləri də ötürəcəklər ona. O da ki, sizə. Beləcə bütün məmləkətdən xəbərin olacaq. Bundan artıq nə istəyirsən? O ki qaldı millətin qanını sormağa... Bəs əyanlar, valilər, fərraşlar bu vaxta qədər nə edirdilər ki? Həmişə belə olub, bundan sonra da belə olacaq. Sadəcə dərəcəsi var. Kimisi çox pis adamdır, kimisi də pis adam. Əyanlar arasında yaxşı adam axtarma. Yaxşı adam tapsan, deməli əyan, məmur deyil. Uzun sürməz, mənsəbini itirər.

– Deməli, dövlət belə idarə olunur.

– Ay şah, dövlət rəvayətlərlə idarə olunur. Özü də ki, uydurma rəvayətlərlə. O da sənin işin deyil – vəzir-vəkilin, axund-mollanın vəzifəsidir. Xalq sonu xoş görünən rəvayəti, nağılı acı həqiqətdən üstün tutur. Ümid eləməyi sevir. Xalqı yaşadan yalnız ümiddir – sabaha olan ümid. Ümid edir, edir, bir də görür ki, Əzrayıl alıb başının üstünü. Şah, əyan, axund-mollalar isə öz keflərində. Axund demişkən, məsciddə nə var, nə yox?

– Heç nə yoxdur, İtbaşı. Tam hörmətdən düşüblər. Daha doğrusu hörmətlərini heç eləmişəm.

– Düz eləmisən. Bu xalqın yalnız bir inam yeri olmalıdır. O da sənsən. Özünü xalqdan uzaq tut. Əlçatmaz ol onlar üçün. Bir şeyi də yaddan çıxarma. Saray tut ağacıdır. Kənar calaq götürmür. Birrəngdə sınaqdan çıxartdın bunu. Əgər tarixdə qalmaq istəyirsənsə, gərək həm də Şahlar Şahı olmalısan, yəni ki, Şahənşah Göyverən Şah.

– “Xalqdan uzaq olum, əyanlarla işim olmasın”. Əgər şahsız hər iş öz qaydasında gedəcəksə, bəs onda mən nəyə lazımam ki?

– Ay şah, bütpərəstliyi niyə ləğv etdiniz? Bütləri niyə dağıtdınız? Camaatın gözünü niyə qabağında olan allahlardan uzaqlaşdırıb, göyə qaldırdığınız Allahı axtarmağa yönəltdiniz? Ona görə etdiniz ki, özünüzü Allahın yerdəki kölgəsi, aləmin qibləsi elan edəsiniz. Daşdan, taxtadan hazırlanan bütləri siz canlı şahlar əvəz edəsiniz. Sən yerdəki Allahsan. Amma bütdən uzağa gedə bilmirsən. Hamı səndən qorxur, hamı sənə səcdə edir, hamı səndən nəsə umur. Eynən Allahdan dilədikləri kimi. Fərqi yoxdur – istəyir əvvəlki büt-Allah olsun, istər indiki – göydəki. Amma əli heç nəyə çatmır.

– Deməli, mən bütəm.

– Hə. Səndən aşağı hamı sənin rəiyyətini incidir, talayır. Onlar da sənə pənah gətirir, yalvarırlar. Sən isə susursan. Lap bütlər kimi.

Şah fikrə getdi: deməli, büt. Yox. Mən büt ola bilmərəm. Bəs onda Həqqi Şahın vəsiyyəti? “Barəngah sənin dostundur”  deməsi? Yox. Axı mən necə əmin ola bilərəm ki, bu Barəngahdır.

– Deməli, büt olum oturum yerimdə. Sonra?

– Bu camaat bütlərə nə edirdilər? Qurban verirdilər, nəzir-niyaz gətirirdilər... Sonra da “Allah qəbul etsin” deyirdilər. Otur, qəbul elə. Hərdən də aləmi yalandan bir-birinə qat ki, “Allahın qəzəbi tutdu” desinlər.

– Ay İtbaşı, neçənci dəfədir ki, soruşuram. Həmişə gələn dəfə-gələn dəfəyə salırsan. Niyə mənə hamı kimi “şahım” yox, “ay şah”, “ey şah” deyə müraciət edirsən? Məgər sənin şahın deyiləm?

– Ay şah, xanın arvadına nə deyirlər?

– Xanım.

– Bəs bəyin arvadına nə deyirlər?

– Bəyim.

– Niyə?

– Bilmirəm.

– Deyim bil. Günlərin bir günü xandan soruşurlar ki, bəs sən hamımızın böyüyüsən, bəs sənin böyüyün kimdir? Yanındakı arvadını göstərib deyir ki, budur mənim xanım. İndi “şahım” deyəndə bu əhvalat yadıma düşür. Şahın heç vaxt arvadı olmaz. Sadəcə hərəmxanası olur. Onlar da dünyaya uşaq gətirməkçündür. Sən bəri başdan baş hərəmin ziyanını gördün. Bundan sonra ehtiyatlı ol. Sənə isə “şahım” deyirlərsə, qoy desinlər. Ağızları öyrəşib. Amma mən “ay şah” deyəcəyəm.

– Vaxtdır, ay İtbaşı, biz gedək. Amma fikirləş. Qocalmısan. Burda qalma. Gedək bizimlə saraya. Lap itlərini də götür.

– Yox, ay şah, gedə bilmərəm. Burda sənə “sən” deyirəm. İstədiyim sözü də istədiyim kimi söyləyirəm. Sarayın qanunlarına görə mənim kimi adam orda həmən qəzəbə tuş gələr. Mənə bura da yaxşıdır. Sən orda xalqın şahısan, mən də burda itlərin. İstəsən özün gəl. İtlərin də payını bol elə.

– Di salamat qal, ay İtbaşı.

– Yaxşı yol, ay şah!

Şahla Aslan atlarına minib komadan uzaqlaşırlar. Şah üzünü Aslana tutub:

– Aslan, bir tapşırığım var sənə.

– Əmr edərsiniz, şahım.

– Bilirsən də... Qəndabın karvansarayı da yanıb. Tifili və ona verdiyim əlli qızılı da xilas edə bilməyiblər. Yazıq. Deyirdim axı getmə. Yüz dil çıxarıb məni razı saldı onu buraxmağıma.

– Başa düşdüm sizi, şahım.

Düz sarayacan şah daha heç nə demədi.

 

***

 

Səhər açılıb. Şah taxtındadır. Aslan içəri girib təzim edir.

– Nəsə baş verib, Aslan?

– Bəli, şahım. Gecə Qəndabın karvansarayında yanğın olub. Cəsədi də tanınmaz hala düşüb. Kimsəsiz olduğu üçün qala kənarında basdıracaqlar. Ordan götürdüyüm bu əlli qızıl da əriyib kül olmuşdu, – deyə Aslan qızıl kisəsini şaha uzatdı.

– Əla! Əla! – deyə şah razılıqla başını tərpətdi, – Karvansarayı keçirt adına. Ətrafını da bu əlli qızıla boşalt. Gözəl bir karvansaray tikdir. Bu da sənə məndən hədiyyə. Sədaqətli adamsan. Qədrini bilməliyəm.

– Borcumdur, şahım. Ölənəcən qulunuzam. Şahım, Divan yığılıb, sizi gözləyir.

– Gəlsinlər. Sən isə baş hakim Abdullanı zindandan çıxart gətir bura.

– Əmr edərsiniz, şahım.

Aslan gedir. Saray əyanları içəri daxil olurlar. Baş vəzir sözə başlayır:

– Şahım, nəzərinizə çatdırmaq istərdim ki, məmləkətdə baş hakim mənsəbi başsız qalıb. Bu da işlərimizi ləngidir.

– Onu kim dedi?

– Şahımızın qəzəbinə tuş gəldiyi üçün Abdulla və oğlu ölüm zindanına atılıb şahımızın ədalətli hökmüylə.

Bu vaxt qapı açılır. Hakim Abdulla otağa girib şaha təzim edir və öz sırasında yerini alır. Baş vəzir Qüdrət çaşqınlıq içində əyanlara baxır.

– Əyanlar, baş hakim Abdulla qanunlara zidd hərəkət edərək cinayətkarın boynunu elə otağında vurub. Buna görə qeyzləndim ona. Zindana atdırdım. Amma bu addımını onunla əsaslandırdı ki, qudası, saray əyanı Misqi xəzinəni dağıdırmış, mənim rəiyyətimi incidirmiş. Bu da şaha qarşı xəyanət olduğundan hisslərini cilovlaya bilməyib. Ona görə də mən onun bu addımını şaha sədaqət kimi qiymətləndirərək, bu kiçik günahını bağışlayıram.

– Ömrün uzun olsun, şahım, – deyib baş hakim Abdulla irəli çıxıb təzim etdi.

Ortaya sükut çökdü. Şah taxtından durub əyanlara yaxınlaşdı. Birinci baş vəzir Qüdrətin qənşərində dayandı:

– Baş vəzir Qüdrət, neçə ildir ki, saraydasan. Sən şahının yolunda neçə baş kəsmisən? – Qüdrət başını aşağı saldı, – Misqinin cəzasını özün verə bilməzdinmi? Hökmən gərək Abdullanın yanına göndərəydin? – Qüdrət dinmirdi. O biri əyanlar da, – Əminəm ki, hakim Abdullanın hərəkəti sizinçün nümunə olacaq. Baş vəzir Qüdrət!

– Bəli, şahım.

– Lərzan dövlət üçün, şah üçün təhlükəli adamdırmı?

– Bəli, şahım.

– Hakim Abdulla ona hansı cəzanı kəsməlidir səncə?

– Ölüm hökmü, şahım.

– Hakim Abdulla, sən nə deyirsən?

– Şahım, sizin sözünüz mənimçün əmrdir. Kargüzar Lərzana ölüm hökmü kəsirəm.

– Vəkil Qaplan, Lərzanın dörd oğlu var. Bəs onların taleyi necə olmalıdır?

– Yazılmayan qanunlara görə, onlar da qətlə yetirilməlidirlər.

– Aslan!

Aslan içəri girib təzim edir.

– Aslan, hakim Abdulla Lərzana ölüm hökmü kəsdi. Hökmü isə baş vəzirim Qüdrət həyata keçirəcək. Get onunla zindana. Lərzanın dörd oğlunun qətliylə vəkil Qaplan şəxsən məşğul olacaq. Əlbəttə ki, o da sənin nəzarətinlə. Sonra mənə xəbərin çatdırarsan. Gedə bilərsiniz. Hakim Abdulla, sən isə qal!

Əyanlar və Aslan otaqdan çıxırlar. Şah sözünə davam eləyir:

– Abdulla, bu Qüdrət yaman qudurub. Valilər də hamısı bunun adamıdır, fərraşlar da... Əyalətlərdə nə oyun çıxarırlar, bilmirəm. Az qalmışdı ki, sənin kimi sədaqətli adamı o dünyaya göndərsin mənim əlimlə. Ona görə də sən, sənin hakimlərin, qazilərin bu gündən mənim yerlərdə görən gözüm, eşidən qulağım olmalısınız. Bunları boş buraxmaq olmaz.

– Əmr edərsiniz, şahım.

– O ki, qaldı, Qüdrətin yağmaladıb xəzinəyə yatırdıqlarına... Ürəyini qısma. Su gələn arxa bir də gələr. Üstəlik Həqqi məscidinin inşası kimi şərəfli bir işi də sənə tapşırıram. Axunda-mollaya qalsa çətin ki, tikib başa çatdıralar.

