Azərbaycanda məktəb direktorlarının əksəriyyəti kişilərdən ibarətdir, direktor müavinləri arasında isə qadınlar üstünlük təşkil edir. Məktəbəqədər təhsil müəssisələrində çalışanların hamısı qadınlardır.
Modern.az-ın məlumatına görə, məsələ Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatında əksini tapıb.
Hesabatda bildirilib ki, 2025/2026-cı tədris ilində dövlət və özəl ümumi təhsil müəssisələrində ümumilikdə 3485 direktor çalışıb. Onlardan 1974-ü kişi, 1511-i qadın olub.
Qeyd olunub ki, dövlət məktəblərində çalışan direktorların 1956-sı kişi, 1491-i qadın təşkil edib. Özəl məktəblərdə isə 20 qadın, 18 kişi direktor çalışıb.
Məlumata əsasən, direktor müavinləri arasında qadınlar üstünlük təşkil edib. Belə ki, ümumilikdə 4204 direktor müavinindən 2664-ü qadın, 1540-ı kişi olub.
Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçılar arasında da qadınlar üstünlük təşkil edib. Bu sahədə çalışan 2544 nəfərdən 1597-si qadın, 947-si kişi olub.
Hesabatda vurğulanıb ki, dövlət və özəl məktəbəqədər təhsil müəssisələrində çalışanların hamısı qadınlardır.
Qeyd olunub ki, 2025-ci ilin əvvəlinə dövlət məktəbəqədər təhsil müəssisələrində 1656, qeyri-dövlət məktəbəqədər təhsil müəssisələrində isə 153 müdir çalışıb.