Azərbaycanda məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində yeni mərhələyə keçid edilir. Prezident İlham Əliyevin təsdiqlədiyi 2026–2030-cu illər üçün Məşğulluq Strategiyası üzrə Tədbirlər Planında diqqətçəkən yeniliklərdən biri də işsiz və işaxtaran şəxslər üçün süni intellektə əsaslanan məşğulluq xidmətlərinin yaradılmasının nəzərdə tutulmasıdır. Son illər süni intellekt daha çox bir sıra peşələri əvəz edə biləcək texnologiya kimi müzakirə olunsa da, yeni yanaşmada bu texnologiyanın məşğulluğun artırılması və əmək bazarında uyğunlaşmanın gücləndirilməsi məqsədilə tətbiqi planlaşdırılır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Tahir Mirkişili Modern.az-a açıqlamasında bildirib ki, sözügedən xidmətlərin əsas məqsədi insanların iş yerlərini əvəz etmək deyil, onların daha tez və bacarıqlarına uyğun iş tapmasına kömək etməkdir.
Deputatın sözlərinə görə, süni intellekt işaxtaran şəxslərin təhsilini, iş təcrübəsini və bacarıqlarını təhlil edərək onlara ən uyğun vakansiyaları təklif edə biləcək. Eyni zamanda, hansı bacarıqların çatışmadığını müəyyənləşdirəcək və həmin çatışmazlıqların aradan qaldırılması üçün keçilməsi məqsədəuyğun olan kursları tövsiyə edəcək.
"Tətbiq ediləcək sistem işaxtaranlara CV-lərinin təkmilləşdirilməsi, iş müsahibələrinə hazırlıq və karyera inkişafının planlaşdırılması istiqamətlərində də dəstək göstərə bilər", – deyə deputat əlavə edib.
Tahir Mirkişili vurğulayıb ki, süni intellekt işəgötürənlər üçün də əhəmiyyətli üstünlüklər yaradacaq. Onun sözlərinə görə, şirkətlər yüzlərlə CV-ni ayrı-ayrılıqda nəzərdən keçirmək əvəzinə, süni intellekt vasitəsilə vakansiyaya ən uyğun namizədləri qısa müddətdə müəyyən edə biləcəklər.

Deputatın fikrincə, bu texnologiya dövlət səviyyəsində də əmək bazarının daha səmərəli idarə olunmasına imkan verəcək. Belə ki, süni intellekt əmək bazarını davamlı təhlil edərək hansı peşələrə tələbatın artdığını, hansı sahələrdə kadr çatışmazlığı yarandığını və hansı bacarıqlara ehtiyac olduğunu əvvəlcədən müəyyənləşdirə bilər. Bu isə peşə təhsili və məşğulluq proqramlarının real əmək bazarının tələblərinə uyğun qurulmasına şərait yaradacaq.
"Əslində məqsəd təkcə yeni iş yerlərinin yaradılması deyil, həm də mövcud vakansiyalarla uyğun namizədlərin daha operativ şəkildə bir araya gətirilməsi, insanların işsiz qalma müddətinin azaldılması və əmək bazarının daha səmərəli fəaliyyət göstərməsinin təmin edilməsidir", – deyə Tahir Mirkişili bildirib.
Deputat qeyd edib ki, bu yanaşmada süni intellekt insanların işini əlindən alan texnologiya kimi deyil, işaxtaranların iş tapmasına, işəgötürənlərin isə düzgün kadr seçiminə kömək edən ağıllı köməkçi rolunda çıxış edir. Onun sözlərinə görə, bu, Azərbaycanda məşğulluq xidmətlərinin daha müasir, çevik və effektiv modelə keçidi baxımından mühüm addımdır.