Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Artıq valideynlər övladları üçün məktəbli forması almağa başlayıblar. Bu günlərdə ən çox müzakirə olunan məsələlərdən biri isə formaların qiyməti ilə yanaşı, onların keyfiyyəti, hansı materialdan hazırlanması və harada istehsal olunmasıdır.
Valideynləri həmçinin müxtəlif satış məntəqələrində satılan məktəbli formalarının bir-birindən fərqi, Bakı Tikiş Evinin məhsullarının hansı mağazalarda satışa çıxarılması və bazardakı rəqabətin müəssisənin satışlarına təsiri maraqlandırır. Mövzu ilə bağlı Bakı Tikiş Evinin Satış şöbəsinin müdiri Etibar Əzimov Modern.az-ın suallarını cavablandırıb.
O bildirib ki, hazırda müəssisənin 8 satış mərkəzi fəaliyyət göstərir və əsas satış məhz həmin mağazalarda həyata keçirilir:
“Bakı Tikiş Fabrikinin öz mağazalarında satış təşkil edirik. Hazırda səkkiz satış mərkəzimiz var. Bu mağazalarda yalnız bizim istehsal etdiyimiz məhsullar satılır, başqa satış məntəqələrinə demək olar ki, məhsul vermirik”.
Etibar Əzimovun sözlərinə görə, əvvəlki illərdə məhsullar “Bravo” və digər ticarət şəbəkələrinə də təqdim olunub. Lakin bu satış formatı müəssisənin gözləntilərini doğrultmayıb:
“Məktəbli formalarının satışı bizim gözlədiyimiz səviyyədə təşkil olunmadı. Çünki onlar bizim kimi məhsulun satışını istədiyimiz formada həyata keçirə bilmirlər. Bundan başqa, həmin mağazalarda alınan məhsulların geri qaytarılması məsələsi də yaranır”.
O qeyd edib ki, məktəbli formalarının mövsümi məhsul olması səbəbindən istehsal edilən geyimlərin növbəti ilə saxlanılması müəssisə üçün sərfəli deyil. Buna görə də əsas satış öz mağazalarında həyata keçirilir.
Məktəbli formalarının hansı materiallardan hazırlandığı da valideynlərin əsas suallarındandır. Etibar Əzimov bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən, şalvar, ətək və jaketlərin tərkibi 60 faiz yun, 40 faiz polyester, polo köynəklərin tərkibi isə 100 faiz pambıq olmalıdır.
Onun sözlərinə görə, şalvar, ətək və jaketlər üçün istifadə olunan parçalar Belarus və Türkiyədən, polo köynəklərin parçası isə Özbəkistandan gətirilir. Məhsulların tikilişi isə Azərbaycanda həyata keçirilir.
Satış şöbəsinin müdiri bildirib ki, qiymətlər istifadə olunan parçaların və digər istehsal xərclərinin dəyəri əsasında müəssisənin qiymət şöbəsi tərəfindən müəyyənləşdirilir.
“Hazırda səkkiz mağazamızın hamısında məhsullar var. Müxtəlif ölçülər, 26-dan 54-ə qədər, mövcuddur”.
Əzimov vurğulayıb ki, ölçülərdən hər hansı birinin azalması barədə mağazalardan anbara məlumat daxil olur. Daha sonra sifariş hazırlanır, parça biçim sexinə, oradan isə tikiş sexinə göndərilir və hazır məhsul yenidən anbara qaytarılır. Bəzi geyim mağazalarında ucuz məktəbli formalarının satılması isə rəqabəti artırır.
“Məktəbli formaları müxtəlif yerlərdə - bazarlarda, vağzallarda, avtobus dayanacaqlarında, hətta müxtəlif kiçik mağazalarda da satılır. Bu baxımdan rəqabət var. Lakin bizim əsas üstünlüyümüz məhsulun keyfiyyətinə nəzarət etməyimizdir”, - deyə Əzimov bildirib.
O, valideynlərə məktəbli forması alarkən yalnız qiymətə deyil, məhsulun mənşəyinə və tərkibinə də diqqət yetirməyi tövsiyə edib.
“Mənşəyi və tərkibi məlum olmayan, çox aşağı qiymətə satılan məktəbli formalarının uşaqlar üçün nə dərəcədə təhlükəsiz olduğu sual doğurur. Üç-beş manata keyfiyyətli məktəbli forması istehsal etmək mümkün deyil”.
Əzimov qeyd edib ki, Bakı Tikiş Evi parçaları alarkən onların uyğunluq sertifikatlarını tələb edir və sertifikatsız materiallardan uşaqlar üçün məhsul istehsal etmir.
“Məktəbli formalarının hazırlanmasında istifadə olunan materialların müəyyən edilmiş standartlara uyğun olması vacibdir. Ona görə də valideynlər məktəbli forması alarkən yalnız qiymətə deyil, məhsulun mənşəyinə, materialına, keyfiyyətinə və uyğunluq sertifikatının olub-olmamasına da diqqət etməlidirlər”, - deyə o əlavə edib.
Nicat Rüstəm