“Mənim İsa Qəmbərin fikirlərinə şərh vermək fikrim yoxdur. Onun müxalifətin inteqrasiyası ilə bağlı dediklərinə normal qəbul baxıram”. Bu sözləri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Müsavat başqanının AXCP-Müsavat birləşməsi ilə bağlı mövqeyinə münasibət bildirərkən Modern.az saytına deyib. Xatırladaq ki, Müsavat başqanı AXCP-Müsavatın birləşməsindən öncə, Rəsulzadə-Elçibəy ideologiyasını daşıyıcılarının inteqrasiyasının vacib olduğunu deyib.
M. Mirəlioğlunun sözlərinə görə, bu iki partiya arasında olan məsələdir və onlara aidiyyatı yoxdur. “Dostum İsa Qəmbərin açıqlamalarına gəlincə, bu fikirlərin ciddi əsasları var. Onun dediklərini təbii qəbul edirəm”.
Onun sözlərinə görə KXCP –yə heç kim birləşmə ilə bağlı təklif verməyib.
“Biz bu birləşmə prosesində yoxuq. Biz heç kimə birləşmirik və bizə də birləşmə ilə bağlı heç bir təklif olunmayıb. Birləşmək istəyənlərə isə uğur arzu edirəm”-deyə KXCP sədri vurğulayıb.
Xatırladaq ki, Müsavat başqanı İsa Qəmbər AXCP ilə Müsavatın birləşməsinin perspektivlərini şərh edərkən bildirib ki, onun heç bir zaman məqsədi sırf iki partiyanın bir partiyada birləşməsi olmayıb. “Məqsədim dəyişikliləri istəyən qüvvlərin toparlanmasıdır. Bunun bir variantı demokrtaik düşərgənin toparlanmasıdır. Toparlanmağın başqa bir forması isə siyasi inteqrasiyadır. Siyasi inteqrasiya ilə bağlı mən bildirmişəm ki, Rəsulzadə-Elçibəy yoluna bağlı qüvvələrin iştirakını məqsədəuyğun hesab edirəm”.
Bununla da Müsavat başqanı son günlər siyasi müstəvinin ən qızğın müzakirə olunan mövzusu ilə bağlı uzun müddət davam edən sükütünu pozub.
Modern.az