Abituriyentlik dövrünün həyəcanı və gərginliyindən sonra arzuladığı balı toplayaraq tələbə adını qazanmaq hər bir gəncin həyatında unudulmaz mərhələdir. Ali məktəbə qəbul olunmaq yeni mühitin və böyük məsuliyyətlərin başlanğıcı deməkdir.
Modern.az ölkənin müxtəlif universitetlərinə yüksək balla qəbul olunan bir neçə birinci kurs tələbəsi ilə həmsöhbət olub. Onlar tələbə olduqları üçün sevindiklərini, gələcəyə inamla baxdıqlarını deyiblər.

Röya Tağızadə Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) 651 balla qəbul olunub və informasiya texnologiyaları ixtisası üzrə təhsil alır:
“Arzum UNEC-də təhsil almaq idi. Seçimimdən peşman deyiləm. Buradakı mühit çox yaxşıdır, müəllimlər və tələbələr mehribandırlar. Zaman keçdikcə dərslərin çətinləşdiyini müşahidə edirəm. Ancaq düşünürəm ki, oxusam, hər şeyin öhdəsindən gələ bilərəm. Əvvəlcədən araşdırıb gəldiyim üçün universitetlə bağlı fikirlərim dəyişməyib. Əksinə, xoşbəxtəm ki, bu gün arzuladığım universitetdə təhsil alıram”.

Erhan Səfərli isə ADA Universitetinə 633 balla qəbul olunub və hüquq ixtisası üzrə təhsil alır:
“Universitetimi gündən-günə daha yaxından tanıyır və ona heyran oluram. Abituriyent vaxtı universitet həyatının necə olduğunu çox düşünmüş, xəyallar qurmuşam. Bu gün universitetimin mühiti xəyallarımdan da gözəldir. Yoldaşlarımla vaxt keçirmək, tələbə proqramlarında, mədəni və elmi tədbirlərdə iştirak etmək çox maraqlıdır. ADA-da film nümayişləri keçirilir, müxtəlif proqramlar təşkil olunur. Bu tədbirlərdə iştirak edərkən daha çox insan tanıyır, yeni dostlar qazanırıq və tələbə çevrəmiz genişlənir.
Açığı, qəbul olmazdan əvvəl müəllimlər, tanışlar və universitetin məzunları dərslərin çətin olduğunu deyərək məni qorxudurdular. Ancaq bu gün görürəm ki, müəllimlərimizin və təhsil sisteminin dəstəyi ilə çətinliklərin öhdəsindən gəlmək mümkündür”.

Elvira Bekirova 631 balla qəbul olduğu Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alır:
“Universitetə qəbul olanda məni yeni biliklərin və macəraların gözlədiyini düşünürdüm. İxtisasıma dərindən yiyələnmək, yeni dostlar qazanmaq və daha özünəinamlı insan olmaq üçün məhz ATU-nu seçdim. Universitet müəyyən mənada gözləntilərimi qarşılayır. Qəbul olmazdan əvvəl də bu yolun çox çətin və məsuliyyətli olduğunu bilirdim. Amma düşünürəm ki, xəyallarım və arzularım üçün bu çətinliklərə qatlanmağa dəyər.
Demək olar ki, hər gün yeni insanlarla tanış olur, daim özümü inkişaf etdirməyə çalışıram. Ümid edirəm ki, gələcəkdə universitet mühitinə daha yaxşı uyğunlaşacağam.
Bilirəm ki, hələ yolun başındayam və yaşayacağım, təcrübə qazanacağım çox şey var. Ona görə də hər şeyin mükəmməl olmasını gözləmirəm. Çünki hər bir təcrübə yeni biliklər deməkdir”.

Əli Manafov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə 601 balla qəbul olunub və kimya mühəndisliyi ixtisası üzrə təhsil alır:
“Universitetə qəbul olduğum zaman əsas gözləntim seçdiyim ixtisas üzrə keyfiyyətli təhsil almaq, peşəkar müəllimlərdən bilik qazanmaq və universitet mühitinə uyğunlaşmaq idi.
Dərslər, seminarlar, müəllimlərlə ünsiyyət, qrup işləri və universitetdəki gündəlik həyat mənim üçün yeni və maraqlı təcrübələrə çevrilib. Hər gün ixtisasımla bağlı yeni bir şey öyrəndikcə düzgün seçim etdiyimə daha çox əmin oluram.
Tələbəlik düşündüyümdən daha çox məsuliyyət tələb edir. Bununla yanaşı, dostluqlar, yeni təcrübələr və özünü kəşf etmək baxımından çox maraqlı dövrdür.
Əvvəllər universiteti sadəcə dərslərdən və imtahanlardan ibarət bir mərhələ kimi düşünürdüm. İndi isə anlayıram ki, universitet həm də ünsiyyət qurmaq, məsuliyyət daşımaq, yeni təcrübələr qazanmaq və gələcək üçün özünü formalaşdırmaqdır”.

Mehriban Mikayıllı isə Türkiyə-Azərbaycan Universitetinə 610,8 balla qəbul olunub və kompüter mühəndisliyi ixtisası üzrə təhsil alır:
“Türkiyə-Azərbaycan Universitetinə qəbul olanda düşünürdüm ki, bu universitetin ikili diplom proqramı mənə geniş imkanlar və üstünlüklər qazandıracaq. Həm Azərbaycan Texniki Universitetinin, həm də Orta Doğu Texniki Universitetinin diplomunu alacağım üçün çox məmnunam. Türkiyənin beynəlxalq səviyyədə tanınan universiteti olan ODTÜ-nün təhsil proqramı üzrə oxumaq gələcək karyerama və peşəkar mühəndis kimi yetişməyimə müsbət təsir edəcək.
Çox xoşbəxtəm ki, Türkiyə-Azərbaycan Universiteti bütün gözləntilərimi qarşılayır. Buradakı yüksək səviyyəli təhsil, beynəlxalq standartlar və peşəkar müəllim heyəti mənim üçün çox dəyərlidir.
Tələbəlik həyatı müəyyən qədər xəyallarıma uyğundur. Fərqli mühitdə olmaq, yeni insanlarla tanış olmaq özümü inkişaf etdirmək üçün çox yaxşı fürsətdir. Amma əlbəttə ki, müəyyən çətinliklər də var.
Qəbul olduğum ilk vaxtlarla müqayisədə bəzi fikirlərim dəyişib. Universitet həyatının təsəvvür etdiyim qədər asan olmadığını anladım. Fərqli təhsil sistemi əvvəlcə mənə maraqlı, qeyri-adi və müəyyən qədər çətin gəldi. Lakin düşünürəm ki, təhsilimi bitirdikdən sonra alacağım iki diplom bütün çətinlikləri mənə unutduracaq”.
Tələbələrin fikirlərindən görünür ki, universitet həyatı onlara yeni dostluqlar və təcrübələr qazandırmaqla yanaşı, daha böyük məsuliyyət də tələb edir. Onlar qarşılaşdıqları çətinlikləri aradan qaldırmağa və seçdikləri ixtisas üzrə inkişaf etməyə çalışırlar.