– Başüstə, şahım. Ömrün uzun olsun, şahım.

– Oğlun nə sənətin sahibidir?

– Nəqqaşdır, şahım. Sənətkardır.

– Maraqlıdır. Adı nədir?

– Təbərxan, şahım.

– Onu da saraya baş nəqqaş götürürəm. Məscidin tikintisində sənə kömək edər.

– Ömrün uzun olsun, şahım.

– Get, mənsəbində möhkəm ol! Həmişə sədaqətli ol!

Baş hakim Abdulla təzim edərək otaqdan çıxır. Bir az keçir Aslan qayıdır.

– Nə oldu, Aslan! Deyəsən baş vəzir yarıtmayıb tapşırığımı.

– Şahım, mən də ondan gözləmirdim. Amma zindana enən kimi çox soyuqqanlılıqla, heç gözünü də qırpmadan Lərzanın başını kəsdi.

– Kəsdi?

– Bəli. Boynunu vurmadı. Yerə yıxıb başını kəsdi.

– Əla, əla. Deməli, bunu eləyə bildi. Çağır onu bura. Özün isə Qaplanla get. Gör o nə edəcək?

– Başüstə, şahım.

Baş vəzir Qüdrət üzündə təbəssüm, əbasında qan izləri içəri daxil olub, təzim edir.

– Şahım, əmriniz yerinə yetirildi. O müzürrün başını kəsdim.

– Boynunu vurdun, yoxsa başını kəsdin?

– Xeyr, şahım, ədəb-ərkanla, dini qaydalarımıza uyğun olaraq, başını qibləyə çevirib kəsdim.

Göyverən Şah razılıqla taxtına yayxandı.

– Müəllimin qəssab olub deyəsən. Ay Qüdrət, insanın boynunu vurarlar. Qoyunun, mal-qaranın, toyuq-cücənin başı kəsilər.

– Şahım, nə fərqi var. İkisi də canlı deyil? Mənə bu cür öyrədiblər. Müharibə-zad deyil ki, sən tez vurmasan səni vuracaqlar. Ona görə də qılıncı harasından oldu soxursan gedir. Burda məni heç kim tələsdirmirdi. Ona görə bütün qayda-qanuna görə icra etdim əmrinizi.

– Qüdrət, sən mənim baş vəzirimsən. Ən yüksək səlahiyyəti də sənə vermişəm. Abdulla-zad boş şeydir. Hər şeyə cavabdeh sənsən. Mənim bu məmləkətdə bir gözüm, bir qulağım varsa, o da sənsən. Get nə istəyirsən elə, amma ki, dövlət inkişaf etməlidir, xəzinə aşıb-daşmalıdır. Sənə başqa mane olan bir şey yoxdur ki?

– Şahım, ömrün uzun olsun, hər şey qaydasına düşür yavaş-yavaş. Viran qalan üç valilik də bərpa olunmaq üzrədir. İkinci vəziriniz Fərmanı geri qaytara bilərsiniz.

– Hələlik qoy qalsın orda. Necə olsa kifayət qədər xərci çıxıb.

– Bir də... şahım, Göyverən valisi Dürəng yaman narazılıq edir Aslandan.

– Qoy dursun orda. Fərmanı qaytaran kimi onu qoyarıq yerinə. Sən mənə de görüm ki, saraya loğman tapdınmı?

– Hərəmxanaya tapdım. Amma saray üçün axtarıram, şahım. Kimə təklif edirəmsə qorxur. Deyir ki, şahın loğmanı olmaq qorxuludur. Çünki şahımız onun qəzəbinə tuş gələnin boynunu vurdurur. Bir də... baş fərraş məlumat verdi ki, baş hərəminiz Qəndabın karvansarayı gecə yanıb. Xilas edə bilməyiblər bədbəxti.

– Keçmiş baş hərəm. Deməli ki, əcəli oracan imiş.

Bu dəm qapı döyülür. Baş xəzinədar Hətəm içəri girib təzim edir.

– Necədir işlər, ay Hətəm?

– Hər şey qaydasında gedir, şahım. Misqidən, baş hakim Abdulladan gələn qızıllar xəzinənizi bir az da artırdı. Valilər də Misqinin mülklərini satıb doqquz yüz qızılı gətirib təhvil verdilər.

– Bəs hakim Abdullanın mülkləri? – deyə şah üzünü baş vəzirə çevirdi.

– Şahım, Abdullanın yaşadığı evdən və bağından başqa bir şeyi yoxdur. Nə qızıl-qiymətli şey tapılmışdısa təhvil verdim xəzinəyə, – deyə baş vəzir dilləndi.

– Gəlirimizi bildim, bəs çıxarımız nə qədərdir?

– Çıxarımız demək olar ki, yoxdur. Bircə Göyverən valiliyidir ki, onun da yarı xərcini vali Dürəng öz cibindən ödəyir. Həqqi məscidinin tikintisi isə yarımçıq qalıb.

– Onu hakim Abdullaya tapşırdım. Tikib başa çatdıracaq. Qüdrət, xalq neyləyir?

– Heç nə, şahım. Başını aşağı salıb yaşayır. Boşboğazlar məhləsi həmişəki kimi danışır, Ağzıcırıqlar məhləsi bu xəbərləri yayır, Evyıxanlar məhəlləsi isə bu xəbərlərdən bəhrələnib ev yıxır.

– “Ev yıxır” yox, “yıxırlar”. Fərraşlarla birləşib ev yıxırlar. Elə bilirsən ki, xəbərim yoxdur?

– Düzünü siz bilirsiniz, şahım, – deyə baş vəzir cavab verdi, – bir sözlə, xalq həmişəki kimi razıdır. Deyirlər ki, bugünümüzə də min şükür.

– Şükür içində olsunlar həmişə. Yaxşı, gedə bilərsiniz.

Baş vəzir Qüdrətlə Hətəm otaqdan çıxırlar.

– Hətəm gördün? Demişdim axı, şahımızın zəif yerini tutmuşam. Onunku qızıldır e qızıl.

– Başa düşürəm... indi Həqqi Şahın vaxtında yığdıqlarınızı xərcləyirsiniz. O qurtarandan sonra nə edəcəksiniz?

– Ondan sonranın əlacını qılmışam. Narahat olma. Ən əsası odur ki, saray əyanları heç vaxt ac qalmayacaq. Şah xəzinəni xərcləmir ha, yığır. Xəzinə də hardadır?

– Sarayda.

– Vəssalam-şüttəmam. Hətəm, görəsən bu Qaplan neylədi? Sınaqdan üzüağ çıxdımı? Nəsə nigaranam ondan. Xəbərdar etmişəm onu – öldürməsə özünü öldürtdürəcək şah.

– Yaxşı olar. Uşaq deyil ki... o boyda Evyıxanlar məhəlləsinin başçısıdır.

Bu zaman Qaplanla Aslan qayıdır. Aslan şahın otağına keçir. Qaplan özündə deyil.

– Qaplan, amma demə ki, bacarmadım.

– Bacardım, baş vəzir həzrətləri. Amma, – deyib sözünün sonunu gətirə bilmədi. Başı gicəlləndi. Yerə sərilmək istəyəndə Qüdrətlə Hətəm onu tutdular. Eşikağası tez su gətirdi. Bir müddətdən sonra Aslan qapını açıb baş vəzirlə vəkil Qaplanı içəri çağırdı.

Şahın hüzuru.

– Hə, Qaplan, xoşuna gəldimi?

– Bəli, şahım, – deyib Qaplan başını aşağı saldı.

– Görürsən də necə çətindir saray əyanı olmaq.

– Sizin əyanınız olmaz şərəfdir, şahım.

– Bu sizin üçün fərraşlarla əlbir olub onun-bunun pulunu əlindən almaq deyil ha... Fitva verdinsə, gərək cəzasını da verməyi bacarasan.

– Əmr edərsiniz, şahım.

– Başa düşmədim, günahı mənim boynuma atırsan? – deyə şah qeyzləndi, – Sözündən belə çıxır ki, günah əmr verəndədir?

– Əsla, şahım. Yəni ki, sizin hər bir əmrinizə müntəzirik. Yolunuzda Lərzan kimi yüzünün nəslini kəssəm də uf demərəm.

– Əla, əla, əla-ül-əla, – deyib şah taxtına yayxandı, – Başqa nə təklifin var? Yoxsa ki, Lərzanla işini başa çatmış hesab edirsən?

– Var, şahım. Nə vaxt məsləhət bilsəniz deyərəm. Sadəcə indi üst-başım haramzadaların qanına bulaşıb. İcazə versəydiniz...

– Yaxşı. Gedin əyin-başınızı dəyişin. Bu barədə sabah danışarıq.

Baş vəzir Qüdrətlə vəkil Qaplan otaqdan çıxırlar.

– Qaplan, yenə nə fikirləşmisən? Sənə deməmişdimmi ki, mənimlə məsləhətləşməmiş şaha heç nə demə?

– Baş vəzir həzrətləri, nə fikirləşmək, nə yeni fikir? Görmürsüz nə gündəyəm? Dörd balaca uşağın başını anasının, nənəsinin qarşısında kəsmək sizə asanmı gəlir? Sadəcə, belə deməsəydim acığı tutardı mənə.

– Bəs sabah soruşsa nə deyəcəksən?

– Yəqin bir-iki gün qaçıb gözündən gizlənərəm – “xəstəyəm” adıyla. Sonrasına boşboğazlarla ağzıcırıqlar bir şey fikirləşib ortaya qoyarlar.

– Ağzıcırıqları bildim. Bəs bu boşboğazlar nə vaxtdan sənin adamın oldular ki?

– Baş vəzir həzrətləri, Lərzanın uşaqlarının başını kəsən andan. İnsan özünə görə yox, daha çox uşaqlarına görə qorxur. Uşaqlarına görə dili qısalır.

– Yaxşı. Sənə arxayınam.

– Baş vəzir həzrətləri, düz buyurmuşdunuz.

– Nəyi?

– Şahımızı öyrədən var. Tapmaq lazımdır onu. Yoxsa bu minvalla məhv edəcək hamımızı.

– Aslanla gedir, hara gedirsə. O da ki, bizim yox, şahın ən yaxın adamıdır. Gözündən isə xırda bir çöp yayınmaz. Güddürə bilmərəm.

– Baş vəzir həzrətləri, bunu buraxın mənim öhdəmə.

– Nə deyirəm ki... amma ehtiyatlı ol. Yoxsa, kəlləmiz gedər.

– Başüstə.

– Bir şeyi də deyim sənə. Hakim Abdullanın da dilini qısaltmaq lazımdır. Bundan sonra bizim yolumuzda əngəl yarada biləcək yeganə adam odur. Şahımız oğlunu da saray əyanı etdi. Onun barəsində də düşün. 

– Əmr edərsiniz, baş vəzir həzrətləri.

– Evdə hoqqan var?

– Xeyr, baş vəzir həzrətləri. Mən elə şeylərdən uzağam.

– Onda sən çətin ki, özünə gələsən.

 

***

 

Səhərdir. Şah taxtında oturub. Əyanlar qarşısında düzülüblər. Barmağının işarəsiylə Aslan qapını açır. İçəri cavan bir oğlan girir. Əlində tumar var. Şahın qarşısında diz çökür.

– Qalx ayağa. Göyverən Təbərxan, bu gündən sarayımın baş nəqqaşı elan edirəm səni! – bunu eşidən Aslan saray əyanının əbasını Təbərxanın çiyninə salır, çalmasını başına qoyur, – Yerin bu əyanların sırasında sonuncudur.

