Ali məktəblərə ixtisas seçimi mərhələsinin yaxınlaşdığı bir vaxtda abituriyentləri maraqlandıran əsas suallardan biri də son illərdə hansı ixtisasların populyarlığını qoruduğu və hansılarına marağın artdığıdır.
Təhsil eksperti Elmin Nuri Modern.az-a açıqlamasında bildirib ki, bu suala ümumi şəkildə deyil, ixtisas qrupları üzrə yanaşmaq daha doğru olar. Onun sözlərinə görə, son 10 ildə hər qrup daxilində fərqli tendensiyalar formalaşıb.
Ekspert qeyd edib ki, ən ciddi dəyişiklik I ixtisas qrupunda baş verib. Əvvəllər yalnız riyaziyyat-kimya istiqamətindən ibarət olan qrup sonradan riyaziyyat-informatika alt qrupu ilə genişlənib və bu dəyişiklik İT sahəsinin sürətli inkişafı ilə üst-üstə düşüb.
"Bu günün və gələcəyin peşələri hesab olunan informasiya texnologiyaları istiqaməti artıq birinci ixtisas qrupunda lider mövqeyə yüksəlib. Riyaziyyat-informatika alt qrupunda kompüter mühəndisliyi və informasiya təhlükəsizliyi ixtisasları təxminən son 10 ildə populyarlığını qoruyur və abituriyentlərin ən çox üstünlük verdiyi istiqamətlər sırasındadır", – deyə Elmin Nuri bildirib.
Onun sözlərinə görə, riyaziyyat-kimya alt qrupunda isə neft və qaz mühəndisliyi uzun illərdir liderliyini saxlayır.
"Bu ixtisas hələ sovet dövründən etibarən nüfuzlu hesab olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində neft və qaz mühəndisliyi üzrə dünyanın müxtəlif ölkələrindən tələbələr təhsil alıblar. Bu gün də həmin ixtisas öz aktuallığını itirməyib. Bununla yanaşı, riyaziyyat müəllimliyi, fizika və kimya mühəndisliyi kimi istiqamətlər də yüksək maraq görür", – ekspert əlavə edib.
II ixtisas qrupu ilə bağlı danışan Elmin Nuri bildirib ki, iqtisadiyyat yönümlü ixtisaslar uzun illərdir öz mövqeyini qoruyur.
"Bu qrupda maliyyə ixtisası liderdir. Dövlət İmtahan Mərkəzinin keçid balları da bunu təsdiqləyir. Maliyyədən sonra iqtisadiyyat, beynəlxalq ticarət və logistika, biznesin idarə edilməsi, marketinq, menecment və mühasibatlıq kimi ixtisaslar da populyarlığını saxlayır. Son illərdə dövlət və bələdiyyə idarəetməsi ixtisasına maraq da əhəmiyyətli dərəcədə artıb", – o deyib.

Ekspertin sözlərinə görə, bu ixtisaslara qəbul plan yerləri artırılsa da, abituriyentlərin yüksək marağı səbəbindən keçid balları da yüksəlməkdə davam edir.
"Məsələn, UNEC-də maliyyə ixtisası Azərbaycan, türk və ingilis dillərində tədris olunur. Xüsusilə ingilis bölməsində bu ixtisasa qəbul olmaq üçün çox yüksək bal tələb edilir", – Elmin Nuri vurğulayıb.
III ixtisas qrupuna toxunan ekspert bildirib ki, burada ənənəvi olaraq hüquqşünaslıq və müəllimlik istiqamətləri ön sıradadır.
"Bu qrupda hüquqşünaslıq, beynəlxalq münasibətlər, davamlı inkişaf və davamlı inkişafın idarəedilməsi kimi ixtisaslar yüksək maraq doğurur. Bununla yanaşı, son illərdə tarix ixtisasına marağın artması keçid ballarında da özünü göstərir. Xarici dil müəllimliyi, xüsusilə ingilis dili müəllimliyi də hər il ən çox seçilən və keçid balları yüksələn ixtisaslardan biridir", – ekspert qeyd edib.
IV ixtisas qrupu ilə bağlı danışan Elmin Nuri bildirib ki, burada vəziyyət uzun illərdir dəyişmir.
"Dördüncü ixtisas qrupunun əsas istiqaməti tibbdir. Bu qrupun ümumi mənzərəsini də məhz tibb ixtisasına olan yüksək maraq formalaşdırır. Tibb fakültəsinə qəbul dinamikası uzun illərdir sabit şəkildə yüksək olaraq qalır", – deyə o bildirib.
Ekspertin fikrincə, son 10 ildə ixtisas seçimində ən diqqətçəkən dəyişiklik informasiya texnologiyalarına marağın kəskin artması olsa da, hüquq, tibb, maliyyə və müəllimlik kimi klassik ixtisaslar da abituriyentlərin seçimində öz aparıcı mövqeyini qorumağa davam edir.