Modern.az

VIII qurultayda YAP-ın üzərinə yeni vəzifələr qoyulacaq - İdarə heyətinin üzvü

VIII qurultayda YAP-ın üzərinə yeni vəzifələr qoyulacaq - İdarə heyətinin üzvü

Ölkə

Bu gün, 16:49

Yeni Azərbaycan Partiyasının (YAP) VIII qurultayı partiyanın qarşıdakı mərhələdə fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm siyasi hadisə olacaq.

Bunu Modern.az-a açıqlamasında YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun sözlərinə görə, növbəti qurultayın keçirilməsi ilk növbədə partiyanın Nizamnaməsinin tələbidir və toplantıda ötən dövrün fəaliyyətinə yekun vurulacaq.

“Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesinin davam etməsi, Azərbaycanın regional və beynəlxalq mövqelərinin daha da möhkəmlənməsi qarşıya yeni vəzifələr qoyur”, - deputat bildirib.

Azər Badamov qeyd edib ki, qarşıdakı dövrdə YAP-ın əsas məqsədlərindən biri dövlət siyasətinə siyasi və ideoloji dəstəyi gücləndirmək, cəmiyyətdə milli birlik və həmrəyliyi möhkəmləndirmək və ölkənin strateji hədəflərinin reallaşdırılmasında fəal iştirak etmək olacaq.

Deputat son qurultaydan ötən beş ili YAP üçün xüsusi əhəmiyyət daşıyan mərhələ kimi qiymətləndirib.

Onun sözlərinə görə, 2023-cü ilin sentyabrında Qarabağda keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərində suverenliyin və konstitusiya quruluşunun bərpa olunması bu dövrün ən mühüm tarixi hadisələrindən biridir.

A.Badamov həmçinin Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq işlərinin genişlənməsini, Böyük Qayıdış prosesinin sürətlənməsini, 8 avqust 2025-ci ildə Vaşinqtonda əldə edilmiş razılaşmaları, eləcə də Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsini son beş ilin mühüm nəticələri sırasında göstərib.

O bildirib ki, qarşıdakı illərdə YAP "Böyük Qayıdış"ın təmin olunması, iqtisadi potensialın artırılması, sosial rifahın yüksəldilməsi, Azərbaycanın beynəlxalq mövqelərinin gücləndirilməsi və regionda davamlı sülhün təmin olunması istiqamətlərində dövlət siyasətinə dəstəyini davam etdirməlidir.

Azər Badamov YAP-ın cəmiyyətlə, xüsusilə gənclərlə əlaqələrinin gücləndirilməsini də əsas prioritetlərdən biri hesab edir.

“Gənclərin milli-mənəvi dəyərlərə, dövlətçilik prinsiplərinə və vətənpərvərlik ideyalarına bağlı ruhda yetişməsi olduqca vacibdir. Müasir informasiya məkanında müxtəlif yad və dağıdıcı ideoloji təsirlər də mövcuddur. Gənclərimizi və bütövlükdə cəmiyyətimizi belə təsirlərdən qorumaq üçün maarifləndirmə işlərini gücləndirməli, sağlam informasiya mühiti formalaşdırmalıyıq”, - deputat vurğulayıb.

YAP İdarə Heyətinin üzvü əlavə edib ki, VIII qurultayda müəyyənləşdiriləcək yeni vəzifələrin həyata keçirilməsi növbəti mərhələdə İdarə Heyətinin əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

“Qurultay YAP-ın gələcək fəaliyyəti üçün yeni hədəfləri və prioritetləri müəyyən edəcək. İdarə Heyətinin əsas vəzifələrindən biri qarşıya qoyulacaq vəzifələrin ardıcıl və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək olacaq”, - Azər Badamov deyib.

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sabiq deputatla bloqer arasında dava - Canlıda ittihamlara cavab