Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsinin yaxın gələcəkdə imzalanacağı o qədər də real görünmür. Çünki Ermənistanla danışıqlar prosesində razılığa gəlmək və konkret nəticələr əldə etmək olduqca çətindir.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Onun sözlərinə görə, buna səbəb Ermənistanın Baş naziri Nikol Paşinyanın seçkilərdən sonra ilin sonunadək yeni konstitusiya layihəsinin ictimai müzakirəyə çıxarılacağını, gələn ilin əvvəlində isə referendumun keçiriləcəyi açıqlamasını verməsidir.
"Halbuki yekun sülh müqaviləsinin imzalanması qarşısında qalan əsas məsələlərdən biri Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasıdır. Son günlər Ermənistanın nümayiş etdirdiyi mövqe, o cümlədən ərazilərin dəyişdirilməsinin mümkünlüyü ilə bağlı məlumatların gündəmə gətirilməsi və Paşinyanın sülh sazişinin 2031-ci ildə imzalana biləcəyi barədə fikirləri bu ölkənin sülh prosesinə münasibəti ilə bağlı ciddi suallar yaradır. Burada haqlı bir sual meydana çıxır: Paşinyanın 2031-ci ilədək hakimiyyətdə qalacağına hansı təminat var? Bu, özü də kifayət qədər şübhəli məsələdir. Belə olan halda, sülh müqaviləsinin imzalanmasını bu qədər uzaq tarixə bağlamaq nə dərəcədə məntiqlidir? Eyni zamanda, TRIPP layihəsinin həyata keçirilməsi istiqamətində nəzərəçarpacaq irəliləyişin olmaması və regionda formalaşmış yeni reallıqların möhkəmləndirilməsi üçün konkret addımların atılmaması əlavə suallar doğurur".
Azər BAdamov vurğulayıb ki, 8 avqust 2025-ci il tarixindən etibarən regionda sülh gündəliyi istiqamətində mühüm irəliləyiş əldə olunsa da, mövcud vəziyyət hələ də kövrəkdir və onun qorunması üçün qarşılıqlı səylər göstərilməlidir:
"Sülhün qorunması üçün yalnız Azərbaycanın atdığı addımlar kifayət etmir. Azərbaycan birtərəfli qaydada Ermənistana tranzit yüklərin daşınması ilə bağlı məhdudiyyətləri aradan qaldırıb, eyni zamanda, bu ölkəyə neft məhsullarının satışına başlayıb. Bu gün enerji resursları ilə təminat da strateji əhəmiyyət daşıyan məsələyə çevrilib. Bütün bunlar Azərbaycanın regionda etimad mühitinin formalaşmasına və münasibətlərin normallaşmasına töhfə verməyə hazır olduğunu göstərir. Lakin əsas sual budur: Ermənistan sülhün qorunması və möhkəmləndirilməsi üçün hansı konkret addımları atır? Təəssüf ki, müşahidə olunan proseslər Ermənistanın sülh gündəliyinə sadiqliyi ilə bağlı nikbin nəticələr çıxarmağa əsas vermir".
Deputatın sözlərinə görə son altı ilin təcrübəsi göstərir ki, Azərbaycan iki ölkə arasında münasibətlərin normallaşdırılması və davamlı sülhün təmin olunması istiqamətində ardıcıl səylər göstərib.
"Ermənistanın davranışları isə bir sıra hallarda əldə olunmuş razılaşmaların icrası ilə bağlı ciddi suallar yaradıb.
Belə ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla regionda nəqliyyat əlaqələrinin açılması, o cümlədən Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında maneəsiz əlaqənin təmin edilməsi nəzərdə tutulurdu. Həmin sənədin müddəalarının icrası ilə bağlı sonrakı proseslər isə tərəflər arasında ciddi fikir ayrılıqlarına səbəb oldu. Eyni zamanda, Azərbaycan ərazilərinin minalanması, işğaldan azad edilmiş torpaqlarda qeyri-qanuni fəaliyyətlər və təbii sərvətlərin istismarı ilə bağlı məsələlər ölkəmizin təhlükəsizliyi və ekoloji mühit üçün ciddi problemlər yaratdı. Bu əməllərin nəticələri bu gün də azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə, eləcə də doğma yurdlarına qayıdan insanların təhlükəsizliyinə təsir göstərir. Məhz bu təhlükəsizlik reallıqları fonunda Azərbaycan 2023-cü il sentyabrın 19–20-də Qarabağda lokal xarakterli antiterror tədbirləri həyata keçirdi. Sonrakı proseslər bir daha göstərdi ki, regionda davamlı sülhün təmin olunması üçün siyasi bəyanatlar kifayət deyil, əldə edilmiş razılaşmaların icrası və konkret öhdəliklərin yerinə yetirilməsi vacibdir", - deyə Badamov vurğulayıb.
Onun sözlərinə görə, təcrübə göstərir ki, hərbi-siyasi gərginliyin artdığı məqamlardan sonra Ermənistanın sülh gündəliyinə münasibətində dəyişikliklər baş verir və danışıqlar prosesində yeni mərhələ başlayır:
"İndi də regionda yaranmış kövrək sülh şəraitində vaxtın uzadılması ehtimalı narahatlıq doğurur. Əvvəlki təcrübə əldə olunmuş razılaşmaların icrasına diqqətlə yanaşmağın və mümkün riskləri nəzərə almağın vacibliyini göstərir. Bu baxımdan Azərbaycan sülh gündəliyini dəstəkləməklə yanaşı, milli təhlükəsizliyinin təmin olunması məsələsində də qətiyyətli mövqeyini saxlamalıdır. Hərbi potensialımızın gücləndirilməsi, müdafiə qabiliyyətimizin artırılması və mümkün təxribatların qarşısının alınması üçün hazırlığın daim yüksək səviyyədə saxlanılması vacibdir. Eyni zamanda, istənilən gərginliyin qarşısını almaq üçün diplomatik səylər davam etdirilməli, tərəflərin üzərinə götürdükləri öhdəliklərin icrası təmin olunmalıdır. Azərbaycan sülhə hazırdır. Lakin davamlı sülh yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Ermənistan da öz üzərinə düşən öhdəlikləri yerinə yetirməli, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün konkret addımlar atmalıdır. Əks halda, regionda əldə olunmuş irəliləyişlərin dayanıqlı sülhə çevrilməsi çətin olacaq. Azərbaycanın əsas məqsədi isə milli maraqlarını və təhlükəsizliyini qorumaqla yanaşı, regionda uzunmüddətli sabitliyin və əməkdaşlığın təmin olunmasıdır".