Modern.az

Sürücüsüz avtomobil qəza törədərsə məsuliyyəti kim daşıyacaq?

Sürücüsüz avtomobil qəza törədərsə məsuliyyəti kim daşıyacaq?

Ölkə

Bu gün, 11:20

Azərbaycanda pilotsuz və avtonom nəqliyyat vasitələrinin hüquqi tənzimlənməsi ilə bağlı müzakirələr davam edir. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputatlar və hökumət nümayəndələri yeni qanun layihəsinin üstünlükləri ilə yanaşı, gələcək risk və hüquqi boşluqları da müzakirə ediblər.

Modern.az xəbər verir ki, deputat Tahir Mirkişili çıxışı zamanı bildirib ki, dünyada sürücüsüz avtomobillər artıq təcrübə mərhələsini keçərək gündəlik həyatın bir hissəsinə çevrilib və Azərbaycan da bu prosesdən kənarda qalmamalıdır.

“Biz bunun ilk nümunələrini Qarabağ müharibəsində istifadə etdiyimiz dronlarda gördük. Dronlardan avtomobillərə qədər uzanan böyük texnoloji transformasiyanın şahidi oluruq və belə bir şəraitdə Azərbaycanda bunun tətbiqinə başlanılması həm təqdirəlayiqdir, həm də gecikmiş addım deyil”, – deputat vurğulayıb.

Onun sözlərinə görə, qanun layihəsi əksər məsələləri əhatə etsə də, əsas problem məsuliyyət mexanizmləri ilə bağlıdır:

“Bu gün qanunda dəyən zərərin ödənilməsi ilə bağlı müddəalar var. Amma operatorun şəxsi məsuliyyəti ilə bağlı məsələlər tam əksini tapmır. Avtonom nəqliyyat vasitəsi qəza törədərsə və insan ölümü baş verərsə, məsuliyyəti kim daşıyacaq – istehsalçı, istismarçı, yoxsa operator? Bu, təkcə bizim yox, bütün dünyanın müzakirə etdiyi sualdır”.

Deputat həmçinin bildirib ki, gələcək mərhələdə İnzibati Xətalar və Cinayət məcəllələrində də bu istiqamətdə dəyişikliklərə ehtiyac yaranacaq.

Mirkişili operatorların fəaliyyətinə nəzarət mexanizmlərinin də formalaşdırılmasını vacib sayıb:

“Bu gün sürücülər üçün tətbiq edilən cərimə balları sistemi gələcəkdə operatorlara da tətbiq oluna bilər. Müəyyən həddən sonra onların fəaliyyət hüququnun məhdudlaşdırılması mexanizmləri düşünülməlidir”.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov isə qaldırılan məsələlərin aktual olduğunu bildirərək, bu sahədə dünyanın da hələ axtarış mərhələsində olduğunu deyib.

“Avtonom nəqliyyat vasitələri yalnız bizdə deyil. Dünyanın müxtəlif ölkələrində də bu sistemlər əsasən test mühitində sınaqdan keçirilir. Bu müddətdə etik məsələlərdən tutmuş, qəza zamanı alqoritmlərin hansı qərarları necə verməsinə qədər çoxsaylı suallar müzakirə olunur”, – nazir müavini qeyd edib.

Onun sözlərinə görə, hazırda beynəlxalq səviyyədə vahid standart və yanaşma formalaşmayıb:

“Bütün dünya bu istiqamətdə hələlik axtarış mərhələsindədir. Məsuliyyət bölgüsü, operatorun rolu, istehsalçının məsuliyyəti və digər məsələlər növbəti mərhələlərdə formalaşmalıdır”.

Rəhman Hümmətov bildirib ki, qanun qəbul olunduqdan sonra onun tətbiqi ilə bağlı veriləcək normativ sənədlərdə əlavə mexanizmlər müəyyənləşdirilə bilər:

“Prezident tərəfindən tətbiqlə bağlı fərman verilərkən inzibati məsuliyyət, cinayət məsuliyyəti, test mühitlərinin necə müəyyənləşdirilməsi, sertifikatların hansı qaydada verilməsi və məsuliyyət bölgüsü ilə bağlı əlavə tənzimləmələr öz əksini tapa bilər. Bu, başlanğıcdır və təbii olaraq, növbəti mərhələlərdə bu məsələlər həllini tapmalıdır”.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın böyük şəhərləri VURULDU - Yaralılar var