Modern.az

Qubada Aqrar Universitetin yaradılması təklif edildi

Qubada Aqrar Universitetin yaradılması təklif edildi

Təhsil

Bu gün, 15:49

Qubada Aqrar Universitetin və ya onun böyük filialının yaradılması aqrar sahə üçün mühüm nəticələr verə bilər. Eyni zamanda, kənd təsərrüfatında informasiya texnologiyaları üzrə yerli kadr hazırlığının gücləndirilməsinə ehtiyac var.

Modern.az xəbər verir ki, bunu deputat Əlibala Məhərrəmzadə Milli Məclisin Aqrar siyasət komitəsinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələr mövzusunda keçirilən ictimai dinləmədə deyib.

Deputat bildirib ki, Qubada aqrar təhsil müəssisəsinin fəaliyyət göstərməsi bölgənin potensialından daha səmərəli istifadə etməyə imkan yaradar.

Onun sözlərinə görə, Çayçılıq Elmi-Tədqiqat İnstitutu və Meyvəçilik Elmi-Tədqiqat İnstitutu da Qubada yerləşir və burada kifayət qədər peşəkar mütəxəssis fəaliyyət göstərir.

Əlibala Məhərrəmzadə qeyd edib ki, müasir aqrar inkişaf artıq yalnız kənd təsərrüfatı ilə deyil, texnologiyalarla da sıx bağlıdır.

"Bu gün aqrar sahədə İT, meliorasiya və heyvandarlıq texnologiyalarının tətbiqi xüsusi əhəmiyyət daşıyır. Lakin bu istiqamətdə inteqrasiya yetərli səviyyədə deyil", - deyə deputat bildirib.

O vurğulayıb ki, aqrar sektorda fəaliyyət göstərən bir çox İT mütəxəssisi xaricdən cəlb olunur.

"Müşahidələrimə əsasən, bu sahədə çalışan xarici mütəxəssislərin bir qismi ayda 30-40 min manat əməkhaqqı alır. Aqrar sahədə yerli peşəkar kadrların hazırlanması bu asılılığın azalmasına kömək edə bilər", - deyə Əlibala Məhərrəmzadə əlavə edib.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədən 2 ölkəyə MÜHARİBƏ ANONSU - Cavabımız ağır olacaq!