İctimai mənəviyyata zərər vuran məzmuna qarşı tədbirlər gücləndirilə bilər.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları, Ailə, qadın və uşaq məsələləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihələrinin müzakirəsi zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Rəşad Məcid bildirib ki, artıq uşaqları sosial media və rəqəmsal platformalardan tam uzaqlaşdırmaq mümkün deyil, çünki onların gündəlik həyatı və təhsil prosesi rəqəmsal mühitlə sıx bağlıdır.
“Uşaqların əlindən telefonları almaq artıq mümkün deyil. Onların həyatı artıq sosial mediadadır. Yeni bir dünyada yaşayırıq”, - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu səbəbdən ictimai nəzarət və ailə institutunun rolu daha da artır:
“Əvvəllər ailələr uşaqları müəyyən mühitlərdən uzaq saxlamağa çalışırdısa, indi həmin proses virtual məkanda aparılmalıdır”.
Mətbuat Şurasının sədri qeyd edib ki, texnologiya şirkətləri və platformalar sürətlə dəyişdiyi üçün qanunvericilik çox vaxt bu dəyişikliklərin arxasınca çatmaqda çətinlik çəkir.
Rəşad Məcid hesab edir ki, uşaqların zərərli məzmunlardan qorunması üçün müxtəlif filtr və süzgəc mexanizmlərinin tətbiqi vacibdir.
O, həmçinin sosial mediada ictimai mənəviyyata zərər vuran, söyüş və qeyri-etik ifadələr yayan şəxslərlə bağlı da tədbirlərin gücləndirilməsini təklif edib:
“İctimai mənəviyyata zərər vuran sosial media nümayəndələri ilə bağlı tətbiqlər də nəzərdə tutulmalıdır”.