Modern.az

II və III qruplarda keçid balları ilə bağlı açıqlama

II və III qruplarda keçid balları ilə bağlı açıqlama

Təhsil

Bu gün, 16:32

II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci cəhdi artıq başa çatıb. İmtahandan sonra abituriyentlər arasında sualların çətinlik səviyyəsi və builki keçid ballarının necə formalaşacağı ilə bağlı müzakirələr başlayıb.

Modern.az mövzu ilə bağlı təhsil ekspertləri Elçin ƏfəndiRamin Nurəliyevin fikirlərini öyrənib.

Təhsil eksperti Elçin Əfəndi bildirib ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi son blok imtahanından sonra aparılan sorğular abituriyentlərin əksəriyyətinin imtahanı əvvəlki mərhələ ilə eyni səviyyədə qiymətləndirdiyini göstərir:

"Qeyd edim ki, II və III ixtisas qrupları üzrə blok imtahanının sonuncu mərhələsi keçirildi və biz sorğu apardıq. Abituriyentlərin əksəriyyəti imtahanın birinci cəhdlə eyni səviyyədə olduğunu bildirdilər. Bununla yanaşı, müəyyən qədər tarix fənni ilə bağlı çətinliklərin olduğunu da qeyd etdilər".

Ekspertin sözlərinə görə, builki müsabiqədə iştirakçı sayının çox olması keçid ballarına təsirsiz ötüşməyəcək:

"Hər iki qrupda iştirakçı sayı kifayət qədər çoxdur və bu, ixtisaslar üzrə formalaşacaq keçid ballarına təsir göstərəcək. Müəyyən dəyişikliklər olacaq. Çünki plan yerlərində ciddi artım yoxdur, yalnız bəzi universitetlərdə, əsasən I və IV qruplar üzrə cüzi artım müşahidə edilir. Abituriyentlərin çoxluğu müsabiqənin gərgin keçəcəyini göstərir və bu da keçid ballarında dəyişikliklər yaradacaq".

Elçin Əfəndi iyulun 12-də keçiriləcək I və IV ixtisas qrupları üzrə ikinci cəhd imtahanlarına hazırlaşan abituriyentlərə də tövsiyələr verib:

"Ciddi hazırlaşan abituriyentlər nəticələrini yaxşılaşdıra biləcəklər. Yalnız arxayın və məsuliyyətsiz yanaşanlar ballarını itirəcəklər. Qalan müddətdə ilk imtahanda səhvə yol verdikləri mövzuları təkrar etməli, daha çox test tapşırıqları üzərində işləməlidirlər".

Ekspert bildirib ki, I ixtisas qrupunda müsabiqə yenə də gərgin olacaq:

"Ehtimallarıma görə, I qrupun kimya alt qrupunda keçid balları artacaq. İnformatika alt qrupunda da çox kəskin olmasa da, müəyyən artım gözlənilir. IV qrupda bəzi ixtisaslarda bal enməsi ola bilər. Lakin tibb, stomatologiya, biotexnologiya və psixologiya kimi prestijli ixtisaslarda müəyyən artım mümkündür. Bu isə universitetdən asılı olaraq dəyişəcək. Məsələn, Azərbaycan Tibb Universitetində müəyyən bal artımı ola bilər".

Təhsil eksperti Ramin Nurəliyev isə hesab edir ki, II və III qruplar üzrə ikinci cəhd imtahanı ümumilikdə orta çətinlik səviyyəsində olub.

Onun sözlərinə görə, abituriyentlər arasında fərqli fikirlər səslənsə də, müəllimlərin ümumi qənaəti imtahanın əvvəlki blok imtahanından ciddi şəkildə fərqlənmədiyini göstərir:

"İmtahana girən abituriyentlərin bəziləri sualların çətin, bəziləri isə asan olduğunu deyirlər. Fənlər üzrə də fərqli yanaşmalar var. Müəllimlərin fikrinə əsasən, birinci cəhdlə müqayisədə çox cüzi fərq var. Ümumilikdə imtahan əvvəlki blok imtahanı ilə eyni səviyyədə olub".

Ekspert bildirib ki, bəzi fənlər üzrə fərqli qiymətləndirmələr aparılıb:

"Bir qədər ədəbiyyat suallarının çətin olduğu qeyd edilir. Azərbaycan dili fənni o qədər də çətin olmayıb. Tarix fənni isə demək olar ki, birinci cəhd imtahanındakı səviyyədə olub. Ümumi təhlillər göstərir ki, II və III ixtisas qrupları üzrə ikinci cəhd blok imtahanı orta səviyyədə keçib".

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Sankt-Peterburq OD İÇİNDƏ - Ukraynadan dəhşətli hücum - Media Turk TV