Bakıda eyni küçədə, eyni binada, eyni ölçüdə və təmir səviyyəsində olan mənzillərin qiyməti arasında on minlərlə manat fərq yarana bilir.
Modern.az xəbər verir ki, bu barədə Xəzər TV-nin reportajında bildirilib.
Məlumata görə, mənzil bazarında qiymət fərqini yaradan əsas amillərdən biri tikintidə istifadə olunan materiallar deyil, daşınmaz əmlakın sənədlərinin olub-olmamasıdır.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, çıxarışla təmin olunan həm çoxmənzilli binalardakı mənzillər, həm də fərdi yaşayış evləri alıcılar üçün daha etibarlı hesab edilir.
Onun sözlərinə görə, çıxarışlı və çıxarışsız əmlaklar arasında qiymət fərqi bazarda təxminən 30-35 faizə, bəzi hallarda isə 40 faizə qədər çata bilir.
“Şəhərin bəzi ərazilərində bu fərq 40-60 min manat təşkil edə bilər. Belə qiymət fərqi əsasən iki-dörd otaqlı mənzillərdə müşahidə olunur və bazarın tələbatına uyğun formalaşır”, - ekspert qeyd edib.
Elnur Azadov bildirib ki, qanunvericiliyə əsasən, daşınmaz əmlakın hüquqi dövriyyəsi çıxarışla təmin olunmalıdır. Bu halda alıcı bir sıra hüquqi risklərdən qorunmuş olur.
Ekspertin sözlərinə görə, daha ucuz qiymətə təklif olunan müqaviləli və çıxarışsız mənzillər alıcı üçün cəlbedici görünsə də, sonradan əlavə problemlər yarada bilər.
Belə mənzilin yerləşdiyi binanın gələcəkdə ümumiyyətlə çıxarışla təmin edilməməsi riski mövcuddur. Bundan başqa, əmlakın təkrar satışı zamanı vətəndaş tikinti şirkətindən asılı vəziyyətə düşə və əlavə xərclərlə üzləşə bilər.
Çıxarış olmadıqda mülkiyyət hüququnun tam rəsmiləşdirilməsi də mümkün olmur.
“Vətəndaş mülkiyyət sənədini əldə etmədikdə həmin ünvanda qeydiyyata düşə bilmir və bununla bağlı bəzi imkanlardan da məhrum olur. Bu, həm çoxmənzilli binalardakı mənzillərə, həm də fərdi yaşayış evlərinə aiddir”, - Elnur Azadov bildirib.
Mütəxəssislər mənzil alarkən yalnız aşağı qiymətə üstünlük verməməyi, ilk növbədə əmlakın hüquqi vəziyyətini və sənədlərini ətraflı yoxlamağı tövsiyə edirlər.