– Ömrünüz uzun olsun, şahım, – deyib Təbərxan sırada yerini tutur.

– Baş vəzir, bəs Qaplan hanı? –deyə şah xəbər alır.

– Naxoşlayıb bir az, şahım. Bir-iki günə düzələr.

– Baş vəzir, Aslan, baş hakim Abdulla və digər əyanlar! Daha sizi tez-tez yanıma çağırmayacağam. Hərə öz işini yaxşı bilir. Gözüm isə daim üstünüzdədir. Gedin. Valiliklərdə olun. Hər şeyi yerində görün, dəyərləndirin, lazımi göstərişlərinizi verin. Həqq dövlətini daha da gücləndirin. Bir sözünüz yoxdursa, gedə bilərsiniz!

– Şahım, – deyə baş hakim Abdulla irəli çıxır, – izn versəydiniz oğlumun sizə sözü var.

– Yaxşı, gedin. Təbərxan, sən isə qal!

Əyanlar çıxırlar. Təbərxan şahın qarşısına gəlib təzim edərək sözünə başlayır:

– Şahım, icazə versəydiniz sizin əksinizi kağıza çəkərdim.

– Axı, İslamla şəkil, heykəl qadağan olunub. Qorxmursan?

– Düz buyurursunuz, şahım. Amma başqa bir xüsus üçün mənə lazımdır. Bəlkə də dövlət əhəmiyyətli, vacib bir şeydir.

– Nədir ki o?

– Qısa müddətə hazırlayıb sizə təqdim edəcəyəm. Sözlə ifadə edə bilmirəm. Nə bizdə, nə də ki, qonşu məmləkətlərdə belə bir şey olmayıb.

– Olsun. Başa düşdüm. İndi mən nə etməliyəm?

– Sadəcə, bir müddət tərpənməyin. Özünüzü dikəldin, – deyib Təbərxan şaha yaxınlaşdı. Tacını düzəltdi, – Şahım, bax bu cür hərəkətsiz dayanın. Başınızı da tərpətməyin.

– Nəfəsimi də saxlayım? – deyə şah gülümsündü.

– Xeyr, şahım.

– Yaxşı! Başla!

Təbərxan əlindəki tumarı açıb kağızın üzərində üz cizgilərini qeyd etməyə başladı. Tezcənə işini bitirib kağızı yenidən bürmələdi.

– İşimi qurtardım, şahım. İzn versəydiniz...

– Təbərxan, sənə bir tapşırıq. Həqqi məscidinin inşasını başa çatdırmağı atana tapşırmışam. Sən də öz töhfəni verməlisən bu işə. Daha doğrusu bu, artıq sənin borcundur.

– Böyük şərəfdir mənimçün, şahım.

– Yaxşı. Get!

 

***

 

Qaş qaralır. Qala qapıları yavaş-yavaş bağlanır. Göyverən Şah sarayın eyvanından paytaxtı seyr edir: gör neçə vaxtdır ki, şaham. Eyni mənzərə, eyni görüntü. Heç nə dəyişmir. Bircə müharibə dövründə azca sakitlik çökmüşdü şəhərə. O da şəhidlərin ruhuna hörmət əlaməti olaraq. Onda heç olmasa müsəlmançılıq vardı. Görəsən indi müharibə olsa, qonşusunda şəhidi olana hörmət əlaməti olaraq, toy-bayramlarını saxlayarlarmı? İnanmıram. Amma İtbaşı düz deyir – mən bütəm. Həm də Allaham. Ləğv edilən bütləri də mən əvəz edirəm, göydəki o gözəgörünməz Allahı da... Bəs özümü niyə göstərmirəm? Varlığımı niyə gözə soxmuram? Axı Allah  da hərdən zəlzələ edir, sağalmaz mərəzlər göndərərək insanları qırır. Quraqlıq yaradır, çayları məcrasından çıxarıb, kəndləri yuyub aparır. Yox, sakit oturmaq olmaz. Nəsə bir təlatüm yaratmalıyam. Xalq bilməlidir ki, onun şahı yatmayıb. Həmişə nəzarətdə saxlayır onları. Yoxsa qudurarlar, başlayarlar hürməyə, quduzlaşıb diş atarlar. Yox. Qoy bir az ara verim. Qüdrətlə Abdulla kəllə-kəlləyə gəlsinlər. Çəkişsinlər, dalaşsınlar. Adamları bir-birini didsinlər. Varlanıb qudursunlar. Sonra baxarıq. Hələliksə, bir az dincəlim. Həyat qabaqdadır hələ. Nə yaşım var ki... Durum gedim hərəmxanaya. Vacib deyil ki, nəsə edim. Qızlarla danışaram. Rəqs edərlər, oxuyarlar. Məni şənləndirərlər. Tənha otaqda niyə yatmalıyam ki? Məgər hərəmxana mənim otağım sayılmırmı? Əlbəttə ki, sayılır. Bəs onda niyə sarayın həyətindədir? Ayrıca mühafizə olunur? Sanki saray içində saraydır.

– Eşikağası! – deyə şah çağırır. Eşikağası otağa girərək təzim edir.

– Bəli, qibleyi-aləm.

– Hərəmxanaya gedəcəyəm. Denən hazırlaşsınlar.

 

***

 

Hava qaralıb. Hərəmxana. Şah xalça döşənmiş taxtda mütəkkələrə dirsəklənərək uzanıb. Hərəmlərdən biri ayağını ovuşdurur, o biri saçını sığallayır, digəri şərbət verir, bir başqası isə meyvələri dilimləyib ağzına qoyur. O biri hərəmlər isə kiçik çarhovuzun ətrafında dövrə vurub rəqs edirlər. Hamısı eyni geyimdədir. Döşləri tülün altından aydın və cazibədar görsənir. Göbəkləri açıqdır. Oynadıqca, hərəkət etdikcə tülün yan kəsiklərindən baldırları aydın görünür. Şah bu mənzərədən hayıl-mayıl olub. Rəqs eləyənlər yorulduqca onları kənarda əyləşən digər hərəmlər əvəz edirlər. Sığallayanları isə şah özü bezəndə dəyişdirir. Bir qızılısaç, alagöz hərəm isə lap kənarda oturub nəinki şaqraq gülüşü və ya əl çalıb yerində dingildəməyi ilə şahın fikrini özünə cəlb etmək istəyir, əksinə qəmli-qəmli pəncərədən həyətə baxır. Hərdən isə şənlənən qızlara ani nəzər salıb ah çəkir.

Şah birdən əlini əlinə vurdu. Musiqiçilər dayandı. Bu o demək idi ki, seçim vaxtı çatıb. Ya əvvəllər olduğu kimi şah hamama gedəcək, ya da ki, seçdiyi qızı çimizdirib, geyindirib onun yatağına yola salacaqlar. Qızlar taxtın qabağında sıraya düzüldülər. Səhərdən pəncərənin qırağında oturan hərəm də gəlib arxada durdu. Şah isə dinmirdi. Mütəkkəyə dirsəklənib diqqətlə onlara baxırdı. Handan-hana işarət barmağını irəli uzadaraq arxada dayanan həmin alagöz, qızılısaç hərəmi işarə verdi. Ayağa durub yataq otağına yönəldi.

Qapı döyülür.

– Gəl! – deyə şah səslənir.

Qapılar açılır. Şahın işarə verdiyi qız içəri girir. Müşkənbərin qoxusu otağa yayılır. Qapılar bağlanır. Şah qıza yaxınlaşır. Boyu balaca olduğundan qızın çiynindən gələn şah onun ətrafında dövrə vurub qənşərində dayanır. Qızdan gələn ətir onu daha da ehtiraslandırır. Hərəm isə donuq gözlərini tavanda bir nöqtəyə dikərək sakit dayanmaqda davam edir. Şah qızın belini qucaqlayaraq, diqqətlə ona baxır. “Bu cür edəndə Qəndabın döşləri enib-qalxardı, ah-ufu aləmi götürərdi. Bu hərəm isə elə bil müqəvvadır. Bədəni isti olmasaydı sayardım ki, ölüdür” deyə düşünür.

–  Soyun, gir yatağıma! – deyə şah amiranə şəkildə dilləndi və əlini qızın belindən çəkib yatağına uzandı.

Qız yenə sakitliyini pozmadan paltarlarını soyundu. Şah bu mənzərədən lap özünü itirdi. Dodaqları qurudu. Çəlimsiz bədəni ehtirasdan titrəməyə başladı. Qız gəlib yanında uzananda, bədəni bədəninə dəyəndə az qaldı ki, ürəyi dayansın. Qulaqları guppuldayırdı. Sakitcə uzanıb gözlərini tavana dikən qıza baxaraq balaca göyverənin artıq döyüşə hazır olduğunu hiss etdi. Üç dəfə hücumdan sonra qalanı özünə tabe etdirdi. Qız isə dinmirdi. Sanki lal idi. Səhər açıldı. Şah gün işığında qızı bir daha görəndə halı dəyişdi, yenidən “hücuma keçdi”. Qız isə sakitcə uzanmışdı.

– Yaxşı, gedə bilərsən! – deyə şah amiranə şəkildə dilləndi.

Qız yatağından durdu. Qanlı mələfəni yığışdırdı. Sonra paltarını geyinib şaha təzim edib qapını döydü. Qapılar açıldı. Şah isə yerindən tərpənə bilmirdi. Pəncərələrdən içəri girən səhər mehi onun lüt bədənini sığalladıqca uçunurdu. “Mənə deyirlər beliboş, karsız? Mən sizə göstərərəm” deyə öz-özünə deyindi. “Başa düşmürlər ki, qadın qadın olanda, kişinin kişi olmaqdan başqa əlacı qalmır. Görəsən qızın adı nə idi? Heç soruşmadım da” – deyə gülümsündü.

