Modern.az

Azərbaycan-Ermənistan sülhündə yeni mərhələ: Partiyalar görüşə bilər

Azərbaycan-Ermənistan sülhündə yeni mərhələ: Partiyalar görüşə bilər

Ölkə

Bu gün, 10:25

Azərbaycan və Ermənistan arasında dövlət rəsmiləri səviyyəsində aparılan danışıqlarla yanaşı, siyasi partiyalar və qeyri-hökumət təşkilatları arasında mümkün təmaslar da gündəm mövzuları sırasındadır. İndiyədək iki ölkənin liderləri, xarici işlər nazirləri və digər rəsmi şəxsləri arasında müxtəlif formatlarda görüşlər keçirilsə də, siyasi təşkilatlar səviyyəsində dialoq baş tutmayıb.
Belə görüşlər sülh prosesinə hansı töhfəni verə bilər? 

Mövzu ilə bağlı Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev Modern.az-a deyib ki, Azərbaycan və Ermənistan arasında sülh prosesinin əsas gündəliyini dövlət rəhbərləri müəyyən edir və danışıqlar da məhz onların rəhbərliyi ilə aparılır.


"Bu baxımdan, siyasi partiyalar arasında mümkün dialoq məsələsinə də ilk növbədə dövlət rəhbərliyinin mövqeyi və qərarı əsasında yanaşılmalıdır.
Əgər rəhbərlik hesab etsə ki, sülhün möhkəmləndirilməsi, cəmiyyətlər arasında etimadın artırılması və qarşılıqlı anlaşmanın formalaşdırılması üçün siyasi partiyaların töhfə verməsi məqsədəuyğundur, əlbəttə, biz belə bir təşəbbüsə qoşulmağı müzakirə edə bilərik. Çünki sülh yalnız dövlətlər arasında imzalanan sənəddən ibarət deyil. Onun davamlı olması üçün cəmiyyətlərin, siyasi qüvvələrin və müxtəlif ictimai institutların da bu prosesə müsbət yanaşması vacibdir. Amma siyasi partiyaların bu prosesdə hansı formada və hansı çərçivədə iştirak edəcəyini müəyyən etmək bizim deyil, ilk növbədə sülh gündəliyini formalaşdıran dövlət rəhbərliyinin səlahiyyətindədir.
Bizim mövqeyimiz aydındır: əgər dövlət rəhbərliyi siyasi partiyaların da sülhün möhkəmləndirilməsinə töhfə verməsini məsləhət və məqsədəuyğun hesab edərsə, Azərbaycan siyasi partiyaları olaraq üzərimizə düşən məsuliyyəti yerinə yetirməyə və bu prosesə konstruktiv töhfə verməyi nəzərdən keçirə bilərik".


Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa gələcəkdə qeyri-dövlət strukturlarının da bu prosesə cəlb olunmasının vacib olduğunu söyləyib:

"Təbii ki, dövlətlərarası münasibətlərin digər mühüm komponentlərindən biri də cəmiyyətlərarası münasibətlərdir. Ayrı-ayrı vətəndaş cəmiyyəti qurumları, qeyri-hökumət təşkilatları və siyasi partiyalar da bu prosesdə gələcəkdə mühüm rol oynaya bilərlər. Hələlik bu məsələ ilə bağlı hər hansı konkret təşəbbüs yoxdur. Ona görə də bu barədə dəqiq fikir söyləmək çətindir. Amma bütövlükdə bu istiqamətdə müəyyən addımların atılması nəzərdə tutula bilər. Çünki gələcəkdə münasibətlərin və cəmiyyətlərarası dialoqun inkişafı baxımından qeyri-dövlət strukturlarının da bu prosesə cəlb olunması vacibdir".

REAL Partiyasının sədri Natiq Cəfərli Ermənistan parlamentində təmsil olunan üç partiyadan yalnız birinin sülh quruculuğundan danışdığını bildirib:


"Biz parlamentdə təmsil olunan partiyayıq. Mən öz partiyamız haqqında danışa bilərəm. Əgər parlamentin belə bir qərarı olarsa, parlamentlərarası və partiyalararası dialoqun, görüşlərin təşkili ilə bağlı qərar qəbul edilərsə, biz buna normal yanaşarıq və Azərbaycan parlamentinin qərarı çərçivəsində belə görüşlərdə iştirak edə bilərik. Amma hələlik belə bir görüşün nəzərdə tutulması ilə bağlı heç bir məlumatımız yoxdur. Bizim parlamentin rəhbəri ilə Ermənistan parlamentinin rəhbəri arasında beynəlxalq platformalarda görüşlər keçirilir. Bu da sülhün, xüsusilə dayanıqlı sülhün möhkəmlənməsi baxımından vacib addımlardan biridir. Belə görüşlərin keçirilməsi, əlbəttə, müsbət haldır. Əgər parlamentlərarası görüşlərin, siyasi partiyalar arasında təmasların keçirilməsi ilə bağlı dövlət səviyyəsində qərar olarsa, təbii ki, bu da sülh quruculuğu istiqamətində müəyyən addımların atılmasına yardım edər.
Problem sadəcə ondan ibarətdir ki, Azərbaycan parlamentində təmsil olunan bütün partiyalar – həm iqtidar partiyası, həm də digər siyasi partiyalar - sülhün tərəfdarıdır və sülh quruculuğu istiqamətində dövlətin atdığı addımları dəstəkləyirlər. Ermənistan parlamentinə baxdıqda isə vəziyyət fərqlidir. Orada təmsil olunan üç partiyadan yalnız biri – Paşinyanın rəhbərlik etdiyi partiya - sülh quruculuğundan danışır. Digər iki partiya isə əksinə, sülhə qarşıdır. Bu baxımdan, onların hansı formatda belə bir görüşdə iştirak edə biləcəklərini açığı, o qədər də təsəvvür edə bilmirəm. Amma Paşinyanın partiyası ilə Azərbaycanda fəaliyyət göstərən və parlamentdə təmsil olunan siyasi partiyalar arasında hər hansı görüşlərin keçirilməsi sülh quruculuğunda müəyyən addımların atılmasına, daha irəli mərhələyə keçilməsinə, şübhəsiz ki, yardımçı ola bilər".

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Zelenskinin ofisinə girdilər – Axtarış başladı