Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən olan HAVELSAN Azərbaycana ixrac uğuruna imza atıb.
Modern.az xəbər verir ki, şirkətin hazırladığı milli korporativ resurs idarəetmə sistemi KOVAN artıq Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verilib.
Şirkət bu barədə sosial media hesabında məlumat yayıb. Bildirilib ki, dost və qardaş Azərbaycan Türkiyədən sonra KOVAN sistemindən istifadə edən ilk ölkə olub:
“Dost və qardaş Azərbaycan, Türkiyədən sonra milli korporativ resurs idarəetmə sistemimiz KOVAN-ı istifadə edən ilk ölkə oldu. KOVAN Azərbaycan Müdafiə Nazirliyində istifadəyə verildi. Xeyirli olsun”.
Qeyd edək ki, KOVAN sistemi Türkiyədə rəqəmsal transformasiya çərçivəsində hazırlanıb. Məqsəd xarici mənşəli proqram təminatlarından asılılığı azaltmaq və xüsusilə müdafiə və dövlət sektorunda məlumat təhlükəsizliyini gücləndirməkdir.
Yerli platforma üzərində qurulan bu sistem dövlət qurumlarının, hərbi strukturların və özəl sektorun iş proseslərini vahid platformada idarə etməyə imkan verir.
Müasir texnologiyalar və beynəlxalq standartlar əsasında hazırlanmış KOVAN sistemi vasitəsilə kritik məlumatların təhlükəsiz şəkildə milli sistemlərdə saxlanılması hədəflənir.