Modern.az

Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?

Paşinyan Ermənistan konstitusiyasını dəyişə biləcəkmi?

Ölkə

Bu gün, 12:55

Ermənistanda konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələr davam edir.

Modern.az xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ermənistanın ədliyyə naziri Srbui Qalyan bildirib.

Nazirin sözlərinə görə, ötən gün hakim "Vətəndaş Müqaviləsi" Partiyasının idarə heyətinin iclasında Konstitusiya mətninin dərc olunması məsələsi müzakirə edilib.

"Yaxın vaxtlarda bu işləri yekunlaşdıracağıq, çünki həmkarlarımızın rəylərini gözləyirik. Həmin rəylərin toplanması, işlənməsi və daha bir neçə müzakirənin keçirilməsi üçün bizə 1-2 həftə vaxt lazım olacaq. Bundan sonra mətnin dərc olunmağa hazır olub-olmaması ilə bağlı qərar veriləcək", - Qalyan deyib.

Nazir Konstitusiya mətninin indiyədək niyə dərc edilməməsi ilə bağlı sualı da cavablandırıb.

O bildirib ki, sənəd hələ tam hazır deyil və bəzi həmkarları öz qeydlərini təqdim etməyə vaxt tapmayıblar:

"Bu məsələ ilə bağlı dəfələrlə danışmışam. Mətn hazır deyil, çünki bir sıra həmkarlarımızın birbaşa qeydlərini təqdim etmək imkanı olmayıb. Mətnin dərc olunub-olunmaması birtərəfli qaydada qəbul edilən qərar deyil".

Qalyan hökumətin 61 mandatla konstitusiyaya dəyişiklik edə bilib-bilməyəcəyi barədə suala da münasibət bildirib.

"Bu gün hökumətin konstitusion çoxluğu yoxdur. Konstitusiyaya dəyişikliklərin edilməsi məsələsinin inqilabdan sonra gündəmimizdə olduğunu dəfələrlə qeyd etmişik. Bu, siyasi gündəliyimizin bir hissəsi olub", - nazir vurğulayıb.

Parlament seçkilərində Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi Partiyası 64 yer, "Güclü Ermənistan" bloku 29 yer, "Ermənistan" bloku isə 12 yer alacaq.

Buna görə də, Vətəndaş Müqaviləsi Partiyası parlamentdəki yerlərin beşdə üçünə sahib olmaqla parlament çoxluğunu qoruyub saxlayır. Bu, hakim partiyaya müstəqil şəkildə konstitusiya qanunları qəbul etməyə və əsas vəzifələrə təyinat etməyə imkan verir. Lakin konstitusiya çoxluğunu yaratmaq üçün parlament mandatlarının ən azı üçdə ikisi - 70 yer tələb olunur. Buna görə də Paşinyanın partiyası Ermənistan Konstitusiyasına birtərəfli dəyişikliklər edə bilməyəcək.

Xatırladaq ki, 1995-ci il iyulun 5-də qəbul edilmiş Ermənistan konstitusiyası sülhə ən böyük maneə sayılır. Belə ki, ali qanunun mətnində Azərbaycana ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olunur. Azərbaycan dəfələrlə rəsmi İrəvana bu məsələ ilə bağlı konstitusiyasında dəyişiklik etməsinin vacibliyini vurğulayıb. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK HÜCUMLAR: İran bombalanır, Bakı hədələndi - YOX EDƏRİK! - Xəbəriniz Var? - Media Turk TV