 

***

 

Saray. Şahın otağı. Göyverən Şah öz taxtında oturub. Baş xəzinədar Hətəmdən və baş nəqqaş Təbərxandan başqa hamı şahlığın gələcəyi naminə şahın əmrlərini yerinə yetirmək üçün valiliklərə gedib. Qaplan isə xəstədir. Şah darıxır. Dünən gecəni birlikdə keçirdiyi hərəm yadına düşür: bu nə deməkdir? Vurulmuşammı? Yoxsa sadəcə darıxdığımdan belədir? Hamı valiliklərdən geri dönəcək və hər şey də əvvəlki vəziyyətinə qayıdacaq. Yox. Vurulmaram. Axı mən şaham. Mən qibleyi-aləməm, mənim şahım ola bilməz. Sadəcə gözəl bir qadın görmüşəm. Bu təbiidir. Axı hərəmxanadakılar hamısı gözəldir. Bəs mən niyə məhz bunu seçdim? Yəqin ötəri hissdir. Keçib-gedəcək. Bir də ki, mənim şahım ola bilməz, amma vəliəhdim, daha doğrusu şahzadələrim əvvəl-axır olmalıdır, ya yox? Gözəl qızdır. Hərəm də nə qədər gözəl olsa, şahzadələr də gözəl ola bilər. “Ola bilər” niyə dedim? Çünki vay o günə ki, uşaqlar mənə oxşaya. Həqqinin vaxtından qalan saray əyanları da onlara “göyvərən oğlu göyvərən” deyələr. Yox. İtbaşıya sonacan qulaq asmayacağam. Hər şeyin öz vaxtı var. Vədəsi çatanda nəsillərini kəsəcəyəm. Mən yalnız o vaxt sakitləşə bilərəm. Mən imkan vermərəm ki, onlar mənim uşaqlarımın da həyatını göy əskiyə çevirsinlər. Özü də ki, o uşaqlar doğulanda əsilzadə doğulacaqlar, damarlarında göyvərən qanı yox, göy qan axacaq. Bu nə fikirlərdir ağlıma gəlir. Sən şahsan, Əfdal deyilsən. Sən Göyverən Şahsan. Sən hər şeyə qadirsən. Bəlkə də ötən gecə bir insan yaranışının əsasını qoymusan. Bu gecə də qoya bilərsən. İstəsən hər gün, hər an bunu edə bilərsən. Burda qeyri-adi nə var ki? Hərəmxanan yerində, qızlar da hər zaman yolunu gözləyir. Lazım olsa yenilərini də gətir qat ora. Olmasın sən düşündüyün hərəmxana, olsun elə xalq düşündüyü kimi – şahın qəhbəxanası. Onsuz da camaat hərəmxana deyəndə belə başa düşüb, belə də başa düşəcək. Amma canıyanmış paltarsız lap gözəl idi. Görəsən, o birilər də belədir? Niyə suallar məni belə narahat etməlidir ki? İndi gedib başqasını seçərəm. Sabah o birini, birisigün bu birini. İstəsəm ikisini, üçünü birdən salaram yatağıma. Mən şaham. Mən hər şeyə qadirəm. Yox. Danışıram da... gücüm yetərmi? Özümü gücdən salıb, “karsız” sözünü niyə özümə dedirtməliyəm ki? İki gündən bir, üç gündən bir getsəm düz olmazmı? Yaxud da mənim hərəmxanadan başqa işim-gücüm yoxdurmu? Var. Əyanlara göstəriş vermişəm, işlərinin başındadırlar. Bəlkə dərviş libası geyib şəhərə çıxım? Yox. İtbaşı dedi ki, pünhan qal xalq üçün. Aslan da paytaxtda yoxdur. Birdən keçəndəfəki kimi tiryəkilərə rast gəldim, ya da şahgülükimilərinə. Bu dəfə fərraşlar məni tutsa çətin ki, sağ buraxalar. İlim-ilim itirərlər məni. Baş vəziri şah etmək onların çoxdankı arzusu ola bilər. Nə qədər ki, uşağım yoxdur, axı qanunla Qüdrət davamçım sayılır. Tezdir, ay Göyverən Şah, tezdir bu haqda düşünmək. Sənin hələ otuz yaşın yoxdur. Görəcəyin işlər də nə qədər. Ən salamatı hərəmxanadır. Mühafizlər də öz yerlərində. Sərdar Abbas da öz ordusuyla onların başında. Sonuncu müharibədə də belə etmişdim. Saraydan heç yana çıxmırdım. Bəs sonu nə oldu? Yox. Onda başqa zaman idi, təzə idim, vaxt başqa vaxt idi, indi isə başqa zamanadır. Məni aldada bilməzlər. Qəzəbimin və qılıncımın gücünü gördülər. Heç mən deməmiş satqın, xəyanətkar axtarışına çıxıb, yolumda adam qurban kəsəcəklər ki, onların sədaqətinə inanım. Hər şeyi yoluna qoymuşam. Əmin-amanlıqdır inşallah. O vaxt mənə yaxşı dərs oldu. İnanmıram bir də elə səhv buraxam. Yaxşısı budur, İtbaşı dediyi kimi gedim allahlığımı edim. Cəhənnəmi yaratdım, indi də Cənnətin vaxtıdır – buvaxtacan eləmədiklərimin hərəmxanada bədəlini ödəmək vaxtıdır.

– Eşikağası!

– Bəli, qibleyi-aləm.

– Hərəmxanaya gedəcəyəm. Denən hazırlaşsınlar.

– Başüstə, qibleyi-aləm.

 

***

 

Hərəmxana. Qızlar şənlənirlər. Daha doğrusu şahı şənləndirməyə çalışırlar. Rəqs edəndə döşlərini, baldırlarını açaraq sanki şahın gözünə soxmaq istəyirlər. Şah isə sakit uzanıb. Gözü isə dünənki qızı axtarır. O isə gözə dəymir. Yanında dayanan hərəmdən onu soruşur:

– Dünənki qız gözümə dəymir.

– Hansı qız, şahım?

– Mənim yatağıma yola saldığınız.

– Şahım, Karineni deyirsiz? O artıq qız deyil, arvaddır. Deməli sizə də layiq deyil artıq. O, istədiyini aldı, getdi. Gözü yolunuzda qalanlar bizik, öz növbəmizi səbirsizliklə gözləyirik. Adım Yunnadır, – deyə hərəm şaha naz satdı.

– Anlayıram, anlayıram, – deyə şah qızın yumşaq yerindən çimdik götürdü. Qız ağrıdan qışqıraraq yerindən hoppandı, –  amma yenə olsun, hardadır o Karine?

– Quymaq yeyir öz otağında, – deyə qızlardan bir başqası dilləndi, – çətin ki, üç-dörd günə özünə gələ.

– Nə tez? Axı quymağı doğanlara verirlər.

– Yaman çox qan itirib, şahım! – deyib qızlar gülüşməyə başladılar. Şah onların sözündən razı halda öz yerini kürsünün üstündə bir az da rahatladı. Birdən əlini əlinə vurub şappıldatdı. Musiqi səsi kəsildi. Qızlar şahın qarşısında düzləndilər. Şah işarət barmağını bayaqdan dil-dil ötən qıza uzadaraq, – hərəmlər, Karineyə deyin ki, quymaqdan Yunnayçun da saxlasın, – deyib gülə-gülə yataq otağına yollandı.

 

***

 

Səhərdir. Şah otağında təkdir. Gecə olanlardan hələ də məstdir. Fikrə gedir: Yunna da yaxşı idi. Amma Karine heç cür yadımdan çıxmır. Yaxşı, hərəmxana saraydan aralıdır. Bəs onda niyə qızlar onun saraydakı yataq otağına gəlməlidir? Olmazmı ki, elə hərəmxananın özündə bir otaq ayırsın?! Olar, niyə olmur ki... Əvvəllər Qəndabla gecəni orda keçirmirdimi? Hamam da heç pis yer deyil. Baş hərəmin otağı da boşdur. Görəsən bu qızlardan hansını baş hərəm təyin edim? Bu suala cavab tapmağa nə var ki? Kim birinci oğlan uşağı doğsa, onu da baş hərəm təyin edərəm. Amma bu fikrimi açıqlamayacağam. Yoxsa bir-birlərinə xətər yetirərlər, vaxtından əvvəl doğuzdurarlar ki, uşaq tələf olsun. Gör nəyi fikirləşirəm. Guya ki, hərəmxanaya mən keyf etməkçün yox, cütləşməkçün gedirəm. O sonranın söhbətidir. Uşaq ola da bilər, olmaya da... Doğmaqdan danışdım İtbaşı yadıma düşdü. Görəsən neyləyir? İti küçüklədimi? Əgər küçükləyibsə, işi də çətinləşib yəqin. Gəl indi bunları da dolandır. Saraya gəlsəydi bir kef yaşadardım ki, ona. Heyf gəlmir də... Bəlkə beldən boşdur? Yox. Sadəcə qocadır. Ona görə də eyş-işrətə həvəsi ölüb. Necə yəni ölüb? Mən iyirmi səkkiz yaşlı oğlan iki gündür “cik” edib yumurtadan çıxmışam, indi başqalarını beliboşluqda qınayıram. Nə isə. İndi görən nə vaxt gedəcəyəm yanına? Aslan çətin ki, tez qayıda. Baş sərdar Abbas isə sarayı tərk edə bilməz. Yoxsa onunla gedərdim. Bir də ki, hər şey qaydasındadır. İtbaşıya ehtiyacım yoxdur. Xəzinə doludur. Bir az da mənəvi qida alım. Görəsən mənəvi qida budurmu? Rahatlıq tapmaq üçün yalnız qızlarlamı əylənməlisən? Hə? Amma atam deyirdi ki, qadınlar saraya fəlakət gətirir. Bəs onda İtbaşı niyə məsləhət gördü ki, hərəmxananı yaradım? Yaxud da ki, fahişələrlə maraqlanmaq. Yox, İtbaşı həm də “şahım” məsələsini də izah etdi axı. Bunu yaddan çıxartmamalıyam. Qadınlar sadəcə mənimçün əşyadır. Şəhvətimi öldürmək üçün bir məxluqdur. Köhnələndə yeniləyərəm. Özlərini pis aparsalar öldürtdürərəm. Öldürmək nə üçün? Göndərərəm Aslanın karvansarayına. Orda həyatın mənasını yaxşı-yaxşı başa salarlar onlara. Bir də ki, axı niyə başımı boşuna yorub bu haqda fikirləşirəm? Hələ təzəcə başlamışam. İkisi quymaq yeməyə başlayıb. Yox, hamısına quymaq yedizdirməliyəm. Eybi yox. Qoy otuz, qırx, əlli uşağım olsun. İmkansızammı? Mən şaham! Hamısını saxlamağa qızılım çatar! Amma Karine yaman xoşuma gəldi. Heç səsini də eşitmədim. Sızıldamadı, qışqırmadı da Yunna kimi – bakirəliyini itirəndə. Yox. Vurulmaram heç kimə. Axı mən şaham! Mənim şahım heç vaxt ola bilməz. Mənim yalnız hərəmxanam ola bilər. Karine də o hərəmxanada yüz nəfərdən biridir. Görəsən necədir? Özünə gəldimi? O gecə itirdiklərini bərpa etdimi? Bəs mənə niyə quymaq bişirmirlər? Mən heç nə itirmirəmmi? İtirirəm. Amma mənə quymaq sonra yox, əvvəl lazımdır.

– Eşikağası! – deyə şah qışqırdı.

– Bəli, qibleyi-aləm, – deyə eşikağası hövlnak özünü otağa saldı.

– Aşpaza de ki, hər şam yeməyinə mənə quymaq versin. Özü də ki, tut doşabıyla.

– Başüstə, qibleyi-aləm.

Eşikağası çıxır. Şah yenə otağında tənhadır. Darıxır. Axşama isə çox var. Bilmir nəylə başını qatsın: deməli, hər şeyim var. Bəs niyə darıxıram? Bəlkə bu, insan həyatı üçün bəs etmir? Ruhi qida da lazımdır.

 

Baxırsan hər şeyim var,

Ruhumsa itib-batır.

Dörd yanım adam dolu,

Təklikdən qulaq batır.

 

Lap elə bil ki, məni görüb yazıb şair. Bəlkə şairləri ətrafıma yığım – mənəvi qida versinlər mənə. Bəs hardan bilim ki, onlar əsl sənətkardırlar. Ruhumu oxşamaq əvəzinə zəhərləməyəcəklər. Yəni mən o qədər avamam ki, əsli saxtadan ayıra bilməyim? Bir də ki, özbaşına etməyəcəyəm seçimi. Baş nəqqaş ağıllı adama oxşayır. Ona deyərəm, seçib gətirər.

– Eşikağası!

– Bəli, qibleyi-aləm, – deyə eşikağası hövllü otağa daxil olur.

– Baş nəqqaş Təbərxana de ki, gəlsin bura!

