AŞPA-nın Almaniyadan olan deputatı, sosial-demokratlar qrupunun rəhbəri Frank Şvabe Azərbaycan dövlətinə qarşı apardığı kampaniya çərçivəsində yaratdığı “koalisiya” vasitəsilə irəli sürdüyü iddiaları “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq təşkilatların hesabatları ilə əsaslandırmağa çalışır.
Modern.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Cavanşir Feyziyevin açıqlamasında yer alıb.
Deputat bildirib ki, sözügedən təşkilatların uzun illərdir, demək olar ki, Azərbaycanın müstəqilliyinin ilk illərindən başlayaraq ölkəmizə qarşı qarayaxma kampaniyalarında iştirak etdiyi məlumdur.
Onun sözlərinə görə, son illərdə vəziyyət dəyişib:
“Erməni işğalına son qoyulub və bu istiqamətdə aparılan 30 illik kampaniyaya sərf olunan milyonlarla dollar artıq nəticəsiz qalıb. Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının mövzusu da dəyişib. Uzun illər “cəfakeş ermənilər” üçün ağlayan bəzi təşkilatlar və siyasətçilər indi Əli Kərimli üçün vay-şüvən salmağa başlayıblar”.
C.Feyziyev qeyd edib ki, əvvəllər Azərbaycanın ərazisində xarici qüvvələrin dəstəyi ilə yaradılmış separatçı rejimi “blokadada” saxladığına görə Azərbaycanı hədəfə alan qüvvələr bu gün Əli Kərimlinin həbsindən və onun saxlanma şəraitindən narahat olduqlarını bildirirlər:
“Onlar bu məqsədlə beynəlxalq qeyri-hökumət təşkilatlarını da kampaniyaya cəlb edirlər. Maraqlı məqam ondan ibarətdir ki, Frank Şvabe və onunla əməkdaşlıq edən beynəlxalq təşkilatların azadlığa buraxılmasını tələb etdikləri şəxslərin sırasında Əli Kərimli tək deyil. Bu siyahıda Azərbaycan məhkəmələri tərəfindən uzunmüddətli və ömürlük həbs cəzalarına məhkum edilmiş erməni cinayətkarları da yer alıb”.
Deputatın sözlərinə görə, uzun illər ərzində insanlığa qarşı cinayətlər və çoxsaylı müharibə cinayətləri törətmiş şəxsləri dəstəkləyən bəzi avropalı və amerikalı siyasətçilərin bu gün də eyni yanaşma ilə Əli Kərimlinin və onun tərəfdarlarının “müdafiəsinə” qalxması müəyyən qənaətlərə əsas verir.
“Belə görünür ki, həm erməni işğalçıları, həm də Əli Kərimli və onun tərəfdarları eyni mərkəzlərin Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi alətlərdir. Alətlərdən biri işləməyəndə digəri işə salınır. Bu konfiqurasiyada hər kəs öz yerini qanuna və məntiqə uyğun şəkildə tapmış olur.
Azərbaycanın hüquq-mühafizə orqanları da Əli Kərimlinin və digər şəxslərin xarici qüvvələrin təsir və maraqlarına xidmət edən fəaliyyətinə görə hüquqi tədbirlər həyata keçirib. Şvabe və onunla “koalisiyaya” daxil olan siyasətçilər və təşkilatlar isə öz tərəfdarlarını düşdükləri vəziyyətdən çıxarmaq cəhdləri ilə Azərbaycandakı təsir alətlərini bir daha nümayiş etdirirlər”, – deyə C.Feyziyev vurğulayıb.
Deputat əlavə edib ki, reallıqlar artıq dəyişib:
“Əgər Azərbaycan dövlətinin və dövlətçiliyinin ən ağır sınaqlardan keçdiyi illərdə təzyiq və təhdid siyasəti ilə heç nəyə nail ola bilmədilərsə, bu gün də belə cəhdlərin heç bir faydası ola bilməz. Azərbaycan dövlətinə təzyiq göstərmək əvəzinə, onunla ədalətli, bərabərhüquqlu və beynəlxalq hüquq normalarına əsaslanan qarşılıqlı faydalı əməkdaşlıq etmək daha səmərəli siyasət olardı”.