Modern.az

Hökumət sahibkarlara dəstək mexanizmini nə vaxt elan edəcək? - Deputat AÇIQLADI

Hökumət sahibkarlara dəstək mexanizmini nə vaxt elan edəcək? - Deputat AÇIQLADI

23 Yanvar 2021, 12:25

“İstehlak bazarında qiymətlərin dəyişməsinin monitorinqinin gücləndirilməsi  vacibdir. Nəzərə almaq lazımdır ki, qiymətlərin monitorinqi həm fərqli dövlət qurumları tərəfindən həyata keçirilir. Amma xüsusilə yanvar ayı üçün qiymətlərin necə dəyişməsi, eyni zamanda süni şəkildə qiymət artımına yol verənlərlə bağlı  monitorinqlər genişləndirilməlidir”.

 

Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov yanacağın bahalaşmasından sonra müşahidə edilən süni qiymət artımı ilə bağlı danışarkən bildirib.

 

V.Bayramov əvvəlki təcrübələrə istinadən deyib ki, bəzi sahibkarlar hətta xərcləri artmadan, süni şəkildə qiymət artımlarına gedirlər:

 

“Onlar müəyyənləşdirilməli və müvafiq tədbirlər görülməlidir. Biz qanunvericilik, eyni zamanda bazar iqtisadiyyatı əsasında qiymətlərin optimallaşdırılması və monitorinqinin tərəfdarıyıq. Bütün hallarda qiymətlərin müəyyənləşdirilməsi və optimallaşdırılması liberal iqtisadiyyatın prinsiplərinə uyğun olaraq həyata keçirilməlidir. Amma süni şəkildə, xərclər artırılmadan qiymət artımı baş verirsə, bununla bağlı tədbir görülməlidir”.

 

Parlamentarinin sözlərinə görə, bu ayın sonunda hökumət tərəfindən sahibkarlara dəstək mexanizmi tətbiq ediləcək:

 

“Yanvarın sonuna doğru hökumət tərəfindən həm subsidiyaların artırılması, həm də ictimai nəqliyyatda fəaliyyət göstərən şirkətlərə xərclərin kompensasiyası ilə bağlı dəstək mexanizmi elan ediləcək. Gözlənilir ki, bu, aqrar sektorda subsidiya məbləğinin artırılması dizel yanacağının bahalaşmasının təsirlərini minimumlaşdırmağa imkan verəcək.

 

Artıq yanvarın sonunda yeni subsidiya məbləğləri hesablandıqdan sonra fermerlərin xərclərində azalmalar olacaq, bu da təbii ki, ümumi xərclərə təsir göstərəcək. Bu baxımdan dəstək paketləri qiymətlərin tənzimlənməsi, optimallaşdrılması və yanacağın qiymətindəki artımların istehlak bazarına təsirlərinin minimumlaşdırılması baxımından vacib alət hesab olunur”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi