Azərbaycanda son illər doğum saylarında müşahidə olunan azalma tendensiyası fonunda uşağın dünyaya gəlməsinə görə verilən birdəfəlik müavinət məsələsi müzakirə olunur.
Azərbaycanda uşağın dünyaya gəlməsinə görə verilən birdəfəlik müavinət hazırda bütün ailələr üçün eyni məbləğdə yəni 600 manat müəyyən edilib. Lakin cəmiyyətdə bu məbləğin uşaqların sayına görə fərqlənməsiylə bağlı müzakirələr gedir.
Mövzuyla bağlı Milli Məclisin deputatı Razi Nurullayev Modern.az-a açıqlamasında doğum səviyyəsinin azalmasını yalnız “uşaq pulu vermək” məsələsinə bağlamağın düzgün olmadığını qeyd edib. Onun fikirlərinə görə ailə üçün uşaq sahibi olmaq bir günlük qərar deyil. Bu, illərlə davam edən məsuliyyətdir.
"Sinqapurun, İsveçin və bir çox bənzər ölkələrin təcrübəsində maraqlı bir cəhət var. Dövlət ailəyə yalnız uşağın doğulduğu gün müəyyən məbləğ vermir. Mənzil, uşaq baxımı, valideynlərin işləməsi, təhsil və uşağın gələcəyi birlikdə düşünülür. Məncə, Azərbaycanda da ailəyə yalnız maddi yardım göstərmək yox, onun gələcəyə daha inamla baxmasına imkan verən sistem qurmaq lazımdır.
Əsas məsələ ailənin hər bir uşağı layiqli şəraitdə böyüdə bilməsi, onun sağlamlığına, təhsilinə və inkişafına imkanların yaradılmasıdır. Yəni demoqrafik siyasətdə vacib olan təkcə kəmiyyət deyil, həm də keyfiyyətdir.
Amma təkcə müavinəti artırmaqla problemi həll etmək mümkün deyil. Mən hesab edirəm ki, “Gənc ailə və demoqrafik inkişaf haqqında” kompleks dövlət proqramı hazırlanmalıdır. Burada uşaqlı ailələr üçün güzəştli ipoteka və ilkin ödənişə dəstək, daha əlçatan bağçalar, işləyən valideynlər üçün çevik iş imkanları, eləcə də uşağın təhsil və inkişafına uzunmüddətli dövlət dəstəyi nəzərdə tutula bilər".
Razi Nurullayev sonda qeyd edib ki, məqsədimiz sadəcə daha çox uşağın doğulması olmamalıdır. Məqsədimiz uşaqlarını yaxşı şəraitdə böyüdə bilən, gələcəyindən qorxmayan və özünü güvənli hiss edən ailələrin sayını artırmaq olmalıdır. Bu isə təkcə demoqrafik siyasət deyil, Azərbaycanın gələcəyinə investisiyadır.
Lamiyə Cənnətzadə