Modern.az

Ailələrin kommunal ödənişləri 480 manat artıb

Ailələrin kommunal ödənişləri 480 manat artıb

Ölkə

Bu gün, 11:43

Kommunal və digər xidmətlər üzrə tariflərin artırılması sahibkarların xərclərini yüksəldərək məhsul və xidmətlərin bahalaşmasına səbəb ola bilər. Buna görə qiymət dəyişikliyi ilə bağlı təkliflər qiymətləndirilərkən onların əhali və biznes üçün nəticələri əvvəlcədən hesablanmalıdır.

Bunu Modern.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədrinin müşaviri Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, tariflərə yenidən baxılması yalnız xidmət göstərən müəssisələrin maliyyə vəziyyəti ilə əsaslandırılmamalıdır:

“Tarifin artırılması təklif edilirsə, ilk növbədə bunun səbəbləri, iqtisadi əsasları, əhaliyə və sahibkarlara mümkün təsirləri açıqlanmalıdır. Azərbaycanda sahibkarlıq subyektlərinin əsas problemlərindən biri məhsul və xidmətlərin maya dəyərinin yüksək olmasıdır. Bir sıra sahələrdə rəqabətin zəifliyi, idxaldan asılılıq, logistika xərcləri və maliyyə resurslarının baha olması biznesin xərc yükünü artırır. Bu isə yerli istehsalçıların xarici məhsullarla rəqabət imkanlarını zəiflədir”.

Asif İbrahimov qeyd edib ki, belə şəraitdə kommunal xidmətlərin bahalaşması digər sahələrdə də qiymət artımına yol aça bilər:

“Elektrik enerjisi, qaz, su və nəqliyyat xidmətlərinin qiymətinin yüksəlməsi istehsal xərclərinə birbaşa təsir göstərir. Sahibkar əlavə xərcləri öz hesabına qarşılaya bilmədikdə onları məhsul və xidmətlərin qiymətinə daxil edir. Nəticədə tarif artımı inflyasiya təzyiqini gücləndirə bilər”.

İqtisadçı bildirib ki, qərar qəbul edilərkən aşağı və orta gəlirli ailələrin maliyyə imkanları xüsusilə nəzərə alınmalıdır:

“Ailə gəlirlərinin böyük hissəsi ərzağa və digər zəruri ehtiyaclara sərf olunursa, kommunal ödənişlərin artması büdcəyə əlavə təzyiq yaradır. 4 nəfərlik bir ailənin kommunal xidmətlərə görə ödənişi hətta ən əlverişli ssenaridə ötən illə müqayisədə 480 manat artıb. Gəlirləri xərcləri ilə eyni sürətlə artmayan ailələr digər ehtiyaclarını məhdudlaşdırmaq məcburiyyətində qalırlar. Buna görə tarif dəyişikliyinin müxtəlif gəlir qruplarına təsiri ayrıca qiymətləndirilməlidir”.

Onun fikrincə, xidmət göstərən müəssisələrin infrastrukturun yenilənməsinə və xidmət keyfiyyətinin yaxşılaşdırılmasına ehtiyacı ola bilər. Lakin tarif artımından əvvəl həmin müəssisələrin xərcləri və idarəetmənin səmərəliliyi araşdırılmalıdır:

“Müəssisənin xərclərinin artması həmin yükün avtomatik olaraq istehlakçının üzərinə qoyulmasına əsas vermir. Əvvəlcə xərclərin nə dərəcədə əsaslı olduğu, mövcud resurslardan necə istifadə edildiyi və qənaət imkanları müəyyənləşdirilməlidir”.

Asif İbrahimov sahibkarların istehsal xərclərinin azaldılması üçün rəqabətin gücləndirilməsini, logistika xərclərinin aşağı salınmasını, maliyyə resurslarına çıxışın yaxşılaşdırılmasını və inzibati maneələrin aradan qaldırılmasını vacib sayıb.

“Tarif siyasəti həm xidmət göstərən müəssisələrin maliyyə dayanıqlığını, həm də əhali və sahibkarların maraqlarını nəzərə almalıdır. Qərarlar şəffaf hesablamalara əsaslanmalı, məhsuldarlığın artırılmasına, rəqabətin gücləndirilməsinə və əhalinin rifahının yaxşılaşdırılmasına xidmət etməlidir”, – deyə o vurğulayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya şəhərləri bombalanır - Yaralılar var