"Pandemiyadan sonra, xüsusilə 2021-ci ildən etibarən Bakı və iri şəhərlərdə daşınmaz əmlak bazarında nəzərəçarpacaq qiymət artımı müşahidə olunur. Bu artım həm satış, həm də icarə seqmentində özünü göstərir".
Bu fikirləri Modern.az-a açıqlamasında əmlak eksperti Elnur Azadov bildirib.
“Pandemiya məhdudiyyətləri aradan qaldırıldıqdan sonra Bakı şəhərinə giriş-çıxışın bərpası paytaxta kütləvi icarəçi axınına səbəb oldu. Qısa müddətdə bazarda təklif qıtlığı yarandı və nəticədə qiymətlər təxminən 20-25 faiz artdı. Daha sonra Rusiya-Ukrayna müharibəsi fonunda regionda baş verən miqrasiya prosesləri, o cümlədən Azərbaycana qayıdan və ölkəyə gələn insanların sayının artması bazarda əlavə təzyiq formalaşdırdı. Bu mərhələdə də yüksək tələb və məhdud təklif qiymət artımını sürətləndirdi.
Sonrakı dövrdə urbanizasiya prosesinin davam etməsi, regionlardan Bakıya axının güclənməsi fonunda bazardakı dinamika sabit qaldı. Təklifin tələbi üstələyə bilməməsi səbəbindən həm satış, həm də icarə qiymətləri artmaqda davam etdi".
Ekspertin sözlərinə görə, bazarda investisiya məqsədli alışlar da artıb:
"Vətəndaşlar daşınmaz əmlakı alaraq icarəyə verməyə üstünlük verir və bu, kapitalizasiya meyillərini gücləndirir. Yeni icarəyə çıxarılan mənzillər adətən bazar qiymətindən bir qədər yüksək təklif olunsa da, yüksək tələbat səbəbindən bu cür mənzillər qısa müddətdə kirayə verilir.
Tikinti sektorunda aktivliyin azalması da qiymət artımına təsir edən əsas amillərdəndir. Son illərdə tikinti şirkətlərinə verilən icazələrin sayının azalması və yeni layihələrin həcminin məhdudlaşması bazarda rəqabəti zəiflədib. Məsələn, 2016-cı illə müqayisədə yeni tikinti layihələrinin həcmi təxminən 8-10 dəfə azalıb ki, bu da təklifin məhdudlaşmasına və qiymətlərin yüksəlməsinə səbəb olub".
E.Azadov həmçinin qeyd edib ki, şəhərin mərkəzi və mərkəzə yaxın ərazilərində aparılan söküntü işləri də bazara təsirsiz ötüşmür:
"Xüsusilə “Sovetski” kimi tanınan ərazilərdə köhnə yaşayış fondunun tədricən ləğv edilməsi ucuz kirayə mənzillərinin sayını azaldır. Bu isə aşağı büdcəli seqmentdə qiymətlərin daha da artmasına gətirib çıxarır.
Qiymətlərin sabitləşməsi üçün əsas çıxış yolu tikinti sektorunun aktivləşdirilməsidir. Tikinti şirkətlərinə daha geniş həcmdə icazələrin verilməsi, bazarda rəqabət mühitinin gücləndirilməsi və təklifin artırılması qiymətlərin tənzimlənməsinə şərait yarada bilər. Əks halda, yaxın illərdə qiymətlərin azalması gözlənilmir".
Ekspert onu da əlavə edib ki, hazırda elan olunmuş planlara əsasən, Bakıda 2040-cı ilə qədər istismar müddəti bitmiş binaların sökülməsi və yerində yeni yaşayış komplekslərinin tikilməsi nəzərdə tutulur:
"Gözləntilərə görə, tikinti icazələrinin mərhələli şəkildə artırılması 2027-2028-ci illərdən etibarən bazarda qismən sabitləşməyə səbəb ola bilər.
İcarə bazarında isə əsas tələbat 1 və 2 otaqlı, iqtisadi seqmentə aid mənzillərə yönəlib. Aylıq 350 manata qədər olan mənzillərə tələb ən yüksək səviyyədədir və bu qiymətə uyğun mənzil tapmaq demək olar ki, mümkün deyil. Belə mənzillər bazara çıxarıldığı gün kirayə verilir. 350-500 manat aralığında isə müəyyən təkliflər mövcuddur, lakin mərkəzə yaxın ərazilərdə qiymətlər daha yüksəkdir.
Bundan başqa, paytaxtın mərkəzi hissəsində planlaşdırılan pilot layihələr də bazara təsir göstərir. Nümunə olaraq, Üzeyir Hacıbəyov küçəsi ətrafında aparılan söküntü işləri nəticəsində sakinlərin müvəqqəti köçürülməsi həmin ərazidə kirayə mənzillərə tələbatı artırıb. Təklifin məhdud olması isə bu zonada qiymətlərin yüksəlməsinə səbəb olub”.