Modern.az

Zəngilan müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur

Zəngilan müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur

Ölkə

Bu gün, 12:36

Altı il əvvəl - 2020-ci ilin payızında Vətən müharibəsinin hər günü Azərbaycan xalqının yaddaşına yeni qələbələrlə, qəhrəmanlıq salnamələri ilə həkk olunurdu. Cəbhədən gələn hər bir xoş xəbər illərlə doğma yurdlarına qayıdacaqları günü gözləyən soydaşlarımızın ümidlərini gerçəyə çevirir, xalqımızın tarixi ədalətin bərpa olunacağına inamını daha da gücləndirirdi. Bütün Azərbaycan vahid amal ətrafında birləşmişdi: torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin ərazi bütövlüyünü bərpa etmək və üçrəngli Bayrağımızı yenidən doğma yurdlarımızda ucaltmaq.

Bu tarixi mübarizədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsi və müdrik rəhbərliyi, xalqımızın sarsılmaz birliyi, Azərbaycan Ordusunun yüksək döyüş hazırlığı və hərbçilərimizin misilsiz qəhrəmanlığı Böyük Zəfərin əldə olunmasını təmin etdi. Azərbaycan dövləti illər ərzində formalaşdırdığı siyasi, iqtisadi və hərbi qüdrətini Vətən müharibəsində bütün dünyaya nümayiş etdirdi.

Təbii ki, 2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin işğaldan azad edilməsi də həmin şanlı Zəfər salnaməsinin mühüm səhifələrindən biri oldu. Zəngilanın azadlığı Azərbaycan xalqının öz torpaqlarına sahib çıxmaq iradəsinin növbəti parlaq təzahürü idi.



Hələ 1993-cü ildə Ermənistanın işğalı dövründə də zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq 235 nəfər şəhid və itkin vermişdi. İşğal dövründə ermənilər rayonun bütün dini-tarixi abidələrini, sosial infrastrukturunu, yaşayış məntəqələrini tamamilə dağıtdılar. Rayonun təbiətinə ciddi ziyan vurdular, təbii sərvətlərini taladılar.

Zəngilanın işğaldan azad edilməsindən sonra həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri Böyük Qayıdışın artıq real nəticələr verdiyini nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Zəngilanda yalnız dağıdılmış yaşayış məntəqələri bərpa olunmur, eyni zamanda, müasir şəhərsalma prinsiplərinə, innovativ texnologiyalara və dayanıqlı inkişaf meyarlarına əsaslanan yeni yaşayış mühiti formalaşdırılır. Bu baxımdan, Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “ağıllı kənd” layihəsi işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına Azərbaycanın müasir və innovativ yanaşmasının real nümunələrindəndir.

Burada alternativ enerji mənbələrindən, ekoloji cəhətdən əlverişli texnologiyalardan və rəqəmsal həllərdən istifadə olunması, müasir təhsil, səhiyyə, sosial və digər xidmət infrastrukturunun yaradılması əhalinin rahat yaşayışının təmin edilməsinə, iqtisadi fəallığın və məşğulluğun artırılmasına xidmət edir. Bu gün Zəngilan şəhərində 84 ailənin, Ağalı kəndində 234 ailənin, Məmmədbəyli kəndində isə 179 ailənin məskunlaşması Zəngilanda həyatın yenidən canlandığını, Böyük Qayıdışın ardıcıl və sistemli şəkildə həyata keçirildiyini göstərir.

Beləliklə, bu gün bütün zəngilanlılar, o cümlədən artıq doğma torpaqlarına qayıdaraq burada məskunlaşan 2 mindən çox soydaşımız Zəngilan Şəhəri Gününü böyük coşqu, qürur və şərəf hissi ilə qeyd edirlər.

Şahin İsmayılov,
Milli Məclisin Gənclər və idman komitəsinin sədri

Sizə yeni x var
Keçid et
Ərdoğan Bakıya kritik mesaj verdi - Nələr olacaq?