“Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər müəyyən kateqoriyalara aid şəxslərin pensiyalarına aylıq sabit əlavələrin tətbiqini nəzərdə tutur.
Milli Məclisin deputatı Vüqar Bayramov Modern.az-a açıqlamasında bildirib ki, əlavələrin məbləği qanun Prezident tərəfindən imzalandıqdan sonra müəyyənləşəcək.
“Dəyişikliklər dövlət qulluqçuları, Müdafiə Nazirliyinin hərbi qulluqçuları və bir sıra digər kateqoriyalara aid şəxslərin pensiyalarına sabit əlavələrin tətbiqini nəzərdə tutur. Qanun imzalandıqdan sonra həmin əlavələrin hesablanmasına məsul qurum müəyyən ediləcək və məbləğlər açıqlanacaq”, – deputat deyib.
Vüqar Bayramov sabit əlavələrin müəyyənləşdirilməsi üçün konkret meyarların tətbiqini təklif etdiyini də bildirib. Onun fikrincə, bu zaman minimum əməkhaqqı əsas götürülməlidir:
“Milli Məclisin genişləndirilmiş komitə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığım suallardan biri də məbləğlərlə bağlı idi. Təklif etdim ki, sabit məbləğin müəyyənləşdirilməsi üçün konkret meyarlar olsun və bu göstərici minimum əməkhaqqına bağlansın. Müəyyən kateqoriyalar üzrə minimum əməkhaqqının 10, digərləri üzrə isə 15 mislindən az olmasın. Mövcud pensiya məbləği də nəzərə alınmaqla belə bir meyarın seçilməsini daha məqsədəuyğun hesab edirəm”.
Deputatın sözlərinə görə, qanun imzalandıqdan sonra müvafiq kateqoriyalara aid vətəndaşların pensiya təyinatında sabit məbləğ oktyabrın 1-dən etibarən nəzərə alınacaq.