11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada FİFA Dünya Kuboku keçiriləcək. Bu çempionatda Türk Dövlətləri Təşkilatına üzv ölkələrdən Türkiyə və ilk dəfə Özbəkistan qatılacaq.
Modern.az Dünya Koboku uğrunda oyunlarda deputatların hansı komandanı dəstəkləyəcəyini öyrənməyə çalışıb.
Saytımıza açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin Fazil Mustafa bildirib ki, Türkiyə və Özbəkistana azerkeşlik edəcək:
“Təbii ki, iki komandaya - Türkiyə və Özbəkistana azarkeşlik edəcəyəm. Bu, daha çox milli təəssübkeşliyimlə bağlıdır. Amma qalib gəlmək ehtimalı olan komandalardan, təbii ki, İspaniyanın bəyənilən oyunları var. Eyni zamanda Fransa və Argentina bu prosesdə sürprizlər gerçəkləşdirə bilərlər. Yəni daha çox bu 3 komandanın nəsə edə biləcəyi ehtimalı böyükdür.
Bütün oyunlara imkan olduqca canlı yayımda baxacağam. Çünki hər oyunun maraqlı tərəfləri var. Orada Messini, Ronaldonu görmək baxımından bu matçları izləyəcəyəm. Bütün oyunlara baxmaq lazımdır, hər oyun maraqlıdır. Əsasən daha çox Türkiyənin oyunlarını izləyəcəyəm”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Azər Əmraslanovun favorit komandaları isə Türkiyə və braziliyadır:
"Qələbə gözləntimiz və arzumuz Türkiyə ilə, qalib komanda kimi proqnozumuz isə Braziliya ilə bağlıdır”.
Parlamentin xanım deputatl Elnarə Akimova isə Türkiyə və Özbəkistanı dəstəkləyəcəyini söyləyib:
“Düzünü desəm, futbolla elə də yaxından maraqlanan insan deyiləm. Amma evdə böyük oğlum və yoldaşım əsl futbol fanatıdırlar. Ona görə də futbol turnirləri başlayanda istər-istəməz mən də bu ab-havanın içində oluram. Bildiyim qədərilə, bu dəfəki dünya çempionatında qardaş Türkiyə millisi də iştirak edir.
Türkiyənin hazırkı heyətində dünya futbolunda tanınan və böyük ümidlər vəd edən oyunçular yer alır. Arda Gülər, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu kimi futbolçular artıq beynəlxalq arenada öz sözlərini deməyi bacarıblar və azarkeşlər onlardan böyük uğurlar gözləyirlər.
Bu il dünya çempionatında iştirak edən Özbəkistan millisinin çıxışı da xüsusi diqqət çəkir. Türk dünyasının önəmli dövlətlərindən biri olan Özbəkistanın ilk dəfə dünya çempionatında təmsil olunması əlamətdar hadisədir. Mən onlara da uğurlar arzulayıram. İnanıram ki, Özbəkistan millisi öz əzmkarlığı və mübarizə ruhu ilə azarkeşlərin rəğbətini qazanacaq və uğurlu çıxışı ilə yadda qalacaq.
Mənim konkret favorit komandam olmasa da, qardaş Türkiyənin və dost Özbəkistanın milli komandalarına xüsusi rəğbət bəsləyirəm. Vaxtım imkan versə, ilk növbədə Türkiyə millisinin oyunlarını izləməyə çalışacağam. Çünki futbol təkcə idman deyil, həm də xalqları birləşdirən, sevinc və qürur hissini paylaşdıran böyük bir hadisədir.
Dünya çempionatının maraqlı və yaddaqalan oyunlarla yadda qalmasını arzulayıram. Ən əsası isə qardaş Türkiyə və dost Özbəkistan milli komandalarının uğurlu çıxış etməsini, azarkeşlərini sevindirməsini və turnirdə mümkün qədər irəli getməsini istəyirəm”.
Deputat Razi Nurullayev futbola baxmağa başlayandan Argentinaı dəstəklədiyini deyib:
"Mən özümü biləndən, futbola baxandan Argentina milli komandasının vurğunuyam. İndi mənim birinci favoritim Argentina olacaq. Argentina artıq, bilmirəm, damarıma hopub. Argentinaya azarkeşlik edəcəyəm.
Amma bütün oyunların hamısını bir-bir izləyəcəyəm. Baxa bilmədiklərimə internet vasitəsilə baxacağam. İndi ilk dəfədir ki, qardaş Özbəkistan da dünya çempionatında iştirak edəcək. Özbəkistanın oyununa baxmaq mənim üçün çox maraqlı olacaq. Görüm, qardaş ölkəmiz Özbəkistan necə oynayır.
Həm də istərdim ki, dünya çempionatında Azərbaycan da iştirak etsin. Özbəkləri təbrik etmək olar. Afrikalı oyunçuların oyunları da mənə maraqlı olacaq. Son zamanlar afrikalı oyunçular sadəcə olaraq gözəl oynayırlar, amma qol vurmaqda çətinlik çəkirlər. Onlar çox gözəl oyun nümayiş etdirdikləri üçün izləyəcəyəm”.
Deputat Rövşən Muradov da Türkiyə və Özbəkistanı dəstəkləyəcəyini qeyd edib:
“Dünya çempionatı həmişə mənim maraq dairəmdə olub. Mənim 56 yaşım var. 1978-ci ildən bu yana Dünya Çempionatının final oyunlarını izləmişəm. Builki çempionatda Türk Dövlətləri Təşkilatına üzv olan iki ölkəyə - Türkiyə və Özbəkistana azarkeşlik edəcəyəm. Mən bu komandaların hamısını izləyəcəyəm. Arzu edirəm ki, Türkiyə və Özbəkistan heç olmasa 1/4 finala çıxsınlar. Orada da, inşallah, yaxşı oynayarlar, nəsə əldə edərlər.
Mənim ABŞ-a, Meksikaya və Kanadaya getmək imkanlarım məhduddur. Ancaq televiziya vasitəsilə çempionata baxacağam. İstərdim ki, ya Türkiyə, ya da Özbəkistan qalib olsun. Ancaq bilmək olmaz, dünyanın işidir. Arzu edək ki, ya Türkiyə, ya da Özbəkistan 1/4 finala yüksəlsin. Ondan sonra Allah Kərimdir.
Dünya futbolu Braziliyaya bağlıdır. Bu ölkə 5 dəfə dünya çempionu olub. Mən istərdim ki, növbəti dəfə Braziliya çempion olsun. Mən bilən, digər heç bir ölkə 6 dəfə dünya çempionu olmayıb”.
Deputat Müşfiq Cəfərovun isə favorit komandası İspaniya millisidir.