Modern.az

Azərbaycanda xəstəliklər artıb - İLK ARZUOLUNMAZ BEŞLİK 

Azərbaycanda xəstəliklər artıb - İLK ARZUOLUNMAZ BEŞLİK 

Ölkə

Bu gün, 13:21

Elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyi müasir dövrdə sağlamlığın qorunması və xəstəliklərin profilaktikası aktual məsələlərdən biri olaraq qalır. Azərbaycanda da son illərdə bir sıra xəstəliklər üzrə qeydə alınan halların sayında artım müşahidə olunur. Xüsusilə tənəffüs, qan dövranı, həzm sistemi və onkoloji xəstəliklərlə bağlı statistik göstəricilər diqqət çəkir.

Mövzu ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Modern.az-a açıqlamasında xəstəliklərdən qorunmaq üçün sağlam həyat tərzinin əhəmiyyətini vurğulayıb.

Onun sözlərinə görə, insanlar, ilk növbədə, qarşısını almaq mümkün olan xəstəliklərdən qorunmağa çalışmalı, virus infeksiyalarına qarşı profilaktik tədbirlərə diqqət yetirməlidirlər:

“Ümumiyyətlə, insanlar qoruna bildikləri bütün xəstəliklərdən qorunmalıdırlar. İlk növbədə, virus xəstəliklərinə qarşı diqqətli olmaq lazımdır. Çünki viruslar orqanizmə daxil olaraq müxtəlif dəyişikliklərə səbəb ola bilirlər. Hətta bəzi virusların onkoloji xəstəliklərin yaranmasında rol oynadığı da sübut edilib”.

Adil Qeybulla COVID-19 pandemiyasından sonra onkoloji xəstəliklərin sayında artım müşahidə olunduğunu da qeyd edib.

Professor xəstəliklərdən qorunmaq üçün qidalanmaya, fiziki aktivliyə və psixoloji vəziyyətə diqqət yetirməyin vacibliyini bildirib. Onun fikrincə, sağlam qidalanmaq, zərərli qidalardan uzaq durmaq, gündəlik fiziki aktivliyi artırmaq və stressdən mümkün qədər qorunmaq sağlamlığın qorunmasında mühüm rol oynayır.

“Xəstəliklərdən qorunmaq üçün xolesterinin artmasına səbəb ola biləcək zərərli qidalardan uzaq durmaq, sağlam qidalanmaq, mümkün qədər az karbohidratlı və az yağlı yeməklərə üstünlük vermək lazımdır. Qidalanma ilə yanaşı, insanlar gündəlik fiziki aktivliklərinə də diqqət yetirməli, hərəkətli həyat tərzi keçirməlidirlər. Orqanizmdə maddələr mübadiləsinin normal getməsi və qəbul edilən qidaların mənimsənilməsi də fiziki aktivliklə əlaqəlidir.

Fiziki aktivlik və qidalanma ilə yanaşı, stressdən uzaq durmaq da vacibdir. İnsanlar bütün bunları gündəlik vərdişlərinə çevirməlidirlər. Nəzərə almaq lazımdır ki, xəstəliklərin böyük bir qismi həyat tərzi ilə əlaqəlidir”, – deyə professor bildirib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycanda 2025-ci ildə yeni qeydə alınmış xəstəliklərin sayı 2020-ci illə müqayisədə 715 min 824 hal və ya 39,8 faiz artıb.

2025-ci ildə ən çox qeydə alınan xəstəliklər tənəffüs sistemi ilə bağlı olub. Bu kateqoriya üzrə 841 min 789 hal qeydə alınıb. Qan dövranı sistemi xəstəliklərinin sayı isə 247 min 19 təşkil edib.

Onkoloji xəstəliklərlə bağlı göstəricilərdə də artım qeydə alınıb. Belə ki, 2025-ci ildə 17 min 199 belə hal qeydə alınıbsa, 2020-ci ildə bu rəqəm 12 min 98 olub. Beləliklə, beş il ərzində onkoloji xəstəliklərlə bağlı qeydə alınmış halların sayı 42,2 faiz artıb.

Bununla yanaşı, yoluxucu və parazitar xəstəliklərin sayında azalma müşahidə olunub. Bu kateqoriya üzrə göstərici əvvəlki dövrlərlə müqayisədə 11,8 faiz aşağı düşüb.

Göz və onun əlavə aparatının xəstəlikləri üzrə qeydə alınan halların sayı da əhəmiyyətli dərəcədə artıb. 2020-ci ildə 72 min 471 hal qeydə alındığı halda, 2025-ci ildə bu göstərici 136 min 519-a çatıb. Bu, 88,4 faiz artım deməkdir.

Həzm sistemi xəstəlikləri üzrə də yüksəliş qeydə alınıb. 2020-ci ildə 151 min 360 hal qeydə alındığı halda, 2025-ci ildə bu rəqəm 216 min 749-a yüksəlib. Beş il ərzində artım 43,2 faiz təşkil edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı