Azərbaycanda ödənişli avtomobil yolları şəbəkəsinin cənub bölgəsi istiqamətində genişləndirilməsi təklif olunur.
Bunu Modern.az-a açıqlamasında deputat Azər Badamov bildirib.
O qeyd edib ki, belə layihələr həyata keçirilərkən sürücülərin ödənişsiz alternativ yoldan istifadə imkanı da qorunmalıdır.
Onun sözlərinə görə, ödənişli yolların yaradılmasında əsas məqsəd sürücülərə daha rahat və təhlükəsiz hərəkət imkanı vermək, səfər müddətini azaltmaqdır:
“Ödənişli avtomobil yolları yol infrastrukturunun keyfiyyətinin yüksəldilməsi və nəqliyyatın daha sürətli hərəkətinin təmin olunması baxımından əhəmiyyətlidir. Azərbaycanda da bu təcrübə tətbiq olunur. Hacı Zeynalabdin qəsəbəsindən Qusar istiqamətinə uzanan ödənişli yol buna nümunədir”.
Azər Badamov bildirib ki, cənub bölgəsində də müasir standartlara uyğun ödənişli yolların yaradılması nəzərdən keçirilə bilər. Deputatın fikrincə, bu, bölgənin nəqliyyat əlaqələrini yaxşılaşdırmaqla yanaşı, iqtisadi imkanlarının genişlənməsinə də töhfə verər.
O, ödənişli yolun sürücülər üçün əlavə seçim olmasının vacibliyini vurğulayıb:
“Əsas şərt budur ki, ödənişli yol istifadəyə verilərkən vətəndaşların ödənişsiz alternativ yoldan istifadə imkanı da saxlanılsın. Sürücü daha sürətli və rahat hərəkət etmək üçün ödənişli yolu seçə bilər. Lakin bu, onun üçün məcburiyyətə çevrilməməlidir”.
Deputat əlavə edib ki, yeni layihələr planlaşdırılarkən həm nəqliyyat ehtiyacları, həm də vətəndaşların maraqları nəzərə alınmalıdır:
“Düzgün planlaşdırılmış yol şəbəkəsi bölgələrarası əlaqələri gücləndirə və iqtisadi fəallığı artıra bilər. Bu prosesdə müasir infrastrukturla yanaşı, insanların seçim imkanının qorunması da əsas götürülməlidir”.