– Başüstə, qibleyi-aləm, – deyib eşikağası otaqdan çıxır. Bir müddətdən sonra Təbərxanla geri qayıdır, – Qibleyi-aləm, baş nəqqaş Təbərxan əmrinizə müntəzir qapıda gözləyir.

– De, gəlsin! – şah amiranə surətdə dilləndi. Eşikağası çıxdı. Təbərxan otağa girib təzim etdi.

– Şahımın günü xeyirli olsun.

– Olsun – nə deyirəm ki... amma ki, bu səndən çox asılıdır.

– Əmr edərsiniz, şahım. Nə desəniz hazıram.

– Ruhi qidam çatışmır, Təbərxan.

– Anladım sizi, qibleyi-aləm. Mən bilirdim ki, şahımız şeir-sənət aşiqidir. Kimi dəvət edim?

– Kimi məsləhət bilirsənsə, onu da çağır.

– Böyük şərəf verdiniz mənə, şahım, – deyib baş nəqqaş otaqdan çıxdı.

Şah otaqda yenidən təkdir. Darıxır: bəlkə Karineni çağırım yanıma. Vacib deyil ki, nəsə edim. Sadəcə söhbət edim. Haralardan gəlib saraya düşdüyünü öyrənim. Yəqin ki, maraqlı həyat hekayətləri olar. Çünki hərəmxanada bir dənə də yerli adam yoxdur. Hamısı müharibədən qalan qənimətdir. Yox. Olmaz. Camaatın ağzına söz sala bilmərəm. Sonra da deyəcəklər ki, şah dövlət işlərini atıb bir qırağa, başı da qarışıb eyş-işrətə. Bu qara camaatı da başa düşmək olmur. Bir şey eləmirsən deyirlər ki, şahımızın beli boşdur, karsızdır. Eləyəndə də olursan əyyaş. Yaxşısı budur ki, elə hər şeyi vaxtında eləyim. Gündüzün gündüz işi var, gecənin gecə. Gecə onsuz da hamı yatır. Kimin nə borcuna ki, şah gecə tək yatır, yoxsa ki, cüt? Saray da saray deyil ha... Ağzıcırıqlar məhəlləsinin bir küçəsidir sanki. Nə olursa səhərisi bütün paytaxta yayılır. Bu Təbərxan da harda qaldı? Yəni üç-dörd şairi tapıb saraya gətirmək belə çətin məsələdir?

Şah eyvana çıxır. Şəhər öz ahəngiylə yaşayır. Sarayın yaxınlığından qadın səsi gəlir: “Ay Göyverən Şah, səni görüm zəlil olasan. Səni görüm öləsən. Səni görüm nəslin kəsilsin. Şahzadə üzünə həsrət qalasan. Səni görüm mənim başıma gətirdiklərin öz başına gəlsin. Lərzan, huy. Lərzan, huy. Dörd balam, huy, huy, balalarım, huy”. Göyverən şahın halı dəyişir. Tükləri biz-biz durur. Mühafizlər həmən qadının qolundan tutub sürüyərək aparırlar.

– Eşikağası!

– Bəli, şahım.

– Nə səs-küydür orda?

– Bilmirəm, şahım.

– Saray mühafizini çağır bura.

Eşikağası gedir. Az sonra saray mühafiziylə qayıdır.

– Nə baş verib orda, mühafiz!

– Şahım, bir səfil idi. Yolunu azıb gəlmişdi bu tərəflərə. Qəhqəhə qalasına göndərdim. Deyirlər ki, dəlidir.

– Dəlidir? Mən elə bildim ki, zindanlıqdır.

– Xeyr, şahım. Zindana ağıllı adamı salarlar. Bu isə dəlidir.

– Hardan bildin ki, dəlidir?

– Şahım, ağlı başında olan adam şahı təhqir edərmi, qarğış yağdırarmı?

– Yox.

– Ona görə də Qəhqəhə qalasına apardılar. Oranın da adı zindandır. Amma ağıllı ora düşsə, dəli olar. Bir azdan bu qadın da söyüb-eləməyəcək. Elə güləcək ki, qəhqəhəsi gəlib bura çatacaq.

– Qəribə adı var – Qəhqəhə.

– Şahım, Təbərxan gəlib.

– Gəlsin!

Təbərxan otağa girir.

– Qibleyi-aləm, əmrinizi yerinə yetirdim. Şair qapının ağzında izninizi gözləyir.

– Gəlsin! – deyib şah özünü dikəltdi. Kasıb, amma səliqəli geyimli birini mühafizlər qolundan tutaraq içəri saldılar. Şair ayaq üstə güclə dayanaraq, bir gözləri bağlı, bir gözləri açıq şaha baxmağa başladı, – Təbərxan, bu nədir? – deyə şah qeyzləndi, – Mən dedim ki, sənətkarı dəvət elə. Demədim ki, həbs elə gətir. Gəlmək istəmirdi – gəlməyəydi. Şahın adından sənətkara bu nə hörmətsizlikdir? Hə?

– Əsla, qibleyi-aləm, bu xəbəri ona çatdıranda sevincindən az qaldı ki, uçsun. Amma nə edim ki, onu yeməkxanada tapdım. Artıq məsti-xumar idi. Ayaq üstə güclə dayanırdı. Sizin əmrinizi isə həmən yerinə yetirməliydim. Sarayacan birtəhər gətirdim. Sizin otağınıza qədər yolu isə məcbur olub mühafizləri köməyə çağırdım.

Şah güldü. Özü içki içməsə də hoqqa çıxardığı gecədə başına gələnləri yada saldı.

– Eybi yox. Nə biləydi ki, şah onu dəvət edəcək. Bilsəydi, içərdimi? İçməzdi əlbəttə ki... Apar şairi sarayın hamamına, özünə gəlsin. Yemək vermə. Şama bir yerdə olacağıq. Özünə gələndən sonra xəbər elə.

– Başüstə, qibleyi-aləm, – deyib Təbərxan şairi mühafizlərin köməyi ilə otaqdan çıxarır.

Şah yenə də təkdir. Fikrə gedir: bu şeyx, axund hara baxır görəsən? Yeməkxanalar günün günorta vaxtı camaata şərab satır. Bəlkə hoqqa da təklif edirlər. Heç qorxu qalmayıb bunlarda. Eybi yox, baş vəzir qayıdanda danışaram onunla. Bunlara təpinməsəm dini, mərifəti ayaq altına atıb yox edərlər. Amma düzünə qalsa vəzirdə-vəkildə nə günah var e... özüm hər cümə namazında din xadimlərinin başına oyun açmırdımmı? Birrəngin özbaşınalığı da məndən qaynaqlandı. İndi azad bir məmləkətə çevrilib Həqq dövləti. Kim nə istəyir, onu da edir. Hər şeyi baş vəzirə tapşıranda sonrasının belə olacağını bilmirdimmi? Əlbəttə ki, bilirdim. İtbaşıdır hamısına səbəbkar. Yaxşıca saman təpirdim hamısının dərisinə. İndi isə çaş-baş qalmışam. Qanuna qalsa bu şairi zindana saldırmalıydım. Mən isə onu şah hamamına göndərdim. Bahalı əyin-baş verdirirəm. Hələ onunla şam da eləyəcəyəm – ondan ruhi qida almaq ümidiylə. Amma çətin. Qorx ki, məni də öz gününə salsın. Şairlərdir də... kefcillik onlara yaraşır. Yeməsələr, içməsələr yaza bilməzlər axı... Amma günorta olmamış niyə içirlər ki? Gecə xəlvətini gözləyə bilməzdilərmi? Yəni başa düşmürlərmi ki, bütün qanunsuzluqlar gecənin qaranlığında ört-basdır olur, görünmür? Eybi yox, bunlara yaxşıca qulaqburması verərəm, işlərini bilərlər. Yaxşısı budur bir az pinəkləyim. O vaxta şair də ayılar yəqin.

Axşam azanına az qalır. Qapı döyülür.

– Gəl! – deyə şah diksinib yuxudan ayılır.

Qapı açılır. Təbərxan içəri girib şaha təzim edir:

– Qibleyi-aləm, əmrinizi yerinə yetirdim. Şair qəbul üçün izninizi gözləyir.

– Gəlsin!

Saçı-saqqalı səliqəyə salınmış, bahalı əba geyinən şair heç kimin köməyi olmadan, sanki yıxılacağından qorxaraq qısa addım ata-ata içəri girir. Bənizi saralıb. Titrəyir. Şahın qabağında dayanıb təzim edir. Amma başını qaldırmır. Səhərdən onu tənbeh etməyə hazır olan Göyverən Şah bu yazıq halı görüb fikrindən vaz keçir.

– Şair, nə olub? Rahat ol. İndi içmisən içmisən də... Sizlərə olar. Amma day günün-günorta çağı yox da... Bundan sonra bunu nəzərə al. Məmləkətin hörmətli adamlarısınız, xalqımızın düşünən beyni, deyən dilisiniz. Siz isə... – Şah susdu. Şair isə titrəməyində davam edirdi. Büzüşərək başını qaldırıb şahın üzünə baxmırdı, – Ay şair, nə olub, xəstələnmisiniz?

– Bəli, qibleyi-aləm, başım ağrıyır, – deyə şair axır ki, dilləndi.

– Saray loğmanı da yoxdur ki, çağırım.

– Nə loğman, qibleyi-aləm. Çətin ki, loğman bu xəstəliyimə əlac edə, – deyib üzünü Təbərxana çevirərək acıqla ona baxdı. Təbərxan da boğazını arıtlayıb tərs-tərs şairi süzdü.

– Nə olub? Bir məni də başa salın görüm ki, nə hadisə baş verib?

– Qibleyi-aləm, neçə vaxt idi ki, aclıq idi. Bu gün bir tacir mənə rast gəldi. Hörmət əlaməti olaraq nahara dəvət etdi. Çox səxavətli adamdır bu tacir. Həm də şeir-sənət aşiqidir. Nə istədimsə süfrəyə gəldi. Elə yemək-içməyin yaxşı yerindəydik ki, bu Təbərxan peyda oldu.

– Necə yəni? Sözünüzdən belə çıxır ki, siz mənim dəvətimdən narazısınız? – deyə şah qeyzləndi.

– Xeyr, qibleyi-aləm. Əksinə, sevindim. Tacir də bunu eşidib bizə qoşulmaq istədi.

– Bəs nədən narazısınız? Rənginiz saralıb, titrəyirsiniz, qanıqara dayanmısınız. “Başım ağrıyır” deyirsiniz. Belə çıxır ki, mən sizinlə danışmaqla başınızı ağrıdıram? – deyə şah bir az da səsini qaldırdı.

– Əsla, qibleyi-aləm. Təbərxanın dediyi kimi də elədim. Hüzurunuza gələndə və siz tapşıranda ki, aparın şairi hamama, səliqəyə salın, təzə geyim verin – lap sevindim. Şah hamamında çimmək hər şairə qismət olmur axı. Amma...

– Nə amma? – deyə şah artıq səbrini basa bilmədi.

– Qibleyi-aləm, siz hamamda isti suyla çimirsiniz, yoxsa soyuq?

– İsti. Hamam da o qədər isti olur ki, buxardan göz-gözü görmür.

– Xub. Mən belə də bilirdim. Əvvəl elə də oldu. Məni kisələdilər, sabunladılar, ovuşdurdular, saç-saqqalımı səliqəyə saldılar – bir az da rahatlanıb məsti-xumar oldum. Təbim də gəlmişdi. Yanımda kağız olsaydı yazardım da... Amma bu Təbərxan kisəçiyə yaxınlaşıb nə dedi-nə demədi bilmirəm, başladılar, nə başladılar.

