
Vəkil Ramiz Zeynalov həmkarı Aslan İsmayılovu siyasi hakimiyyəti dəyişməyə çalışmaqda, Prezidentin istefasını tələb etməkdə, Elşad Abdullayavə dəstək verməkdə ittiham edib. O bildirib ki, hüquqşünas siyasətlə məşğul olmalı deyil. Buna görə də Aslan İsmayilovun Vəkillər Kollegiyasında qalmağına narazıdır. Həmçinin Ramiz Zeynalov həmkarını dövlət çevrilişinə dəstəkdə təqsirləndirib. Bununla bağlı Modern.az-a danışan Aslan İsmayılovun peşə yoldaşına cavabı ağır olub.
”Elşad Abdullayev Azərbaycanda at oynadanda, univeristet rektoru olan zaman Ramiz Zeynalov kimilər onun qabağına sürünə-sürünə gedirdilər və yaltaqlanmağa can atırdılar. Mən isə həmin dövrdə Elşad Abdullayevin qanunsuzluqları barədə Baş prokuror Zakir Qaralova və korrupsüiya komissiyasının sədri Ramiz Mehdiyevə müraciət edirdim".
Vəkil onu da qeyd edib ki, fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevi şəxs olaraq müdafiə etmir.
“Ramiz Zeynalov kimi insanlar ömrü boyu ona-buna yarınmaqda məqsədlərini həyata keçirirlər. Ramiz Mehdiyevə yarınmaq üçün Elşad Abdullayevə qarşı iftiralar atır. Mən Elşad Abdullayevi şəxs olaraq müdafiə etmirəm. Sadəcə olaraq yaydığı video materiallardakı halların araşdırılmasını tələb edirəm. Mən heç vaxt prezidentin istefası haqqında fikir səsləndirməmişəm. Amma Ramiz Mehdiyevin istefasını bu gün də tələb edirəm, çünki onun tutduğu vəzifə imkan verir ki, istintaqın gedişinə mane olsun. Vəkilliyə gəlincə, mən ölkədə öz adımla tanınıram. Ramiz Zeynalov isə özünün "Terrazini" adlandırılmasını istəyir. Terrazini isə “Sprut” filmində mafioz qrupları müdafiə edən dələduz, özü cinayətkar olan vəkildir. Mən isə heç zaman adımın kriminallarda səsləndirilməsini istəməmişəm. O məni siyasətlə məşğul olduğuma görə qanunu pozmaqda ittiham edir. Birinci, mən heç vaxt siyasətlə məşğul olmamışam, ikincisi isə qanundan xəbəri olmayan birisi bilmir ki, çoxlarına siyasətlə məşğul olmaq qadağan olsada, vəkillik az peşələrdəndir ki, qanunda birbaşa göstərilir ki, vəkilə siyasətlə məşğul olmaq qadağan edilə bilməz.O, yaltaqlanmağına baxmayaraq, bir neçə dəfə məhkum olunub. Mən isə hakimiyyəti tənqid edə-edə sadəcə bir dəfə qanunsuz olaraq vəkillikdən çıxarılmışam. Onun hara və necə qulluq etməsi isə bu günə kimi bəlli deyil. Mənim mövqeyim isə hamıya bəllidir. Məni vəkillikdə qalmağıma etirazını bildirən Ramiz Zeynalovun özü vəkillik institutuna ləkədir. Ömrü boyu yaltaqlanmaqla çörək qazanmaqla, mübarizə aparıb çörək qazanmaq başqa-başqa şeylərdir”.
Aqşin Kərimov