Modern.az

Səhiyyədə yeni idarəetmə modeli: Xidmətlər Zərfi genişləndirilə bilər

Səhiyyədə yeni idarəetmə modeli: Xidmətlər Zərfi genişləndirilə bilər

Ölkə

Bu gün, 15:53

TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Azərbaycanda səhiyyə sisteminin idarə olunmasında yeni mərhələnin əsasını qoyur. Dəyişiklik dövlət tibb müəssisələrinin fəaliyyətinə nəzarət, tibbi xidmətlərin keyfiyyəti və vətəndaşların müayinələrə əlçatanlığı baxımından yeni imkanlar yarada bilər. Lakin əsas məsələ struktur dəyişikliyinin xəstəxanalarda mövcud problemlərin həllinə nə dərəcədə təsir göstərəcəyidir.

Mövzu ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin üzvü, həkim-pediatr Müşfiq Məmmədli Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi ilk növbədə səhiyyə sistemində idarəetmənin koordinasiyasının gücləndirilməsi, tibbi xidmətlərin təşkili və keyfiyyətinə nəzarətin daha sistemli həyata keçirilməsi baxımından əhəmiyyətlidir.

Onun sözlərinə görə, bu dəyişiklik vətəndaşların xəstəxanalarda üzləşdiyi problemlərin həlli üçün yeni imkanlar yarada bilər. Hazırda vətəndaşlar həkim qəbuluna düşmək üçün uzun müddət gözləmək, müayinələrə vaxtında yazıla bilməmək, ixtisaslı həkimlərin və müasir diaqnostik imkanların çatışmazlığı kimi çətinliklərlə üzləşirlər. Xüsusilə regionlarda yaşayan əhalinin ixtisaslı tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi vacib məsələlərdəndir.

Müşfiq Məmmədli qeyd edib ki, yeni idarəetmə modeli səhiyyə siyasəti ilə xəstəxanaların gündəlik fəaliyyəti arasında əlaqələrin gücləndirilməsinə şərait yarada bilər. Səhiyyə Nazirliyi ilə TƏBİB arasında koordinasiyanın artırılması kadr təminatı, tibb müəssisələrinin maddi-texniki bazasının inkişafı və xidmət keyfiyyətinin qiymətləndirilməsi istiqamətlərində vahid yanaşmanın formalaşmasına kömək edə bilər.

Deputatın fikrincə, regionlarda həkim çatışmazlığının aradan qaldırılması və tibbi xidmətlərin əlçatanlığının artırılması üçün qərarların əlaqələndirilmiş şəkildə qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Bununla belə, struktur dəyişikliyi mövcud problemlərin avtomatik həlli demək deyil. İslahatın nəticələri həkim qəbuluna gözləmə müddətinin azalması, müayinələrə çıxışın asanlaşması və vətəndaşlara göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə ölçülməlidir.

O bildirib ki, yeni model çərçivəsində xəstəxanaların fəaliyyətinə nəzarətin, idarəetmə məsuliyyətinin və hesabatlılığın daha sistemli təşkili xüsusi əhəmiyyət daşıyır. Problemlər yarandıqda qərarların hansı səviyyədə qəbul edildiyi və onların həllinə kimin cavabdeh olduğu aydın müəyyənləşdirilməlidir.

Müşfiq Məmmədlinin sözlərinə görə, xəstəxanaların fəaliyyəti qiymətləndirilərkən yalnız maliyyə və inzibati göstəricilər deyil, həkim qəbuluna gözləmə müddəti, müalicənin nəticələri, pasiyent məmnunluğu və tibbi xidmətlərin əlçatanlığı da nəzərə alınmalıdır. Xəstəxana rəhbərlərinin məsuliyyəti göstərilən xidmətlərin keyfiyyəti və ayrılmış resurslardan səmərəli istifadə ilə əlaqələndirilməlidir.

Deputat əlavə edib ki, icbari tibbi sığorta üzrə xidmətlərin maliyyələşdirilməsi və satın alınması ilə xəstəxanaların idarə olunması arasında funksional sərhədlərin qorunması şəffaflığın və hesabatlılığın gücləndirilməsi baxımından vacibdir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi genişləndirilə bilərmi?

Müşfiq Məmmədli bildirib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinin təkmilləşdirilməsi və əhalinin tibbi xidmətlərə çıxış imkanlarının genişləndirilməsi səhiyyə sisteminin əsas prioritetlərindən biri olmalıdır.

Onun fikrincə, bu istiqamətdə yeni müayinə və müalicə xidmətlərinin əlavə edilməsi, xəstəliklərin erkən aşkarlanması, ambulator müalicə imkanlarının artırılması və müasir diaqnostik üsullara çıxışın yaxşılaşdırılması mühüm əhəmiyyət daşıyır. Xüsusilə ambulator dərman təminatının genişləndirilməsi, dərman xərclərinin azaldılması və profilaktik müayinələrin əlçatanlığının artırılması vətəndaşlar üçün faydalı ola bilər.

Deputat vurğulayıb ki, yeni xidmətlərin Xidmətlər Zərfinə daxil edilməsi zamanı əhalinin real ehtiyacları, maliyyə imkanları və tibb müəssisələrinin həmin xidmətləri göstərmək potensialı nəzərə alınmalıdır. Eyni zamanda, xidmətlərin sığorta təminatına daxil edilməsi ilə yanaşı, vətəndaşların onlardan faktiki yararlana bilməsi də təmin olunmalıdır.

“Xidmətlər Zərfinin genişləndirilməsi konkret qərarlardan, maliyyə imkanlarından və müvafiq səlahiyyətli qurumların fəaliyyətindən asılıdır. TƏBİB-in fəaliyyətinin səhiyyə siyasəti ilə daha sıx əlaqələndirilməsi xidmətlərə olan tələbatın müəyyənləşdirilməsinə və xəstəxanaların imkanlarının planlaşdırılmasına kömək edə bilər. Əsas məqsəd icbari tibbi sığortanın əhatə dairəsini genişləndirməklə yanaşı, xidmətlərin keyfiyyətini qorumaq, vətəndaşların tibbi xərclərini azaltmaq və ehtiyac duyulan müalicəyə vaxtında çıxışını təmin etmək olmalıdır”, – deyə həkim-pediatr bildirib.

Nicat Rüstəm

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Ukrayna bombalayır - Rusiya od içində