Modern.az

Həkimlərin maaşı pasiyentin qiymətindən də asılı olaraq artacaq - AÇIQLAMA

Həkimlərin maaşı pasiyentin qiymətindən də asılı olaraq artacaq - AÇIQLAMA

Ölkə

Bu gün, 11:27

Həkimlərin əməkhaqlarının artırılması ilə bağlı qərarlar fonunda yeni ödəniş mexanizmi də diqqət çəkir. Belə ki, həkimlərin stimullaşdırıcı ödənişlərinin müəyyən hissəsi pasiyent məmnunluğu ilə əlaqələndiriləcək.

Modern.az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov məsələ ilə bağlı sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, 72 mindən çox tibb işçisinin əməkhaqqının artırılması üçün illik əlavə 189 milyon manat, aylıq isə 15,75 milyon manat vəsait yönəldiləcək.

Onun sözlərinə görə, artım müxtəlif kateqoriyalar üzrə fərqlənir. Ailə və sahə həkimlərində artım 74 faizə, bəzi təcili yardım həkimlərində 61 faizə, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarında isə 107 faizə çatır.

Nəticədə ayrı-ayrı həkim kateqoriyalarında aylıq əməkhaqqının 2 000–3 000 manat səviyyəsinə yüksəlməsi nəzərdə tutulur.

Əmirov regionlar üçün ayrıca stimulların tətbiqini də mühüm hesab edib. O bildirib ki, Bakı ilə müqayisədə bölgələrdə həm tibbi xidmət imkanları, həm də ixtisaslı həkim təminatı baxımından fərqlər qalır.

İqtisadçının fikrincə, kadr çatışmazlığı olan regionlarda müəyyən xidmətlər üzrə əlavə ödənişlərə 1,3 əmsalının tətbiqi həkimlərin bölgələrə cəlb olunması baxımından doğru yanaşmadır.

Eldəniz Əmirov bildirib ki, onun üçün islahatın maaş artımından da mühüm tərəfi həkimlərin stimullaşdırıcı ödənişlərinin pasiyent məmnunluğundan asılı olmasıdır.

Yeni yanaşmaya əsasən, pasiyent göstərilən xidməti 1-dən 5-dək qiymətləndirəcək. Aylıq orta göstərici hesablanacaq və nəticədən asılı olaraq həkimin stimullaşdırıcı ödənişinə 0,8–1,2 əmsalı tətbiq ediləcək.

Əmirovun hesablamasına görə, aylıq stimullaşdırıcı ödənişi 2 500 manat olan həkim üçün 0,8 əmsalı bu məbləği 2 000 manata endirə, 1,2 əmsalı isə 3 000 manata yüksəldə bilər.

Beləliklə, eyni baza göstəricisinə malik iki həkimin yalnız pasiyent məmnuniyyətinə görə aylıq stimullaşdırıcı ödənişi arasında 1 000 manat, illik isə 12 000 manat fərq yarana bilər.

“Məncə, məhz bu yanaşma maaş artımının özündən də əhəmiyyətlidir. Çünki dövlət xidmətində əsas məsələ yalnız əməkhaqqının nə qədər olması deyil. Yaxşı və pis xidmət göstərən əməkdaşın eyni qazanmamasıdır”, – iqtisadçı qeyd edib.

Eldəniz Əmirov hesab edir ki, bu prinsip yalnız səhiyyə ilə məhdudlaşmamalıdır.

Onun fikrincə, elektrik, qaz və digər kommunal xidmətlərdən tutmuş təhsil və digər dövlət xidmətlərinə qədər əməkdaşların maddi stimullaşdırılmasının müəyyən hissəsinin xidmət keyfiyyəti və vətəndaş məmnunluğu ilə əlaqələndirilməsi mümkündür.

İqtisadçı bildirib ki, özəl sektorda bu model uzun müddətdir tətbiq olunur. Əməkdaşın gəliri ilə müştəri məmnunluğu arasında əlaqə yaradıldıqda xidmət keyfiyyəti yalnız rəhbərliyin tələbi deyil, əməkdaşın şəxsi iqtisadi marağına da çevrilir.

Əmirovun sözlərinə görə, dövlət xidmətlərində də vətəndaş həmin xidmətin istehlakçısıdır. Buna görə də hamıya eyni ödəniş yanaşmasından nəticəyə görə diferensial ödəniş modelinə keçid dövlət xidmətlərinin keyfiyyətinin artırılması baxımından perspektivli ola bilər.

İqtisadçı bununla yanaşı, sistemin obyektiv qurulmasının vacibliyini vurğulayıb.

Onun fikrincə, pasiyent məmnunluğunun ölçülməsi kifayət qədər geniş qiymətləndirməyə əsaslanmalı, obyektiv olmalı və manipulyasiya imkanlarını minimuma endirməlidir.

“Əks halda yaxşı ideyanın özü düzgün olmayan qiymətləndirmədən zərər görə bilər”, – Eldəniz Əmirov bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...