– İşgəncə verdilər sizə? – deyə şah gülümsündü.

– Nə işgəncə? İşgəncə bunun yanında toya getməlidir.

– Nə etdilər axı, ay şair? Hövsələm tükəndi artıq.

– Kisəçi və köməkçiləri başladılar üstümə bumbuz soyuq su tökməyə. Ta ki, indiki vəziyyətə düşənə qədər. Batil oldu yemək-içmək də, şah hamamından aldığım həzz də... Ayıldım.

Şah uğunub özündən getdi. Təbərxan da şairin qınaq dolu baxışlarından gizlənərək bığaltı pıqqıldamağa başladı. Amma şair gülmürdü. Əsməyi davam edirdi. Şah handan-hana özünə gəlib ciddi görkəm alaraq:

– Təbərxan, bu nə hərəkətdi? Kisəçini cəzalandırarsan. Hamamda niyə isti su qurtarmalıdır ki? Şairin gəlişinə qalmışdı? – deyə üzünə ciddi görkəm verdi.

– Başüstə, şahım, – deyə Təbərxan təzim etdi. Şair isə acıqlı baxışlarını hələ də ondan çəkmirdi.

– Yaxşı, ay şair, şam vaxtıdır. Yəqin ki, acmısan. Şam edək. Bəlkə titrəməyin keçdi.

Tez süfrə salındı. Ortada day nələr yox idi. Şah neçə dəfə “nuş edin” desə də, şair əlini yeməyə uzatmırdı. Əsməyi də dayanmırdı. Bunu görüb şah da əlini süfrədən çəkdi. Təbərxana başıyla işarə etdi. Ortaya saxsı qabda nəsə gətirib şairin qabağına qoydular. Qonağın üzü o saat güldü. Tez meyi badəyə süzüb yuxarı qaldırdı:

– Şahım, sənin şərəfinə, –  deyib, badəni başına çəkdi. Əlini yeməyə uzatdı.

Saray. Şahın otağı. Göyverən Şah, şair və Təbərxan süfrə arxasında dövrə vurub oturublar. Yemək yığışılıb. Ortaya çay, şərbət, şirni, meyvə gəlib. Şair məsti-xumardır. Şahla Təbərxan ayıq olduqlarından onun mütəkkəyə söykənib xumarlanmağına baxıb gülürlər.

– Şair, axır vaxtlar nə yazırsan?

– Heç nə, şahım.

– Niyə?

– Necə yazım ki?

– Əvvəl necə yazırdınsa, indi də elə.

– Əvvəllər şahımız Həqqi Şah idi. Allah ona rəhmət eləsin.

– İndi də mənəm – Göyverən Şah. Nə dəyişib ki?

– Şahım, şairə yazmaq üçün nə lazımdır?

– Kağız, lələk, mürəkkəb.

– Şahım, o sonuncu məqamdır – beyinə gələni cansız bir kağıza köçürmək. Amma şair nədənsə ilham almalıdır ki, yazsın da... Həqqi Şah bizə aybaay kömək edirdi. Nə qədər olub ki, rastlaşmışıq onunla, aparıb bizi qonaq edib. Kənardan baxanlar da görüb ki, şah öz şairinə necə hörmət edir, onlar da o cür bizə münasibət bəsləməyə başlayıblar. Axı hamının şeirdən, sənətdən başı çıxmır. Qanmır desəm yanılmaram. Gərək şeirin xiridarı olasan. İndi isə pulumuz yox, Həqqi Şah kimi hörmətlə yanaşanımız yox, hansısa xiridar tacirin mərhəmətinə qalmışıq ki, elələriylə də az-az rastlaşırıq. Rastlaşanda da o qədər içirik ki, bilmirik qabağımızdakı şahdır, yoxsa rəiyyət. Ürəyimizdə nə var gətiririk dilimizə. Qibleyi-aləm, tacir isə heç vaxt şah ola bilməz. Bilirsinizmi şairə nə lazımdır? İstədiyi vaxt yeyib-içsin. İstədiyi təamları alsın. Ailəsi tox olsun ki, boş-boş şeylərlə başını doldurub, ilhamını qaçırmasınlar. Şairə nə lazımdır ki? Diri ilham pərisi. Şair sevməsə, yaza bilərmi? Əsla. Şairə nə lazımdır ki? Xalqın sevgisi və şahının sevgisi. Əgər şaha şeir lazım deyilsə, çörəyə möhtac olan xalqa şeir-sənət dünəndən lazım deyil. Şahım, şair dərviş deyil ki, qapı-qapı düşüb öz azuqəsini yığsın, bir məmləkətdə çörək tapmayanda digərinə adlasın. O məmləkətdə dərvişlər, ağzıcırıqlar, boşboğazlar at oynadır ki, həmin məmləkətdə şah şeirə, şairə hörmətlə yanaşmır.

– Axı yazılacaq şeylər çoxdur. İnanmıram ki, təbin gəlməyə.

– Şahım, mən şairəm. Amma özümə qamçı vurduran atlardan deyiləm. Nədən yazım? Aclıqdan, səfalətdən, xalqın acısından, əyanların özbaşınalığından?

– Hə. Yaz. Niyə yazmamalısan ki? Axı sən şairsən! Qorxursanmı?

– Qorxmuram.

– Bəs onda niyə yazmırsan?

– Sənin şah olduğun məmləkət barədə pis yaza bilmərəm, şahım, – birdən şair yerindən dikələrək, – Qibleyi-aləm, yedik-içdik. Elə bu? – soruşdu.

– Yox.

– Onda əlini-əlinə şappıldatsana... vaxtıdır.

Şah anlamadı ki, bu nə deməkdir. Amma şairin xətrinə dəyməsin deyə əlini əlinə vurdu. Otağın qapısı açıldı. Eşikağası içəri girdi:

– Əmrinizə müntəzirəm, şahım, – deyib təzim etdi.

Şah danışmadı. Bilmirdi nə desin. Şair dediyi kimi etmişdi. Amma sonra nə deyəcəyini bilmirdi.

– Şair, eşikağası əmrimi gözləyir. Nə arzu edirsən?

– Necə yəni nə istəyirəm. Həmişə yemək-içməkdən sonra şah saraylarında nə olubsa, onu.

– Nəyi axı? – deyə şah yenə intizarla gözünü şairə dikdi.

– Rəqqasələr gəlsin! – deyə şair amiranə şəkildə dilləndi. Eşikağası yerindən tərpənmədi. Şaha baxdı. Şah da çaşqınlıqla Təbərxana. Şair isə özünü sındırmadan, – Eşikağası, eşitmədin? Get, denən ki, şah rəqqasələri çağırır, – deyə bir daha təkrar etdi. Şah əliylə eşikağasına get işarəsi verəndən sonra  otaqdan çıxdı.

– Ay şair, Həqqi Şah sizə qonaqlıq verəndən sonra rəqqasələri çağırırdı ki?

– Yox. Həqqi Şah bizi saraya çağırırdı ki, hələ bir rəqqasələr də olsun?

– Bəs onda bunu məndən niyə tələb edirsən ki?

– Çünki saraydayıq. Sən də cavan şahsan. Bir də ki, dastan və nağıllarımızda belə yazılıb. Səhv yazılıb?

– Şair, mənim sarayımda rəqqasələr yoxdur.

– İnanmaram, – deyə şair şahın sözünü kəsdi, – başımı kəssən də inanmaram ki, şahın qarşısında göbəkləri açıq qəşəng qızlar burcuda-burcuda, naz sata-sata rəqs etmirlər. Bütün nağıllarda, bütün dövrlərdə sarayda rəqqasələr, çalğıçılar olub. Sarayı bu ruhi qidasız təsəvvür etmək mümkün deyil.

– Şair, düz buyurursuz, – deyə şah gülümsündü, – amma mənim rəqqasələrim öz hərəmlərimdir. Hərəmxanaya gedəndə qarşımda çalırlar da, oynayırlar da... Ora da kənar...

– Əla! – deyib şair şahın sözünü kəsərək özünü mütəkkədən dikəltdi. Gözləri işıldadı. Süstlüyündən əsər-əlamət qalmadı, – Şahım, səndən dünyada bir dənədir. Mən də birinci şair olacağam ki, şah məni öz hərəmxanasında rəqqasələrin rəqsinə baxmağa dəvət edib. Bəlkə sonra Nizami Gəncəvi kimi mənə öz kənizlərindən birin də bağışladı. Hələ kənd demirəm. Göyverən Şah, sənin kimi şaha Xəmsə nədir, xəmsələr də həsr olunsa azdır. Gedək. Rəqqasələri çox da intizarda qoymayaq, – deyib ayağa durdu və səndələyə-səndələyə qapıya tərəf yönəldi. Təbərxan da şahın işarəsiylə onun arxasıyca getdi. Qapı bağlandı. Göyverən Şah otağında yenə tək qaldı.

 

***

 

Səhərdir. Şah taxtında əyləşib. Gecəni yaxşı yatmayıb: yox, bu şair mənə ruhi qida vermədi. Əksinə, əhvalımı pozdu. Heç hərəmxanaya da getmədim hirsimdən.

– Eşikağası!

– Bəli, qibleyi-aləm, – deyə eşikağası içəri girib təzim elədi.

– Təbərxanı çağır bura.

– Başüstə, şahım.

Təbərxan gəlir.

– Bəli, qibleyi-aləm. Əmrinizə müntəzirəm.

– O nə idi dünən? Sən bilə-bilə onu gətirmişdin ki, mənim əhvalımı pozasan? Mən sənə dedim ki, istəyirəm ruhum dincəlsin. Əvəzində nə oldu?

– Günahkaram, qibleyi-aləm. Amma bu şair Həqqi Şahın ən çox hörmət bəslədiklərindən olub. İndi də hörməti böyükdür. Hər yerdə sizi təqdir edir. Sadəcə, çox içmişdi deyən ağzına gələni danışırdı.

– Ağzına gələni yox. Ürəyindəkiləri. Sərxoş adam düz danışırmış deməli. Mən də bugünəcən anlamırdım ki, şərab içmək niyə günah sayılır. Demə şərab insanı özünə qaytarırmış. Dilini açırmış. Şərab içib hətta xoşun gəlməyən pis adamı öldürə də bilərsən. Və heç kim də o pis adamda günah görməyəcək. Qatili də qınamayacaqlar. Deyəcəklər ki, günah şərabdaymış. Demə şərab günahlarını, ürəyindəkilərini dilinə gətirərək insanı daxildən təmizləyirmiş. Pisləri cəmiyyətdən cismani şəkildə silirmiş. Təbərxan, sən necə, şərab içirsənmi?

– Şahıma yalan deyə bilmərəm. Bəli. İçirəm. Amma bu şair kimi yox.

– Hiss elədim – şair üçün tezcənə şərab tapıb gətirməyindən. Hoqqa necə, çəkirsənmi?

– Xeyr, qibleyi-aləm.

– Heç çəkməmisən?

– Çəkmişəm.

– Bəs indi niyə çəkmirsən?

– Qibleyi-aləm, şərabın təsiri uzun müddət olur. Hoqqa isə qısa müddətlidir.

Şah hoqqa çıxardığı gecə başına gələnləri yadına salıb istədi ki, Təbərxanın bu fikrinə qarşı çıxsın. Amma özünü güclə saxladı.

