2026-cı ilin payızı Azərbaycanın həm ictimai-siyasi, həm də mədəni və media həyatında bir sıra mühüm qurultaylarla yadda qala bilər. Nizamnamə müddətləri və əvvəlki qurultayların keçirilmə tarixləri göstərir ki, bu il hakim Yeni Azərbaycan Partiyasının (YAP), həm Vətəndaş Həmrəyliyi Partiyasının (VHP), Azərbaycan jurnalistlərinin növbəti qurultayının keçiriləcək.
Modern.az adları çəkilən qurumların növbəti qurultaylarının nə zaman keçiriləcəyi ilə bağlı araşdrıma edib.

YAP-ın VIII qurultayı bu il keçirilməlidir
Diqqət mərkəzində olan əsas siyasi toplantı hakim Yeni Azərbaycan Partiyasının növbəti qurultayıdır.
YAP-ın sonuncu, VII qurultayı 5 mart 2021-ci ildə keçirilib. Həmin toplantıda partiyanın yeni Nizamnaməsi qəbul olunub, 40 nəfərdən ibarət İdarə Heyəti, 13 nəfərlik Təftiş Komissiyası və 35 nəfərlik Veteranlar Şurası formalaşdırılıb. Partiyanın hazırkı Nizamnaməsinin 7.2-ci bəndində isə açıq şəkildə göstərilir ki, YAP-ın qurultayı İdarə Heyəti tərəfindən beş ildə bir dəfədən az olmayaraq çağırılmalıdır.
YAP Nizamnaməsinə görə, qurultay partiyanın ali rəhbər orqanıdır. Partiya sədrinin seçilməsi, İdarə Heyəti, Təftiş Komissiyası və Veteranlar Şurasının say tərkibinin müəyyənləşdirilməsi, bu qurumların üzvlərinin seçilməsi kimi məsələlər qurultayın səlahiyyətlərinə daxildir. İdarə Heyəti və digər seçkili strukturların üzvləri də beş il müddətinə seçilir.
Hakim partiyanın qurultayının oktyabrda keçirilməsi də müzakirə olunur.

Jurnalistlər də bu il qurultaya toplaşmalıdır
2026-cı ildə qurultayı gözlənilən digər böyük ictimai platforma Azərbaycan jurnalistləri və Mətbuat Şurasıdır.
Azərbaycan jurnalistlərinin sonuncu qurultayı 24 sentyabr 2022-ci ildə keçirilib. Həmin qurultayda Azərbaycan Mətbuat Şurasının hesabat dövründəki fəaliyyəti qiymətləndirilib, Nizamnaməyə dəyişikliklər edilib və Şuranın yeni rəhbər orqanları formalaşdırılıb. Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib. Mətbuat Şurasının hazırkı Nizamnaməsinə görə, İdarə Heyəti üzvlərinin səlahiyyət müddəti 4 ildir. Şura üzvləri də 4 il müddətinə seçilir. Nəzarət-Təftiş Komissiyasının səlahiyyət müddəti də dörd ildir.
Beləliklə 2022-ci ilin sentyabrında formalaşdırılmış rəhbər orqanların dördillik səlahiyyət müddəti 2026-cı ilin sentyabrında tamamlanır.
Mətbuat Şurasının sədri Rəşad Məcid verdiyi açıqlamada IX qurultayın keçirilməsinin gündəmdə olduğunu təsdiqləyib. O bildirib ki, Mətbuat Şurasının İdarə Heyətinin iclasında qurultayın vaxtı və digər prosedur məsələlər müəyyənləşdiriləcək. Rəşad Məcid qurultayın əvvəlki toplantı kimi sentyabrın üçüncü ongünlüyünə təyin edilməsinin mümkün olduğunu deyib.
Qurultay baş tutarsa, Mətbuat Şurasının növbəti dördillik dövr üçün İdarə Heyətinin tərkibi formalaşdırılacaq və Şuranın sədri seçiləcək.