Modern.az

Ermənistandan Lori pendiri gələrsə, alacam - Qərbi azərbaycanlı deputatlar

Ermənistandan Lori pendiri gələrsə, alacam - Qərbi azərbaycanlı deputatlar

Ölkə

Bu gün, 16:04

Azərbaycanla Ermənistan arasında iqtisadi münasibətlərin tədricən qurulması fonunda Ermənistan məhsullarının Azərbaycan bazarına mümkün çıxışı müzakirə olunur.

Mövzu ilə bağlı əslən Qərbi Azərbaycandan olan deputatlar fikirlərini Modern.az-la bölüşüblər. 

Deputat Hikmət Baboğlu bildirib ki, Azərbaycanda tələbat olan məhsullar Ermənistan bazarından ölkəmizə daxil olarsa, onların burada alıcı tapması mümkündür. Onun sözlərinə görə, ticarət hər şeydən əvvəl qarşılıqlı istehsal, istehlak və mal mübadiləsi prosesidir. Bu gün heç bir ölkə bütün ehtiyaclarını yüz faiz öz daxilində istehsal etmir və istehlakçılar bazarda alternativ məhsullara da maraq göstərirlər. Buna görə də Ermənistan məhsullarının Azərbaycanda alıcı tapması əsasən onların keyfiyyətindən, qiymətindən və bazarın tələbatına uyğunluğundan asılı olacaq.

Ermənistandan gətiriləcək ərzaq məhsullarının keyfiyyətinə gəlincə, o, qeyd edib ki, bu məhsullar da digər ölkələrdən idxal olunan ərzaqlar kimi müvafiq nəzarət və laboratoriya yoxlamalarından keçməlidir. Azərbaycanda ərzaq təhlükəsizliyi məsələsinə xüsusi diqqət yetirilir və ölkəyə gətirilən məhsullar yoxlanıldıqdan sonra istehlak bazarına buraxılır. Keyfiyyətsiz və müəyyən standartlara cavab verməyən məhsulların Azərbaycana daxil olmasına yol verilməməlidir.

 "Azərbaycan vətəndaşlarının Ermənistan istehsalı olan məhsulları alıb-almaması fərdi seçimdən asılı olacaq. Burada əsas meyar məhsulun mənşəyindən daha çox onun keyfiyyəti və qiymətidir. Əgər Ermənistan məhsulları rəqabətqabiliyyətli qiymətə və keyfiyyətə malik olarsa, müəyyən istehlakçı qrupunun həmin məhsullara üstünlük verməsi mümkündür"- o, deyib.

Doğulduğum torpaqlarda yetişən məhsulları alacağam:

H.Bababoğlu özünün Ermənistan istehsalı olan məhsulları alıb-almayacağı ilə bağlı isə xüsusilə doğulduğu torpaqlarda yetişən kənd təsərrüfatı məhsullarına maraq göstərəcəyini bildirib. O, hər coğrafiyanın özünəməxsus məhsullarının və dadlarının olduğunu qeyd edib. Həmçinin Şirak vilayətinin Amasiya, Ağbaba mahalında hazırlanan Lori pendirini xatırladaraq, həmin pendirin vaxtilə yüksək keyfiyyəti ilə seçildiyini və Moskvaya, hətta Kremlin mətbəxinə göndərildiyini vurğulayıb. O, belə məhsullardan yenidən dadmaq istədiyini bildirib.

Ermənistandan Azərbaycana gətiriləcək məhsullara tələbatın yarana biləcəyini deyən deputat bildirib ki, heç bir ölkə bütün ehtiyaclarını tam şəkildə özü istehsal etmir. İstehlakçılar bəzi hallarda bazarda alternativ məhsullar axtarırlar və Ermənistan məhsulları da keyfiyyət və qiymət baxımından uyğun olduğu halda müəyyən tələbat formalaşdıra bilər.

"Ticarət ilk növbədə iqtisadi hadisə olsa da, tərəflər arasında qarşılıqlı etimadın yaranmasına və sülh prosesinə müsbət təsir göstərə bilər. Şirkətlər arasında qurulan iqtisadi əlaqələr qarşılıqlı əməkdaşlığı gücləndirir və bu da gələcəkdə siyasi münasibətlərə müsbət təsir edə bilər.

1546444

Məsələ ilə bağlı deputat Elşad Musayev Ermənistan məhsullarının Azərbaycanda alıcı tapa biləcəyini bildirib:

"Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası müəyyən ehtiyatlılıqla qarşılanmalıdır. Uzun illər iki ölkə müharibə və düşmənçilik şəraitində olub və Ermənistanın Azərbaycana qarşı işğal və təcavüz siyasəti bu münasibətlərdə dərin izlər buraxıb. Buna görə də iqtisadi əlaqələrin genişlənməsi siyasi münasibətlərin və sülh prosesinin inkişafından asılı olacaq. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, sülh müqaviləsi imzalanmalı və bundan sonra münasibətlərin tədricən normallaşması mümkün olacaq. Eyni zamanda, Ermənistan cəmiyyətində Azərbaycana münasibət birmənalı deyil və bu məsələdə müəyyən ehtiyatlılığın qorunması vacibdir. Ermənistandan Azərbaycana gətiriləcək məhsullar arasında kənd təsərrüfatı məhsullarına, xüsusilə Lori pendirinə tələbatın yarana biləcəyi bildirilir. Qərbi Azərbaycandan olan insanların həmin məhsulla tanış olması onun müəyyən alıcı kütləsi formalaşdırmasına imkan verə bilər. Ümumilikdə isə Ermənistan məhsullarının Azərbaycanda alıcı tapması mümkündür, lakin bunun üçün məhsulların keyfiyyəti və istehlakçı tələbi əsas amillər olacaq".