– Madam ki, bunlarsız cəmiyyəti təsəvvür etmək mümkün deyil, qanuniləşdirəcəyəm. Day niyə gizli edirlər ki? Kim istəyir şərab içsin, kim istəyir hoqqa çəksin, kim də istəyir zina etsin. Buna görə day cəza nəyə lazım?

– Qibleyi-aləm, düzünü siz bilirsiniz. Mən nəqqaş adamam, sənətkaram. Dövlət işlərində heç nə anlamıram. Bu işlərə həmişə baş vəzirimiz nəzarət edib.

– Əhsən sənə. Yoxlayırdım səni. Görüm başqasının işinə burnunu soxacaqsan, ya yox?

– Ömrünüz uzun olsun, şahım.

– Yaxşı, Təbərxan, indi deyirsən ki, bu məmləkətdə bir şair yoxdur ki, ondan ağıllı bir söz eşidib, ruhunu qidalandırasan?

– Var.

– O da dünənki kimidir?

– Xeyr, şahım. Həm də mədrəsə sahibidir. Alimdir. Özü də şikəst adamdır.

– Adı nədir?

– Şair Abumahir.

– O da Həqqi Şahın dostlarından idi?

– Xeyr, şahım. Həqqi Şahı həmişə acı sözlərlə sancırdı. Cənnətməkan şahımız həqiqi sözə ehtiyac duyandan-duyana onun yanına gedirdi.

– Get onu mənim adımdan dəvət et saraya.

– Şahım, əmr edərsiniz. Amma şikəstdir. Ayaqları iflicdir. Əlləri isə biləkdən yoxdur.

– İndi nə edək? Onun ayağınamı gedək?

– Düzünü siz bilirsiniz, şahım. Əgər özünüz ziyarət etsəniz, xalq da bunu yüksək qiymətləndirər.

– Xalqın qiymətləndirməyinə ehtiyacım yoxdur. Mühafizlərlə get, qucaqlarına alıb gətirsinlər onu saraya. Əlbəttə ki, sən dəvətimi çatdırandan sonra.

– Başüstə, şahım.

– Təbərxan, sən mənə bir söz demişdin. Üz cizgilərimi də çəkdin. Nə oldu o sənət işinin axırı?

– Hazırlayıram, qibleyi-aləm. Çox incə iş olduğundan vaxt aparır.

– Maraqlıdır, maraqlıdır. Səbirsizliklə gözləyirəm. Yaxşı, get şairi dəvət elə. Sonra azadsan. Həqqi məscidində işləri sürətləndir.

– Başüstə, şahım, – deyib Təbərxan otaqdan çıxır.

Şah fikrə gedir: Təbərxan da mənə ağıl öyrədir. “Əgər özünüz ziyarət etsəniz, xalq da bunu yüksək qiymətləndirər”. Guya ki, mən bunu qanmıram. Məmnuniyyətlə gedərdim. Nə edim ki, İtbaşı məsləhət görmür xalq içinə çıxmağı. Nə? Məsləhət? Yox, onun dedikləri artıq məsləhət əndazəsindən çıxıb. İtbaşı artıq mənə əmr edir. Onun sözünə əməl etmədiyimə görə mənə irad tutur. Mən isə onun sanki  qulu kimi bu əmrlərə şəksiz-şübhəsiz əməl edirəm. Yox, “şəksiz-şübhəsiz”i düz demədim. Bəzən əvvəlki vəziyyətimə qayıtmaq istəyirəm. Amma yenə də İtbaşı gəlib durur gözümün qabağında. Yaxşı, bəs şair-sənətkar məsələsini də o mənə demişdi? Yox, öz ağlımın məhsuludur onları arayıb tapmaq. Ağıl yox e... ölmüş ruhum dirilmək istəyir. Yəqin şair Abumahirlə görüşdən sonra xəbər İtbaşıya da çatar. Görəsən onda nə xəta çıxartdığımı deyəcək? Axşama da az qalır. Görəsən Təbərxan harda qaldı?

Elə bunu demişdi ki, eşikdə səs-küy qopdu. Şah tezcənə eyvana çıxdı. Camaat “Buraxın ustadı!”, “Ustad nə edib ki, həbs edirsiniz?” deyə qışqıraraq mühafizlərə hücum edir, şair Abumahiri iki mühafizin qucağından güclə almaq istəyirdilər. Təbərxan da əl-qolunu yelləyib onlara nəsə deyirdi, amma səs-küydə heç nə eşidilmirdi. Şair isə yumağa dönüb sakit durmuşdu. Beləcə, Təbərxan və mühafizlər sarayın həyətinə girdilər. Darvaza bağlandı. Camaat isə dağılışmayıb, hay-küy salmağında davam edirdi.

Şah otağına keçdi. Qapı döyüldü. “Gəl!” əmri eşidilən kimi qapı açıldı. Təbərxan tövşüyə-tövşüyə içəri girdi.

– Ay Təbərxan, bu nə səs-küydü? Bu camaat niyə tökülüşüb gəlib saraya?

– Qibleyi-aləm, girdim mədrəsəyə. Şair Abumahirə ədəb-ərkanla salam verdim. Salamınızı çatdırıb dedim ki, şahımız sizi görmək istəyir. O da dedi ki, buyursun. Gözümüz üstə yeri var. Dedim ki, şahımız Göyverən Şah sizi saraya dəvət edir. Cavab verdi ki, ayaqları iflicdir, gəzə bilmir. Yaxşı olar ki, şah bu böyük elm-təhsil məbədini ziyarətə gəlsin. Bizə də böyük şərəf verər. Dedim ki, bu mümkün deyil. Cavab verdi ki, şahın da ayaqları yoxdur mənim kimi? Özü də nəvəm yerindədir. Təşrif buyursun, gəlsin. Qibleyi-aləm, gördüm ki, başqa cür alınmayacaq. Mühafizlərə siz deyən kimi əmr verdim ki, onu qucaqlarına götürüb mədrəsədən çıxartsınlar. Onlar da elə etdi, yol aldıq saraya. Tələbələr, camaat da elə bildi ki, həbs etmişik onu. Başladılar qışqır-bağır salmağa. Üstümüzə hoppanmağa. Mühafizlər də qabağını aldılar.

– Bəs niyə qucaqlarında? Sarayda at və ya araba yox idimi?

– Şahım, saraydakı arabalar zindan, ya da yük arabalarıdır. Onlarla getsəydim daha çox söz-söhbət olardı. Atın belində gətirsəydik, içalatı çevrilib elə yoldaca ölərdi. Ona görə də... elə siz deyən kimi, iki mühafiz əllərini çarpazlaşdırıb birləşdirdi, şairi də oturtduq ortasında. Belini də söykədi onların çiyninə. Yazığın nə ayağı var, nə əli. Quruca bədənidir, bir də başı.

– Yox, belə olmaz. Bu araba məsələsinə əncam çəkmək lazımdır – bu cür hallar üçün.

– Şahım, təklifim var. Əmr etsəniz şəklini gətirib sizə göstərərdim.

– Göstərərsən!

– Başüstə, şahım. Şair Abumahir gəlsinmi?

– Gəlsin!

– Şair Abumahir! – deyə Təbərxan uca səslə dilləndi.

Qapı açıldı. İki mühafiz yaşlı, saçı-saqqalı ağarmış, heydən düşmüş, yaşı səksəni ötmüş qocanı otağa gətirdilər. Taxtın qarşısındakı xalçada yerə qoydular. Altına nimdar, ətrafına mütəkkələr düzdülər. Göyverən Şah da hörmət əlaməti olaraq taxtından durub gəlib onunla üzbəüz bardaş qurub oturdu. Barmağıyla Təbərxana və mühafizlərə işarə verdi ki, otaqdan çıxsınlar. Onlar çıxdılar. Ortaya şərbət, şirni, mer-meyvə gəldi. Qoca isə dinmirdi. Şah bunu görüb söhbətə birinci başladı:

– Şair Abumahir! Ey məmləkətin hörmətli-izzətli adamı! Səni sarayımda görməyimə çox şadam. Sizi saraya dəvət etməyimin bir xüsusi səbəbi yoxdur. Sadəcə görüşmək, söhbətləşmək istədim. Dünyagörmüş adamsınız. Sözünüz, fikriniz qiymətlidir mənimçün. O ki qaldı, mənim mədrəsəyə gəlməməyimə, sizi saraya bu cür gətirməklərinə...

– Bilirəm səbəbini, –  deyə şair şahın sözünü kəsdi, – xalqın içinə çıxmaqdan qorxursan, ey Göyverən Şah. Düz də eləyirsən. Gənc olmağına baxmayaraq müdrik adamsan.

– Anlamadım sizi, şair, – deyə şah duruxdu, – bir yandan qorxaq deyirsən, o yandan müdrik.

– Kiçiklərdən qorx həmişə. Yəni xalqdan. Daha doğrusu qara camaatdan. “Qara” nə qədər “böyük, çox” anlamını verirsə, elə bir o qədər də rəng mənası daşıyır. Kiçik, xırda-mırda adamlardan qorx həmişə. Qorxduqca da onları qorxu altında saxla. Ac-yalavac qoy ki, danışmağa belə heyləri olmasın. Sənə nə ziyan gəlsə elə onlardan gələcək.

– Belə çıxır ki, siz də pis adamsınız?

– Mən şairəm. Peyğəmbərlərdən sonra şairlər gəlir. Mən xalqın içində olmalıyam. Elə xalqın da içindəyəm. Mənə hörmətlə yanaşırlar. Bayaq da elə bildilər ki, şahın mühafizləri məni zindana aparır. Ona görə də başladılar səs-küy salmağa.

– Daha doğrusu, üsyana.

– Ay şah, üsyan edib neyləyəcəklər axı? Uzağı, lap uzağı qoşunu salıb qırdıracaqsan onları. Elə şahlar olub ki, taxt-taclarını qorumaq üçün xalqın yarısını qırıblar. Hamısı boş şeydir – xalq nifrəti, mən nə bilim əzilmək-döyülmək. Əzəldən belə olub, belə də olacaq. Şahlar əzəcək, xalq əziləcək. Şahlar əzmək üçün yaranıb, xalq isə əzilməkçün.

– Bəs onda niyə xalqdan qorxmalıyam ki? Atam Həqqi Şah qorxmurdu. Bütün günü də mühafizsiz gəzirdi.

– Şahım, Allah atan Həqqi Şaha rəhmət eləsin. Mənimlə çox da arası yox idi. Amma tez-tez ziyarət edirdi məni. O, xalqın içində olurdu həmişə. O, qəlbən, xasiyyətcə həlim adam idi. O, şah olmamalıydı. O, şahlığa layiq adam deyildi. Qardaşı, vəliəhd Barəngah itkin düşəndən sonra məcbur olub vəliəhd, sonra da şah oldu. Çünki başqa qardaşı yox idi. O cür şahlar tək-tük gələr bu cahana. Həqqinin adı şah olsa da, dövləti baş vəzir Qurban idarə edirdi. Qurban olmasaydı bu məmləkətin izi-tozu da qalmazdı. Məmləkətin daşını-daş üstündə qoymazdılar. İndi sən də şah deyildin. Sənin baban Alqan Şah çox əzazil şahlardan olub. Qurbana da min rəhmət – babanın, Həqqi Şahın çörəyini itirmədi.

– İtirməyib nə etdi ki?

