“Brain Academy”nin Bakıxanov qəsəbəsində yerləşən filialında autizm spektrli 2 yaşlı uşağa qarşı zorakılıq göstərildiyi iddia olunur. Hadisə ilə bağlı təhlükəsizlik kamerasının görüntülərinin yayılması ictimai müzakirələrə səbəb olub. Mərkəzin rəhbərliyi hadisəni təsdiqləyib və uşağa qarşı zorakılıqda adı hallanan əməkdaşın işdən uzaqlaşdırıldığını açıqlayıb.
Məsələ ilə bağlı sözügedən mərkəzin rəhbəri Humay Mehdiyeva Modern.az-a açıqlamasında hadisənin onların filialında baş verdiyini təsdiqləyib və əməkdaşın işinə son verildiyini bildirib.
“Bəli, bu hadisə bizim mərkəzdə baş verib. Bu gündən etibarən həmin əməkdaşın işinə qəti şəkildə son qoyulub. O, artıq bizim mərkəzdə çalışmır və bundan sonra heç bir yerdə uşaqlarla işləməməlidir. Məni tanıyan, mənimlə çalışan hər kəs bilir ki, məsuliyyətsiz davranan əməkdaşın bir gün belə işləməsinə imkan verməmişəm. Belə hallarda həmin şəxsi dərhal uzaqlaşdırırıq. Bizim üçün birinci məsələ kollektivdə hər kəsin vicdanla, insan kimi çalışmasıdır. Bunu xüsusilə vurğulayıram. Peşəkarlıq vacibdir, amma hər şeydən əvvəl insan olmaq lazımdır. Bəzən insanlara peşə öyrətmək mümkündür, amma insan olmağı öyrətmək çətindir”, – deyə o bildirib.
Mehdiyeva baş verən hadisənin təəssüf doğurduğunu və məsələni gizlətmək niyyətində olmadıqlarını vurğulayıb. O, uşaqların təhlükəsizliyinin təmin edilməsinin əsas prioritet olduğunu bildirib.
Nicat Rüstəm