Azərbaycanda əkin sahələrinin böyük hissəsi taxıl və yem bitkilərinə ayrılsa da, bu məhsullar aqrar istehsalda nisbətən az paya malikdir. Kənd təsərrüfatında əsas hədəf isə məhsuldarlığın artırılması və torpaq resurslarından daha səmərəli istifadə olunmasıdır.
Modern.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.
Nazir bildirib ki, Azərbaycanda əkin sahələrinin 74 faizi taxıl və yem bitkilərinin payına düşür.
"Taxıl və yem bitkiləri aqrar istehsalın cəmi 11 faizini yaradır. Faktiki olaraq torpaq resurslarımızın böyük hissəsini daha az dəyər yaradan məhsullara ayırmışıq", - deyə o qeyd edib.
Məcnun Məmmədovun sözlərinə görə, Hollandiya və İsrail kimi ölkələr torpaq ehtiyatlarının məhdud olması səbəbindən daha yüksək əlavə dəyər yaradan məhsulların istehsalına üstünlük verirlər, taxıl və yem bitkilərinə olan tələbatın bir hissəsini isə idxal hesabına qarşılayırlar.
Nazir vurğulayıb ki, Azərbaycanda vəziyyət fərqlidir və taxıl istehsalı strateji əhəmiyyət daşıyır.
"Taxıl bizim ərzaq təhlükəsizliyimizin əsas elementlərindən biridir. Bu səbəbdən biz taxıl istehsalından imtina edə bilmərik", - deyə o bildirib.
Məcnun Məmmədov qeyd edib ki, qarşıdakı dövrdə əsas məqsəd əkin sahələrini genişləndirmək deyil, məhsuldarlığı artırmaqdır.
"Taxıl da daxil olmaqla bütün bitkilər üzrə məhsuldarlığın yüksəldilməsi istehsalın artımına nail olmaq üçün əsas vasitədir", - deyə nazir əlavə edib.
O bildirib ki, hazırda aqrar sektor tamamilə özəl sektorun fəaliyyəti üzərində qurulub və istehsal, emal, ticarət proseslərinin hamısı sahibkarlar tərəfindən həyata keçirilir. Bu səbəbdən Dövlət Proqramında özəl sektorun təşviqi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.