Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən qarşıdakı günlərdə ölkə ərazisində qeyri-sabit və yağıntılı hava şəraitinin müşahidə olunacağı, bəzi ərazilərdə yağıntıların intensivləşəcəyi, güclü külək əsəcəyi proqnozlaşdırılır. BDYPİ əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi çətinlikləri nəzərə alaraq, hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırır.
Bu barədə Modern.az-a BDYPİ-dən bildirilib.
Sürücülərə yağışlı havada sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək, eləcə də işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücüləri küləyin hərəkət dayanıqlığına təsirini nəzərə almalıdırlar.
İntensiv yağıntı nəticəsində su basmış və ya sel təhlükəsi olan yol sahələrinə daxil olmamaq, belə ərazilərdə mövcud məhdudiyyətlərə və polis əməkdaşlarının göstərişlərinə ciddi əməl etmək vacibdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yollarda tələsməməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.