Oktyabrın 25-də peşəkar mühasib sertifikatı imtahanının qanunvericilik üzrə II mərhələsi keçiriləcək.
Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatına görə, imtahanda iştirak etmək üçün 684 nəfər qeydiyyatdan keçib.
İmtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda, Naxçıvanda isə 4 nömrəli məktəbdə kompüterlər vasitəsilə təşkil olunacaq.
İmtahanlar saat 10:00-da və 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmayacaqlar.
Üç saat davam edəcək imtahanda namizədlərə seçdikləri sertifikat növünə uyğun qanunvericilik üzrə 40 test tapşırığı təqdim olunacaq.
Namizədlər imtahana şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini gətirməlidirlər. Buraxılış vərəqəsini [bu keçiddən](//exidmet.dim.gov.az/elimt/ImtBuraxilish/Login) çap etmək mümkündür. Həmin səhifədə iştirakçılar üçün “Yaddaş kitabçası” da yerləşdirilib.
İmtahan binasına mobil telefon, ağıllı saat, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta və başqa yardımçı vasitələr gətirmək qadağandır.
İştirakçılar imtahanın [demo versiyası](//portal.dim.gov.az/pmsDemo/) ilə əvvəlcədən tanış ola bilərlər.
İmtahanın təşkili üçün 2 ümumi imtahan rəhbəri, 7 imtahan rəhbəri, 45 nəzarətçi və 7 buraxılış rejimi əməkdaşı cəlb olunub.