– Heç nə. Sadəcə, səni aradan götürmədi. O, qansız adam idi, yazılmamış dövlət qanunlarını da gözəl bilirdi. Həqqi Şah sonsuz olduğundan şahlığın da bir addımlığında idi. Niyə səni öldürmədi – bu mənə də qaranlıq qaldı. Sonda bədəlini öz həyatı bahasına ödədi.

Araya sükut çökdü. Şah fikrə getdi: deməli, Həqqi Şahın dediyi Barəngah onun əmisidir və o bu məmləkətin taxt-tacının sahibi olmalıymış. Əla. Deyəsən kələfin ucu açılır yavaş-yavaş.

– Şair, Barəngahdan danış mənimçün. Onu şəxsən tanıyırdınmı? Taleyi niyə belə gətirdi ki? Atasının düşmənləri belə çox idi ki, onu aradan götürdülər?

– Tanıyırdım. Atası kimi qansızın biriydi. Amma heç kim bilmədi –  onu aradan götürdülər, itkin düşdü, ya qaçıb-getdi. Yəqin ki, baban, bir də atan düzünü bilirdilər. Uzağı Qurban da nəsə bilməliydi. Onlar da Haqq dünyasındadırlar. Barəngahı görüb-tanıyanlardan da yalnız mən qalmışam. Unudulub gedib.

– Onlar Haqq dünyasındadırlar, biz isə Həqq dövlətində.

– Ey şah. Mən adam tanıyanam. Sən qaniçən adama oxşamırsan. Amma elədiklərinlə Alqan Şahı daha çox xatırladırsan mənə. Səninlə mübahisə eləməli halım yoxdur. Yaş o yaş deyil. Birdən acıqlandıraram səni, qəzəbinə tuş gələrəm. Boynumu vurdurarsan. Ayaqlarım, əllərim yoxdur-yoxdur, heç olmasa o dünyaya başım üstümdə gedim. Sən taxta çıxandan sonra bir şeir yazdım. Onu sənə oxuyum və sonra izn ver aparıb qoysunlar məni evimə. Övrətim nigarandır yəqin. Camaat da çöldə gözləyir.

– Oxu, şair, oxu.

 

Fələk özü bilər neynəyər sənə,

Hiylədən, kələkdən qoru özünü!

Səndə nə işi var pələngin, şirin,

Hünüdən, milçəkdən qoru özünü!

 

Böyük adamların işi başqadır,

Xırda adamlardan qoru özünü!

Açığın-aşkarın işi başqadır,

Örtülü bazardan qoru özünü!

 

Eybi yox, kükrəsin qasırğa, tufan,

Oğrun yeldöyəndən qoru özünü!

Xoşun gəlməsə də qaraqabaqdan,

Dili “can” deyəndən qoru özünü!

 

“Qul xətasız olmaz, ağa kərəmsiz”.

Xəta heç. Günahdan qoru özünü!

Nəfsin vicdanında qoy salmasın iz,

Kəmşirin tamahdan qoru özünü!

 

Elə hey deyirsən: “Şeytana lənət!”

Özünə lənətdən qoru özünü!

Özünə xəyanət – dəhşət xəyanət.

Dəhşət xəyanətdən qoru özünü! 

 

Möcüzə peyğəmbər şəninə şayan,

Yerişin itəndə qoru özünü!

Elə ki, sallandın dalay-dalaydan,

Söz-sovun bitəndə qoru özünü! 

 

Qürurun əlçatmaz zirvəsi aləm,

Sən oxlov udandan qoru özünü!

Qaydadır aşığa dəmkeş tutar dəm,

Şaha dəm tutandan qoru özünü! 

 

Ovqatın gülüdür gülüb danışmaq,

Şit-şit irişəndən qoru özünü!

Üzdə şapalağı unudan uşaq,

Dalda goreşəndən qoru özünü! 

 

Gözəldir arılı, şehli tər çiçək,

Qondarma çiçəkdən qoru özünü!

Dönüb ruzun olar hər daş, hər kəsək,

Minnətli çörəkdən qoru özünü!

 

Səma yeddi rəngdə, yeddi çalarda,

Rəngi qarışanda qoru özünü!

Yer-göy bir hamarda, bir ixtiyarda,

Üzü qırışanda qoru özünü!

 

Ehtiyat igidin yaraşığıdır,

Sən də yaraşıqla qoru özünü!

Ömür Ay işığı, Gün işığıdır,

Bu qoşa işıqla qoru özünü!

 

–  Gözəl. Hikmətsiniz başdan-ayağa. Amma bir sualıma cavab almamış sizi heç yana buraxan deyiləm. Hamı şaha deyir ki, ədalətli ol, rəhmli ol. Siz isə əksinə. Bildiyim qədər də şair Abumahir xalq arasında böyük hörməti olan adamdır. Düzlük tərəfdarıdır, elin sözünü deyəndir, müdafiəçisidir. Niyə axı məni pis yola sürükləyirsiniz?

– Ey şah, guya yaxşı yoldasınız ki, hələ bir pis yola da sürükləyim? İkincisi də... siz yaxşı olsanız mənim xalq arasında hörmətim olarmı? Siz yalan danışmasanız, mən düzü deyə bilərəmmi? Haqq carçısı ola bilərəmmi? Siz əzməsəniz, mən kimisə müdafiə edə bilərəmmi? Mənim şeirlərimi, yazdıqlarımı kimsə oxuyarmı? Nə qədər ki, sizin üsuli-idarəetmənizdən qan iyi gələcək, bir o qədər də mənim şeirlərim qan iyi verəcək. Sadəcə fərqimiz ondan ibarət olacaq ki, xalq sizin tökdüyünüz qan iyindən iyrənir, mənim şeirlərimdəki qan iyindənsə həzz alır. Siz ürəklərə tikan batırmasanız, mən o ürəklərdən tikan çıxaracaq şeirləri necə yaza bilərəm?

– Axı necə yazırsan? Əllərin ki, yoxdur.

– Ey şah. Mən sənə elə-belə müdrik adam demədim ki... Ayaqlarım təzəcə iflic olub. Əllərim isə yazdığım şeirlərin qurbanına çevrildi. Günlərin bir günü babanız Alqan Şah qəzəbləndi. Hökm verdi ki, bu cür şeir yazan əllər biləyindən kəsilməlidir. Kəsdirdi də... Amma qabağımı ala bilmədi. Dilimlə, bədahətən dedim, şagirdlərim də kağıza köçürüb yaydılar. Sən isə, Göyverən Şah, ağıllı adamsan. Atandan, babandan çox irəli getmisən. Danışanın dilini də kəsirsən, əlini də... Ey şah, çox danışdırma məni. Əlim yox, ayaqlarım iflic, sonda başımdan da olacağam.

– Narahat olma, şair. Amandasan. Nə qədər şahamsa, bu heç vaxt baş verməyəcək.

– Mənim yanımda kargüzar işləyən Lərzana da hörmətin vardı. Anası qabağına çörək qoymuşdu. Sonu nə oldu? Əvvəlcə dilini kəsdirdin, sonra qollarını, sonda boynunu vurdurmadın da – qurbanlıq qoyun kimi başını kəsdirdin. Dörd uşağını da anasının, nənəsinin gözü qabağında öldürtdün. Nənənin ürəyi partladı, ana isə dəli olub çöllərə düşdü. Yaxşı edirsən çıxmırsan adam arasına. Allah göstərməsin Lərzanın arvadı qabağına çıxa. Mühafizlər çevik tərpənməsələr, yalın əllə parçalayar səni, – şah başını aşağı saldı. Bilmirdi nə desin. Necə desin ki, bunların hamısına bais İtbaşıdır, – Yaxşı, ay şah, Lərzanın dörd oğlunu başa düşdüm. Bəs Qurbanın, Birrəngin, Misqinin, valilərin uşaqlarını niyə sağ buraxdın? Sən bilmirsənmi ki, saray çevrilişlərini əyanlar edir? Çünki onlardan qorxursan. Misqinin nəvələri həm də hakim Abdullanın nəvələridir. Bütün əyanlar bir-biriləriylə qohumdurlar. Bəxtin bir şeydə də gətirdi ki, birinci baş vəzir Qurbandan başladın. Saray əyanlarını başsız qoydun. Gücə-qoşuna arxalandın. Yoxsa çoxdan başını əkmişdilər sənin, – şair sözünə ara verdi. Boğazı qurumuşdu. Gözüylə şərbəti işarə verdi. Şah şərbətdən qədəhə süzüb, onun dodaqlarına yaxınlaşdırdı. Şair içib sözünə davam etdi, – Mənə indi də maraqlıdır ki, Həqqi Şah bu boyda məmləkəti sənə necə tapşırıb? Daha doğrusu, səni kimə tapşırıb gedib?

– Şair, Lərzan dedin. Axı sən boşboğaz Lərzan deyilsən. İkimizin arasında olanları inanmıram ki, hardasa danışasan. Mənim səni saraya dəvət etməyimdən lovğalanıb əyanlara meydan oxuyasan. Sənin dilin qələmindir. Tarixlərə qalan qələm. Mən özüm də nəylə qalmasam, bəlkə sənin mənə ithaf etdiyin şeirinlə qaldım tarixdə.

– Bunu düz dedin. Lərzan başından çox yuxarı hoppanırdı. Cavan idi də... Mən də cavan olanda çox danışırdım, yazırdım. Sonda əllərimdən oldum. Ey şah, icazə ver gedim. Eşikdə dayananlar da nigarandır. Dəvətə görə çox sağ ol. Amma gələn dəfə sən mənim qonağımsan. Saray çox da maraqlı yer deyil. İstəyirsən mədrəsəyə gəl, istəyirsənsə evimə. Gözümüz üstə yerin var.

– Gələcəyəm. Suallarım çoxdur. Mədrəsəyə nə köməyim dəyə bilər, şair?

– Heç nə, ey şah. Sadəcə mane olma, yetər.

– Eşikağası! – eşikağası həmən içəri girir, – Təbərxana və mühafizlərə de ki, şairi evinəcən yola salsınlar.

– Başüstə, şahım.

– Di salamat qal, şair.

– Xoş sədalarını eşidim, ey şah.

Şah yenə otağında təkdir. Çoxdan beynini qazıyan suala cavab tapmışdı. Axır ki, Barəngahın kim olduğunu bilmişdi: deməli, Həqqi Şah məni öz qardaşına tapşırıb. Bəs onda yerini dəqiq niyə deməyib? Yəqin nədənsə ehtiyatlanırmış. Bəlkə də bu Barəngah köçəri həyat yaşayırmış. O da ola bilsin ki, Qurbandan qorxurmuş – gedib tez taparam, onu aradan götürər. Bəlkə də səbəb bu imiş, bəlkə də yox. İndi qalıb bunu İtbaşıya sübut etməyim. Deməli, Barəngah bu dövlətin şahı olmalıymış. Amma müəmma yenə də qalır. Niyə olmayıb? Bütün cavabları da o özü bilir. Amma zahirən heç oxşamır Həqqi Şaha. Həqqi Şah yekəpərin biri idi, bu isə arıq, çəlimsiz. Bəlkə Barəngah da deyil. Bəs onda İtbaşı kimdir? Aslanı nahaq buraxdım getdi. Heyf. Günü sabah gedib hər şeyi aydınlaşdırardım.

Hava qaranlıqlaşır. Şah saraydan şəhəri seyr edir. Uzaqdan ara-sıra uşaq sədaları gəlir: “Dədəm gətirib, nənəm bişirib, mən yemişəm. Dədəm gətirib, nənəm bişirib, mən yemişəm”.

 

ARDI VAR

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?