Qüsursuz görünmək istəyi və estetik prosedurlara maraq dünyada geniş yayılıb. Sosial şəbəkələrin təsiri, eləcə də tibbin inkişafı nəticəsində bu xidmətlərin daha əlçatan olması onlara tələbatı artırır. Bir zamanlar əsasən məşhurların və maddi imkanları yüksək olan şəxslərin müraciət etdiyi estetik prosedurlara indi cəmiyyətin müxtəlif təbəqələrindən olan insanlar üz tuturlar.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında bildirib ki, sırf estetik məqsəd daşıyan əməliyyatlar xarici ölkələrdə də icbari tibbi sığorta hesabına qarşılanmır.
“Ümumiyyətlə, icbari tibbi sığorta sağlamlıq üçün təhlükə yaradan halların aradan qaldırılması, müalicə və korreksiya məqsədilə nəzərdə tutulub. Estetik əməliyyatlar tibbi zərurət daşımadığı üçün sığortanın əhatə dairəsinə daxil edilmir. Azərbaycanda insanlar bəzən şəxsi istəklərinə, özlərini başqaları ilə müqayisə etdiklərinə və ya rəqabətə görə belə əməliyyatlara müraciət edirlər. Bu əməliyyatların əksəriyyətinin sağlamlıqla birbaşa əlaqəsi yoxdur. Ona görə də onlar icbari tibbi sığortanın əhatə dairəsindən kənarda qalır”, – deyə professor qeyd edib.
Adil Qeybullanın fikrincə, gələcəkdə də sırf estetik məqsədli əməliyyatların icbari tibbi sığorta hesabına qarşılanması gözlənilmir.