Deputat söyləyib ki, Ermənistandan gətiriləcək ərzaq məhsullarının keyfiyyəti ilə bağlı müəyyən şübhələrin olması təbii hesab edilir. Lakin bu məsələnin dövlət səviyyəsində tənzimlənməsi və məhsulların keyfiyyətinə ciddi nəzarətin həyata keçirilməsi vacibdir. İstehlakçıların da ilkin mərhələdə ehtiyatlı davranacağı gözlənilir. Məhsullar keyfiyyətli olarsa və Azərbaycan istehlakçısı tərəfindən qəbul edilərsə, zamanla onlara tələbatın artması mümkündür. Ermənistan istehsalı olan məhsulları özü almaq məsələsində isə ilkin mərhələdə belə bir niyyətinin olmadığını, müəyyən zaman keçdikdən sonra vəziyyətə uyğun olaraq buna baxmağın mümkün olduğunu bildirib.

"Ticarət əlaqələrinin genişlənməsinin siyasi münasibətlərə də təsir göstərə biləcəyi qeyd olunur. İki ölkə arasında iqtisadi əlaqələrin qurulması cəmiyyətlər arasında düşmənçilik münasibətlərinin azalmasına və qarşılıqlı ünsiyyətin formalaşmasına kömək edə bilər. Bu baxımdan ticarətin həm Azərbaycan, həm də Ermənistan üçün uzunmüddətli perspektivdə əhəmiyyətli olduğu vurğulanır"-o, deyib.

E.Musayevin sözlərinə görə, Ermənistan məhsullarının yerli istehsalçılar üçün ciddi təhlükə yaradacağı düşünülmür. Ermənistanın böyük iqtisadiyyat və geniş istehsal imkanlarına malik olmaması səbəbindən Azərbaycana böyük həcmdə məhsul axınının baş verməsi gözlənilmir. Bununla yanaşı, Azərbaycanın Ermənistana enerji resursları, neft və digər məhsullar ixrac etməsi də qarşılıqlı iqtisadi əlaqələrin inkişafında mühüm rol oynaya bilər. İlk mərhələdə tərəflərin ehtiyatlı davranması isə təbii proses kimi qiymətləndirilir.

Deputat Azay Quliyev açıqlamasında Ermənistan mallarının Azərbaycana idxalının test xarakteri daşıdığını deyib:

"İndiki mərhələdə Ermənistanla ticarət əlaqələrinin qurulmasının həm emosional, həm də sülh və qarşılıqlı etimad baxımından mühüm praktiki əhəmiyyəti var. Uzun illər davam edən işğal və münaqişədən sonra Ermənistan mallarının Azərbaycana idxalı müəyyən psixoloji baryerlərin aşılması baxımından test xarakteri daşıyır. Bu prosesə cəmiyyətin ehtiyatla yanaşması normaldır və bunun üçün müəyyən zaman tələb olunur.
Digər tərəfdən, qalıcı sülhün təmin olunması üçün qarşılıqlı etimadın gücləndirilməsi vacibdir. İqtisadi və ticarət əlaqələrinin bərpası bu etimadın formalaşmasında mühüm rol oynaya bilər. Ermənistan cəmiyyəti Azərbaycanla əməkdaşlığın münaqişə və əsassız ərazi iddialarından daha faydalı olduğunu real həyatda görməlidir. Bu istiqamətdə ilk addımı Azərbaycan atıb. Ermənistan istiqamətində tranzit məhdudiyyətləri aradan qaldırılıb və enerji məhsullarının ixracına başlanılıb. Bu ilin yanvar-iyun aylarında Azərbaycanın Ermənistana ixracı 17,129 milyon dollar, Ermənistandan Azərbaycana idxal isə 960 dollar təşkil edib. Bu səbəbdən yaxın perspektivdə Ermənistandan Azərbaycana müxtəlif malların idxalının artması gözləniləndir".

"Ermənistandan Azərbaycana daxil olacaq məhsulların keyfiyyəti və təhlükəsizliyi ölkənin qanunvericiliyinin tələblərinə uyğun şəkildə yoxlanılmalıdır. Vətəndaşların bu məhsullarla bağlı narahatlığının olması başadüşüləndir, lakin dövlət nəzarəti və mövcud standartlar nəzərə alınmaqla ciddi narahatlıq üçün əsas olmamalıdır"- o, söyləyib.

Deputat bildirib ki, erməni mallarının alınıb-alınmaması məsələsində isə ilkin mərhələdə emosional və psixoloji amillərin üstünlük təşkil edəcəyi düşünülür. Lakin zaman keçdikcə əsas meyarlar məhsulun keyfiyyəti, qiyməti və istehlakçıya verdiyi dəyər olacaq.

Azay Quliyevin sözlərinə görə, bu proses Azərbaycanın Cənubi Qafqazda formalaşdırmaq istədiyi yeni təhlükəsizlik və əməkdaşlıq modelinin bir hissəsi kimi qiymətləndirilir. Sülh müqaviləsi rəsmən imzalanmadan iqtisadi və ticarət əlaqələrinin qurulması isə sülh quruculuğu baxımından yeni və müsbət presedent yarada bilər.

Nicat Rüstəm

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla sərhədə qoşun yığılır - ŞOK HAZIRLIQ BAŞLADI